NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Uşaqlar məktəbə necə adaptasiya olmalıdır?

...

​Məktəbə yeni başlayan hər bir uşağın həyatında yeni bir addım atılır. Bu həm valideynlər, həm də övladlar üçün sevindirici haldır. Lakin uşaqlar üçün bu proses bəzən çətin, qorxulu görünə bilər. Çünki ilk dəfə ailə mühitindən ayrılaraq müəllimlərlə, sinif yoldaşları və tamamilə fərqli bir mühitlə qarşılaşırlar. Dərslər, tanımadıqları insanlar balaca məktəblilər üçün həm həyəcanverici, həm də bir qədər narahatedici ola bilər. Bəs uşaqların məktəbə adaptasiyası necə aparılmalıdır? Valideynlər müvəqqəti çətinlikləri aradan qaldırmaq üçün nə etməlidirlər?

Bu və bu kimi sualların cavabını öyrənmək üçün psixoloq Sevil Quliyeva ilə həmsöhbət olduq. O bunun əsas səbəbinin valideynlər olduğunu vurğuladı: “Uşaqları məktəbə başlamazdan əvvəl valideynlərin məktəbin nə olduğunu, orada nə baş verəcəyini sadə və pozitiv dillə izah etməsi vacibdir. Çünki bu hal uşaqda xoş həyəcan və ya məktəbə getmək istəyi yaradacaq. Əgər imkan olarsa, uşağı məktəblə, müəllimlə və hətta sinif yoldaşları ilə əvvəlcədən tanış etmək faydalıdır. Uşaqların məktəbə uyğunlaşmasına köməklik edən əsas səbəb valideynlərdir. Onlar uşaqları gündəlik rejimə uyğunlaşdırmalıdırlar”.

Psixoloqun sözlərinə görə, uşağın hisslərini qəbul etmək lazımdır. Uşaq narahatlığını, qorxusunu ifadə edəndə “Qorxma, hər şey yaxşı olacaq”, deməkdənsə, onu dinləyib hisslərini anlamaq daha təsirlidir: “Uşaqların əsas qorxusu valideynlərindən ayrılıq qorxusudur. Xüsusilə ana ilə emosional bağlılığı güclü olan uşaqlarda bu qorxu şübhəsizdir. Bununla yanaşı, yeni insanlar, qaydalar və fiziki mühit uşağın narahatlığını artıra bilər. Bəzi uşaqlar sakit bir mühitdə böyüyübsə, ünsiyyət prosesi aşağıdırsa, həmin uşaqlar dostluq qurmaqda və qrup fəaliyyətlərinə qoşulmaqda çətinlik çəkə bilər”.

O zaman buradan belə bir sual yaranır: Uşaqların məktəbə adaptasiyası nə qədər vaxt tələb edir? “Adaptasiya müddəti uşaqdan-uşağa dəyişir və bu bir çox amillərdən asılıdır: orta müddət 2-8 həftə arasıdır. Lakin bəzi hallarda bu proses 3-4 aya qədər də uzana bilər. Uyğunlaşma prosesində əsas amil ailə mühiti və valideyn dəstəyidir. Bununla yanaşı, müəllimin uşağa yanaşma tərzi və sinfin psixoloji mühiti əsas amillərdəndir. Əgər uşağın artıq əvvəlcədən bağça təcrübəsi varsa, adaptasiya prosesi daha qısa çəkə bilər”.

Müsahibimiz onu da bildirdi ki, uşaqların 5-6 yaş dövrü məktəbə başlamaq üçün uyğun sayılır, çünki onların sosial bacarıqları bu yaş dövründən inkişaf etməyə başlayır və kollektiv fəaliyyətə daha açıqdırlar: “3-4 yaşlı uşaqlarda ayrılıq qorxusu çox güclü olur, anaya bağlılıq yüksəkdir. Bu yaşdakı uşağın bağçaya uyğunlaşması daha çətin prosesdir. Amma buna baxmayaraq, bağçaya gedən uşaqlar məktəbə qədəm qoyarkən daha tez adaptasiya olurlar. Əgər uşaq ilk dəfə 7+ yaşda məktəbə gedirsə, həmyaşıdlarından geridə qalma hissi və sosial təcrid qorxusu yaranır”.

Bu da vurğulanmalıdır ki, bəzən uşaqlar məktəb qorxusu olduğu üçün məktəbə getmək istəmirlər. Bəs məktəbə getmək istəməyən uşaqlara valideynlər necə davranmalıdır? Sevil Quliyeva qeyd etdi ki, uşaqları məcbur etmək, danlamaq və ya qorxutmaq (məsələn, “Getməsən cəzalandırılacaqsan”) uşağın məktəbə olan qorxusunu bir qədər də artırır: “Hətta bəzən valideynlərin uşağın hisslərini kiçiltməsi (“Nə olacaq ki, hamı gedir”) onun özünü anlaşılmamış hiss etməsinə səbəb olur. Düzgün yanaşmaları belə izah etmək olar ki, uşağa qarşı empati göstərmək, “Məktəbə getmək istəmədiyini görürəm. Bu sənin üçün çətin ola bilər. Gəl danışaq, nədən narahatsan?” kimi cümlələr uşağın hisslərini qəbul etdiyinizi göstərir. Bununla yanaşı, getmək istəməməsinin əsas səbəbini öyrənmək lazımdır. Uşaq məktəbdə bir müəllimdən, şagird yoldaşından və ya qiymətləndirmədən qorxa bilər. Bu səbəbləri üzə çıxarmaq vacibdir”.

Məktəb qorxusu uşağın məktəbdən qeyri-adekvat dərəcədə qorxması və məktəbə getməkdən imtina etməsidir. Bəzən bu qorxu fiziki simptomlarla müşahidə olunur: qarın ağrısı, ürək bulanma, baş ağrısı (psixosomatik reaksiyalar). Valideynlər uşağa məktəbə getməyin məcburiyyət olduğunu yox, öyrənmək və dostlarla vaxt keçirmək kimi təqdim etməlidir. Əgər uşaq uzun müddət məktəbə getməkdən imtina edirsə və qorxu daha da artırsa, uşaq psixoloqundan dəstək almaq tövsiyə olunur.

Psixoloq sonda onu da qeyd etdi ki, məktəbə adaptasiya dövrü uşaqların gələcək təhsil həyatında mühüm rol oynayır. Ona görə də valideynlərin dəstəyi, müəllimlərin diqqəti və uşaqların psixoloji durumunun nəzərə alınması bu mərhələdə xüsusi əhəmiyyət daşıyır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 07.09.2025 18:30