NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Uşaqlıq xatirələrimin qəhrəmanı

...

Mən gözümü açandan dayımı hərbi formada görmüşəm. O bu formanı, sadəcə, peşə sahibi olsun deyə əyninə geyinməmişdi. Onun hər hərəkətində, hər baxışında Vətənə olan sevgi, xalqa olan bağlılıq hiss olunurdu. Uşaqlıqdan onun Vətən haqqında danışdıqları, torpağın dəyəri haqqında söylədikləri mənim yaddaşıma həkk olunub. Dayım üçün Vətən sevgisi təkcə sözlərdə deyil, əməldə idi. O, əynində forma, qəlbində bayraqla yaşayırdı. Bizim aramızda cəmi 5 yaş fərq var – biz dayımla dost, sirdaş kimi idik. Nənəm demişkən, sonbeşik dayım həm də çox sadə, mehriban bir insan idi. Hər dəfə evə gələndə gedib onun hərbi formasını götürür, papağını başıma qoyurdum. O bunu görəndə sevinirdi, deyirdi ki, sən də Vətəni sev, bayrağı əziz bil. 
Dayım Əli Babayev 14 noyabr 1997-ci ildə Şərur rayonunun Danyeri kəndində anadan olub. Nənəmin sözlərinə görə, dayımın elə uşaqlıqdan tək arzusu Vətənə xidmət etmək idi. Elə bu səbəbdən o, məktəbdə də idmanla məşğul olur, dərslərini yaxşı oxuyurdu ki, zabit ola bilsin. Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə yüksək balla daxil olub. Orada təhsil aldığı illərdə göstərdiyi yüksək nəticələrə və nümunəvi davranışlarına görə dəfələrlə təşəkkürnamələrlə təltif olunub. Liseyi bitirdikdən sonra o, Bakı şəhərində təhsilini davam etdirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarında həqiqi hərbi xidmətə başladı. Bizdən ayrılıb getsə də, ürəyimiz həmişə onunla idi. Vaxt olduqca onunla telefonla danışardıq. Danışan zaman tək arzusundan söhbət açardı, deyirdi ki, “Dua edin gedim Ankarada hərbi təhsil alım”. Onun bu arzusu da bizim arzumuza çevilmişdi. Və nəhayət ki, dayım ölkələrarası imtahanda yüksək nəticə göstərərək Türkiyənin Ankara şəhərində yerləşən hərbi məktəbə qəbul oldu. 
Onun bu uğuru bizim uğurumuza çevrilmişdi. Bir müddət orada təhsil alıb, Vətənə qayıdıb təhsilini burada tamamladı. O, təhsilini başa vurduqdan sonra leytenant rütbəsini aldı. Dayımın bizdən bu qədər uzaqda yaşamasına alışmamışdım, amma onun xəyallarının ardınca getməsi qürur hissi doğururdu. Onun bu cəsarətinə baxdıqca mən də cəsarət toplayırdım. Çünki 2020-ci ildə mənim özüm də məktəbi bitirib və ali məktəbə sənəd verməyə hazırlaşırdım. Dayım hər dəfəsində mənə zəng edib “Sən bacaracaqsan, sənə inanıram”, – deyirdi. Mən də bu motivasiyadan cəsarətlənib hazırlaşırdım. 2020-ci ilin mənim üçün uğurlu il olduğuna inanırdım, bu ilk xəbəri də elə məhz dayıma sevinclə dedim. Dayımla elə son danışmağımız oldu.
27 sentyabr bizim üçün çətin gün oldu, dayımla əlaqə saxlaya bilmirdik. Onun gəlişini, hətta zəngini səbirsizliklə gözləyirdim. Çünki inanırdım ki, qayıdacaq, zəng edəcək. Bir gün atamın zəngi məni kədərə boğdu, hələ də inanmırdım, ta ki bayrağa sarılmış tabutla hərbçilərin çiynində gələnədək. O hissi heç vaxt izah edə bilmərəm.
Dayım hər zaman vətənpərvərliyi ilə seçilirdi. Vətən sevgisi onun hər davranışında, hər sözündə hiss olunurdu. O, şəhidlik zirvəsinə ucalandan sonra döyüş yoldaşları bizə gəlir, onun haqqında danışırdılar. Deyirdilər ki, dayım müharibə başlayan kimi bir an belə tərəddüd etmədən silaha sarılıb, döyüşə yollanıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib. Dayımın döyüş meydanındakı cəsarəti, qorxmazlığı təkcə əsgər yoldaşlarının deyil, hər kəsin qürur mənbəyinə çevrilib. Onun göstərdiyi qəhrəmanlıq bizim üçün fəxrdir. Çünki şəhidlər ölmür, onların adı xalqın yaddaşında əbədi həkk olunur.
Şərur Şəhidlər xiyabanında dəfn olunan dayımın məzarını tez-tez ziyarət edirəm. Hər dəfə ziyarət zamanı qəlbim kədərlə dolsa da, içimdə böyük bir qürur hissi baş qaldırır. Mən onunla fəxr edirəm. Hər dəfə adını çəkəndə gözüm dolur, amma qürurla “O bu Vətən uğrunda şəhid olub”, – deyirəm. Dayımın keçdiyi döyüş yolu, göstərdiyi fədakarlıq biz gənclərə örnəkdir. O bizə göstərdi ki, Vətəni qorumaq, sadəcə, borc deyil, eyni zamanda şərəfdir. Onun kimi igidlərin sayəsində bu gün biz başımız dik, torpaqlarımız azad şəkildə yaşayırıq. Əminəm ki, dayımla birgə bütün şəhidlərimizin ruhu rahatdır. Çünki onların qanı yerdə qalmadı, Azərbaycan Ordusu qalib gəldi, torpaqlarımız düşməndən azad edildi. Dayım həm bir qəhrəman, həm də əbədiyyətə qovuşmuş bir tarixdir. Vətən savaşında göstərdiyi rəşadətə görə təltif edildiyi “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları, “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni onun kimi oğullara verilən ən böyük dəyərlərdəndir. 
Danyeri kəndində “İki dost – iki şəhid” adlı bir bulaq var. Bu bulaq təkcə Əli Babayevin deyil, onun silah yoldaşı və yaxın dostu olan şəhid Elşən Məmmədovun adını da yaşadır. Hər iki qəhrəmanımız bu torpaq uğrunda çiyin-çiyinə döyüşüb, birlikdə şəhid olublar. Onların adına salınan bu bulaq Vətənə sədaqətin, dostluğun və qəhrəmanlığın simvoludur. Onlar şəhid oldular ki, torpaqlarımız azad olsun. Onlar canlarından keçdilər ki, biz sabaha ümidlə baxaq. Bu gün biz rahat nəfəs alırıqsa, bunu Əli dayım kimi igidlərə borcluyuq. Ruhun şad olsun, şəhidim. Adın, xatirən və qəhrəmanlığın qəlbimizdə əbədi yaşayacaq.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 23.09.2025 09:05