Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvanlıların çoxu yay axşamlarını şəhərin mərkəzində yerləşən Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında keçirir. Naxçıvanlılar buraya “uşaq şəhərciyi” də deyirlər. Parka kiçikdən-böyüyə hər kəs sevə-sevə üz tutur, uşaqlar əylənir, böyüklər isə mənalı istirahətdən zövq alırlar. Bu məkan axşam saatlarında bir başqa gözəlliyə qərq olur. Biz də axşam saatlarına doğru üz tuturuq sözügedən məkana. İşdən çıxan valideynlər övladları ilə birgə buraya gəlirlər. Çox keçmir ki, parkda canlanma hiss olunur, əsl yay istirahətinin səsi duyulur. Uşaqlardan kimi yelləncəkdə yellənir, kimi sürüşkəndə sürüşür, kimisi də onlar üçün quraşdırılan attraksionlarda əylənir.
Valideynlər skamyalarda oturub, ərazidə fəaliyyət göstərən iaşə xidmətlərindən yararlanır, övladlarının əylənmələrinə tamaşa edirlər. Bir sözlə, bu ünvan 50 ilə yaxındır ki, doğma naxçıvanlılarla birgə şəhərimizin qonaqlarının da ruhuna dinclik bəxş edir. Qeyd edək ki, Naxçıvan şəhərində yaradılan ilk əyləncə ünvanı da məhz bura olub: Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı.
Parkı gəzib dolaşdıqca bir-birindən maraqlı mənzərələrə şahid oluruq. Bir neçə dəqiqə ətrafı seyr etdikdən sonra yaxınlıqdakı skamyada əyləşən bir ailəyə yaxınlaşıram. Hal-əhval tuturam. Öyrənirəm ki, müsahibim Naxçıvan şəhərində yaşayan Nəzakət Nəbiyeva deyir: “Hər gün nəvələrimlə üz tutduğum bu məkanda şən, gülərüz, xoşbəxt balaları gördükcə öz uşaqlıq çağlarım yadıma düşür. Şəhərimizdə uşaqlar üçün əyləncə ünvanları çoxdur, parklar kifayət qədər var, lakin bu məkan mənim və ailə üzvlərimin daha çox xoşuna gəlir. Hətta bu gün buraya nəvəmin xoş gününü qeyd etmək üçün toplaşmışıq. Əvvəllər bu cür istirahət məkanları çox az idi. Şərait də belə deyildi. Xatırlayıram ki, mən də uşaq olanda ailəm məni bura oynamağa gətirərdi. Yadımdadır, parkın mərkəzində karusel də var idi. İndi parkın görkəmi bir xeyli dəyişib, buraya üz tutanların sayı da getdikcə artmaqdadır”.
Attraksionların birində əylənən uşaqlardan 13 yaşlı Məryəm Əlizadə deyir: “Bura mənim ən çox sevdiyim yerdir. Hər dəfə parka gələrkən ilk olaraq bu qayıqlara minirəm. Sonra sürüşkənə qaçıram”. Məryəmin üzündəki təbəssüm onun bu məkanda keçirdiyi xoş anların sözlərlə ifadə edilməyəcək qədər zəngin olduğunu göstərir.
Şıxmahmud kənd sakini Elnur Xudaverdiyev buraya övladı ilə gəlib. Gülümsəyərək danışır: “Uşaqlarla yanaşı, biz böyüklər də bu parkın sakitliyinə, səliqəsinə öyrəşmişik. Ətrafda görünən hər şey gözoxşayan, könülaçandır. Ən maraqlısı isə qayıqlarla gəzintidir. Övladımın hədsiz sevincinə səbəb olan bu əyləncə vasitəsinə yalnız bizim deyil, digər qonaqların da marağı çox böyükdür. Bizim uşaq da buranın gözəlliyinə o qədər məftun olub ki, evə qayıtmaq istəmir”.
Yavaş-yavaş yoluma davam edirəm. Parkda eşidilən səslər isə dəyişmir – uşaq gülüşləri, həyat sevinci və mənalı bir gecənin musiqisi. Bu park, əslində, həm balacaların oyun meydanı, həm də böyüklərin istirahət limanıdır. Naxçıvanın bu kiçik guşəsində bir axşam keçirmək insanı gündəlik həyatın qayğılarından ayırır, ürəyinə işıq salır. Biz də hər kəsə isti yay günlərində gözəl istirahət arzulayıb bu məkanla sağollaşırıq...
Bübül QULİYEVA
Digər xəbərlər