NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Uşaqlarımız təsadüfə yox, istiqamətə möhtacdır

...

Uşağın gələcəyi bəzən böyük qərarlarla yox, kiçik və görünməz saatlarla müəyyən olunur. O saatlar ki “boş vaxt” adlandırırıq. Əslində isə həmin vaxt nə boşdur, nə də əhəmiyyətsiz. Uşağın xarakteri, dünyagörüşü, maraq dairəsi və hətta gələcək peşə seçimi məhz bu zaman kəsiyində formalaşır. Müasir dövrdə boş vaxt anlayışı ciddi dəyişib. Küçədə oynayan, kitab oxuyan, idmanla məşğul olan uşağın yerini çox vaxt ekran qarşısında susqun oturan uşaq əvəz edib. Valideyn üçün bu sakitlik rahatlıq kimi görünə bilər. Amma bu bəzən görünməyən təhlükənin səssiz başlanğıcıdır.
Telefon və planşet uşağın enerjisini müvəqqəti söndürür, amma onun təfəkkürünü inkişaf etdirmir. Məqsədsiz və nəzarətsiz virtual vaxt diqqət dağınıqlığı, aqressiya, ünsiyyət zəifliyi və asılılıq yarada bilər. Ən təhlükəlisi isə budur: uşaq real həyatdan uzaqlaşır, emosional bağları zəifləyir və tədricən öz dünyasına qapanır. Burada əsas məsuliyyət valideynin üzərinə düşür. Uşağa, sadəcə, “etmə” demək kifayət deyil. Valideyn alternativ təqdim etməlidir. Boş vaxt planlaşdırılmalıdır. İdman, incəsənət, kitab mütaliəsi, ailəvi müzakirələr, yaradıcılıq məşğələləri bütün bunlar uşağın daxili potensialını oyadan vasitələrdir.
Bu məsələ təkcə ailə daxilində həll olunacaq problem də deyil. Məktəblər, ictimai qurumlar, media və cəmiyyət, bütövlükdə, uşaqların boş vaxt mədəniyyətinin formalaşmasında rol oynamalıdır. İdman zalları, yaradıcılıq mərkəzləri, kitabxanalar uşaqlar üçün əlçatan və cəlbedici olmalıdır. Əgər uşağa sağlam alternativ təqdim edilməzsə, o ən asan və əlçatan yolu – ekranı seçəcək. Boş vaxtın düzgün təşkil edilməməsi təkcə fərdi problem deyil, gələcək üçün sosial riskdir. Məqsədsiz böyüyən uşaq sabah cəmiyyətə inteqrasiya etməkdə çətinlik çəkə bilər. Diqqət dağınıqlığı, səbirsizlik, ünsiyyət bacarıqlarının zəifləməsi artıq bir çox valideynin müşahidə etdiyi reallıqdır. Bu, səssiz və yavaş gedən prosesdir. Amma nəticələri illər sonra daha aydın görünür. Unutmaq olmaz ki, uşağın enerjisi istiqamət tələb edir. Enerji boşluqda qalanda ya aqressiyaya, ya da asılılığa çevrilir. İstiqamət veriləndə isə uğura və nailiyyətə yol açır. Valideyn övladına yalnız qayğı göstərməməli, həm də onun vaxtının dəyərini öyrətməlidir. Çünki vaxtı idarə etməyi bacaran uşaq gələcəyini idarə etməyi də bacaracaq.
Bu gün bir saatlıq nəzarətsiz ekran vaxtı kiçik görünə bilər. Amma həmin saatlar illərlə toplanaraq bir vərdişə çevrilir. Vərdiş xarakter formalaşdırır, xarakter isə taleyi müəyyən edir. Unutmayaq ki, uşaq diqqət və maraq axtarır. Əgər o bunu ailədə tapa bilməzsə, virtual aləmdə tapmağa çalışacaq. Halbuki, birgə keçirilən yarımsaatlıq səmimi söhbət saatlarla ekran vaxtından daha dəyərlidir. Valideyn nəzarəti qadağa ilə yox, maarifləndirmə ilə qurulmalıdır. Sərt məhdudiyyət gizli istifadəyə səbəb ola bilər. Amma izah, inam və düzgün istiqamət uşağın şüurlu seçim etməsinə kömək edir. Ən əsası, valideyn özü nümunə olmalıdır. Çünki uşaq deyilənləri yox, gördüklərini təkrarlayır. Boş vaxt uşağın gələcəyinə yazılan səssiz proqramdır. Bu proqramı ya təsadüf yazacaq, ya da valideyn. Seçim bizimdir. Uşaqlarımız mənasız vaxt itirməyə deyil, sağlam inkişaf etməyə, zərərli təsirlərə deyil, bilik və bacarıq qazanmağa, təsadüfi istiqamətlərə deyil, məqsədli həyata layiqdirlər. Onların gələcəyi bugünkü boş saatların necə dəyərləndirilməsindən başlayır.

Günay HACIYEVA

Nəşr edilib : 27.03.2026 10:02