Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvanda Novruz qabağı keçirilən bayramlardan biri də Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Xalq arasında bu bayram “qışın oğlan çağında” deyilən bir vaxtda, Kiçik çillənin onuncu günündə, Novruz bayramına altı həftə qalmış qeyd edilir. Qış hələ tam getməsə də, insanlar məhz bu gün ümid etməyə başlayar, soyuğun içində baharı gözləyərdilər. Xıdır bayramı da elə bu gözləntinin bayramıdır. Bu bayram mənim uşaqlıqdan yaddaşımda qalan bir xatirədir. Xatırlayıram ki, nənəm Xıdır bayramını həmişə böyük sevinclə qarşılayardı. Bu sevinc adi bayram sevinci deyildi, sanki həmin gün evə bərəkətlə yanaşı, yeni bir ümid gələrdi.
Balacalıqdan Xıdır bayramı ilə bağlı ağlımda qalan ən əsas məqam isə nənəmin Xıdır günü yeddi neməti (buğda, qoz, fındıq, badam, küncüt, noxud və qarğıdalı) qovurması idi. Bu nemətləri ocağın üstündə qovurarkən mətbəxi bürüyən ətir bayramın başladığını xəbər verərdi. Ardınca nənəm nəvələrini başına yığar bizim üçün həmin nemətlərdən qovut hazırlayardı. O sadəcə, yemək deyildi – paylaşmaq, birgəlik kimi dəyərlərin qorunması idi. O vaxtlar bu adətlərin mənasını tam anlamırdım. İndi isə anlayıram ki, nənəm bu bayram vasitəsilə bizə bolluqdan çox inam aşılayırdı.
Bütün evlərdə olduğu kimi, biz də stolun üstünü müxtəlif şirniyyatlarla bəzəyirdik. Bu süfrə evə bayram ovqatı gətirərdi. Axşam düşəndə biz də digər uşaqlar kimi, qonşuların qapısını döyüb “Xıdıra xıdır deyərlər, Xıdırın payını verərlər” söyləyib dərhal gizlənərdik.
Bununla yanaşı, adət zamanı uşaqların söylədiyi xüsusi misralar da vardı:
Çatma, çatma, çatmaya,
Çatma yerə batmaya.
Xıdırın payın kəsənin,
Ayağı yerə çatmaya.
Bayram adətinə görə, atılan papağa ev sakinləri Xıdır payı ilə yanaşı, şokolad və müxtəlif şirniyyatlar qoyardılar. Bizim üçün bu sadəcə, pay toplamaq deyildi. O gecə küçələrdə uşaqların gülüşü, evlərdə sevinc hissi dolaşardı. Bu ənənə Xıdır bayramının həm əyləncə, həm də birliyi, paylaşma ruhunu əks etdirən tərəfini göstərirdi. Hər qapı döyüləndə, hər papaq atılanda bayramın ruhu bir evdən o birinə keçirdi.
Tədqiqatçıların araşdırmalarından məlum olur ki, Xıdır Nəbi, yaxud Xıdır İlyas Naxçıvan diyarının qədim tarixə malik və el arasında geniş yayılmış mərasimlərindən biridir. Bu bayram hər il fevral ayının 9-u, 10-u, bəzi kəndlərdə isə 14-ü və 15-i Xıdır İlyasın doğulduğu gün kimi qeyd edilir. Mərasim, eyni zamanda fevralın 1-dən 20-dək davam edən Kiçik çillə dövrünə təsadüf edir. Xıdır Nəbi bayramı, əsasən, Naxçıvan, Tovuz, Qazax və digər bölgələrdə müxtəlif adlarla – Xıdır İlyas, Xıdır Zində kimi qeyd olunur. Hər bir rayonda Xıdır bayramı fərqli adət-ənənələrlə qeyd olunur. Bizim bölgədə isə bayram səhər tezdən oyanmaq və Xıdırla yanaşı, plov süzməklə başlayardı. Bu yemək adi süfrə üçün yox, inam üçün bişirilərdi. Plov Xızır Peyğəmbərin adına niyyət edilərək hazırlanardı. İnanca görə, Xıdır axşamı Xızır Peyğəmbərin evlərə gələcəyi və Xıdır payına ayaq basacağı ümid edilərdi. Buna görə gecə xüsusi bir qabda qovut hazırlanıb kənara qoyulardı. Bayramın səhəri kim tez oyanıb həmin qaba baxsa və orada ayaq izi görsəydi, bu niyyətin qəbul olunduğuna işarə sayılırdı. Həmin gün niyyətlə qurban kəsilərdi. Bu adətlər yalnız bayram deyil, insanların bir-birinə və sabaha olan inamının göstəricisi idi. Yurdumuzun bir-birindən maraqlı adət-ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi bizim üçün milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Xıdır bayramı da bu dəyərlərin bariz nümunələrindəndir. Arzu edirik ki, bu bayram bütün evlərə bol ruzi və bərəkət gətirsin.
Zəhra VƏLİYEVA
Digər xəbərlər