NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq forum keçirilib

...

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş  “EAST - WEST International Youth Partnership Forum 2025” adlı beynəlxalq forum keçirilib.
Azərbaycan Respublikası Gənclər Fondu, Naxçıvan Dövlət Universitetinin  dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ)  təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “EAST - WEST International Youth Partnership Forum 2025” adlı beynəlxalq forum keçirilib.

Tədbirdə tərəfdaş qismində və panel müzakirələrində iştirak edən aidiyyəti təşkilatların nümayəndələri, universitetin müəllim-tələbə heyəti, həmçinin əcnəbi tələbələr iştirak ediblər.

Öncə forum iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin  Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. 

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov,  Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və  Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov açılış nitqi ilə çıxış edərək forumun əhəmiyyətindən və Ümummilli Lider Heydər Əliyevin gənclərə verdiyi dəyərdən bəhs ediblər. Natiqlər vurğulayıblar ki, bu forum Şərq və Qərb ölkələri arasında mədəni və intellektual əməkdaşlığın gücləndirilməsi, eləcə də gənclərin beynəlxalq platformalarda fəallığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda forumun Naxçıvanda keçirilməsi də heç də təsadüfi deyil. Çünki tarixən “Şərqin qapısı” adlandırılan Naxçıvan təkcə milli dövlətçiliyimizdə deyil, həm də coğrafi-strateji mövqeyinə görə Azərbaycan, türk-İslam mədəniyyəti üçün xüsusilə önəmlidir. Əsrlərboyu İpək Yolunun əsas qolunda yerləşən bu qədim diyar Şərq və Qərb arasında ticarət, mədəniyyət və elmi ideyaların axışdığı tranzit mərkəzi kimi tanınırdı. Bu coğrafi üstünlük müasir dövrdə də regionu müxtəlif nəqliyyat və logistika layihələrinin mərkəzinə çevirib, Naxçıvanı Orta Dəhlizin bir parçası etməklə onun geostrateji dəyərini daha da artırıb.
Tədbir rəsmi hissə yekunlaşdıqdan sonra bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universiteti nəzdindəki Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında musiqilər dinlənilib.
Sonra forum çərçivəsində bir sıra panel müzakirələr keçirilib. İlk olaraq “Qlobal Çağırışlar və Regional Perspektivlər: Gənclərin Rolu və Mədəniyyətlərarası Liderlik” mövzusunda panel müzakirə baş tutub. Paneldə Naxçıvan Dövlət Universitetinin İnsan resursları və hüquq şöbəsinin müdiri Əziz Qasımov, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifələrini müvəqqəti icra edən Şövqi Əliyev və NMR Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva spiker qismində çıxış ediblər.
Panel iştirakçıları iqlim dəyişikliyi, dayanıqlı inkişaf, mədəniyyətlərarası əməkdaşlıq və bu proseslərdə gənclərin fəal iştirakı mövzularında fikirlərini bölüşərək mövcud çağırışlara qarşı birgə həll yolları haqqında müzakirələr aparıblar.
Növbəti panel müzakirə “Mədəniyyətlərarası Körpülər: Tələbə Gənclərin Yeni Regional Rolu” mövzusunda keçirilib. Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Kamal Nağılının moderatorluğu ilə keçirilən paneldə Tanzaniyadan Jhon Onesmo Ngowi, Koreyadan Park Hyunsok, Türkiyədən Yasemin Çalışqan və Pakistandan Tamjeed Jawad Ullah spiker kimi çıxış ediblər. Onlar öz ölkələrinin gənclər siyasəti, mədəni dəyərləri, beynəlxalq təcrübələri və sosial fəallıq imkanları barədə danışaraq müxtəlif ölkələrdən olan gənclər arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Panel zamanı tələbələr arasında mədəniyyətlərarası anlayış, ortaq layihələrin həyata keçirilməsi, qarşılıqlı öyrənmə və dostluq münasibətlərinin qurulması istiqamətində fikir mübadiləsi aparılıb. Gənc spikerlər fərdi inkişaf hekayələri və real həyat təcrübələri ilə dinləyiciləri ruhlandırıblar.
Daha sonra gəncləri maraqlandıran mövzular ətrafında olan suallar cavablandırılıb. Sonda xatirə fotosu çəkilib. 
Qeyd edək ki , forumun əsas məqsədi – 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni regional reallıqlar kontekstində gənclər arasında beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun gücləndirilməsi, həmçinin Naxçıvanda təhsil alan yerli və xarici tələbələr arasında qarşılıqlı ünsiyyətin qurulmasıdır.

Nəşr edilib : 07.05.2025 18:06