Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvan torpağı tarixboyu təbiət gözəllikləri ilə yanaşı, həm də yetişdirdiyi ziyalıları, sənətkarları və dövlət xadimləri ilə dünyaya səs salıb. Bu torpağın yetirdiyi dahi şəxsiyyətləri xatırladığımız zaman, sözsüz ki, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin adı ən öndə səslənir. Dahi liderin həyatının və təhsilinin bir qisminin Naxçıvanda keçməsi bu diyarın hər guşədə Onun əl izini və xatirələrini bu günə kimi yaşatmaqdadır. Naxçıvan şəhərinin mərkəzi küçələrinin birində yerləşən ikimərtəbəli, çoxda böyük olmayan bir binada o xatirələr hələ də öz görkəmini qorumaqdadır. Hazırda həmin bina Azərbaycanın ilk peşəkar rəssamı və realist rəssamlıq məktəbinin banisi sayılan Bəhruz Kəngərlininin muzeyi kimi fəaliyyət göstərir. Muzey görkəmli rəssamın təkcə sənətinə yox, həm də tarixə və milli yaddaşına açılan bir ehtiram pəncərəsi sayılır.
1897-ci ildə Naxçıvan qızlar məktəbi kimi fəaliyyətə başlayan bina sonralar Naxçıvan Pedaqoji Texnikumu, daha sonra isə Heyran xanım adına Tibb Texnikumu kimi öz fəaliyyətini davam etdirmişdir. Ulu Öndər də həmin Pedaqoji Texnikumun istedadlı məzunlarından olub. 1974-cü ildə Ümummilli Lider Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyi münasibətilə keçirilən şənliklər zamanı bir vaxtlar təhsil aldığı Pedaqoji Məktəb olan binada fəaliyyət göstərən Tibb Texnikumunda olmuş və kollektivlə görüşmüşdür. Həmin illəri əks etdirən fotoşəkillər xatirə otağında nümayiş olunur. Muzeyin 18 iyun 2002-ci il tarixdə baş tutan açılış mərasimində Ulu Öndər şəxsən iştirak etmişdir. Bu gün Bəhruz Kəngərli Muzeyinə daxil olan hər kəs bir zamanlar burada addımlayan və gələcək Azərbaycanın taleyində mühüm rol oynayacaq bir gəncin ruhunu da hiss edir. Hər iki şəxsiyyət – həm Ulu Öndər, həm də görkəmli rəssam Bəhruz Kəngərli xalqın tarixində və mədəni yaddaşında əbədi yer tutmağa davam edir.
Muzeydə olarkən muzeyin ikinci mərtəbəsində yaradılmış xatirə otağı Ulu Öndər Heydər Əliyevin təhsil aldığı illəri gözlərimizin önündə canlandırır. Bu otaq Onun Naxçıvanda oxuduğu dövrləri, gənclik illərini və o illərin ab-havasını hələ də saxlamaqdadır. Otaqda Ulu Öndərə məxsus fotoşəkillər, təhsil aldığı illərə aid sənədlər və tarixi arxiv materialları sərgilənir. Muzeydə olarkən Ümummilli Liderin Bəhruz Kəngərli barəsində söylədiyi nitq xüsusilə diqqətimizi çəkir: “Yadımdadır, mən həmin bu binada olub orta məktəbdə oxuyarkən Bəhruz Kəngərli haqqında oradanburadan eşidirdik. Amma Bəhruz Kəngərlini üzə çıxaran, təbliğ edən yox idi. Nəyə görə olduğunu bilmirdim, amma onu bilirəm ki, Bəhruz Kəngərli haqqında gənc vaxtımda eşitmişdim. Çünki mən özüm də rəssamlıqla maraqlanırdım. Ona görə də marağım daha çox idi”.
Rəssamlığa marağı olduğunu söyləyən Ulu Öndərin tələbəlik illərində çəkdiyi qızcığaz şəkli muzeyin xatirə otağında sərgilənməkdədir. Şəkilin aşağısında isə “Zərifənin şəkili 12 yaşında çəkilib, 1942-ci il aprelin 27-də axşam saat 0930-da” sözləri qeyd olunub. Xatirə otağının divarından asılan fotoşəkillərə baxdıqca gah üzümüzdə xəfif bir gülümsəmə, gah da ara-sıra o dövrün fotolarının verdiyi təəccüb hissi var idi. Fotoların arasında Ümumilli Liderin Azərbaycan dili və ədəbiyyat müəllimi, ədəbiyyatşünas Lətif Hüseynzadə ilə görüşü zamanı çəkilmiş səmimi kadrlar, təhsil dövründə verilmiş tərifnamələrin nüsxələri də yer alır. Fotoların birində isə 1939-cu ildə Ulu Öndərlə yanaşı, Pedaqoji Məktəbi əla qiymətlərlə bitirən tələbələrin “Şərq qapısı” qəzetində çap edilən fotoşəkilləri, dayısı oğlu Rzaqulu Quluzadə ilə çəkdirdiyi və məzun fotoları yer alır.
Ümummilli Lider Pedaqoji Texnikumda oxuduğu illəri xatırlayarkən onun təhsilində “Şərq qapısı” qəzetinin önəmindən bəhs edərək deyirdi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm... O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”. Həmin illər barəsində internetdə araşdırma apardığımız zaman Ulu Öndərlə birlikdə 1936-1939-cu illərdə təhsil almış tələbə yoldaşı Firuzə Rzayevanın “Azərbaycan” qəzetinə verdiyi müsahibə həmin illəri detalları ilə gözlər önünə sərir. “Şərq qapısı” qəzetində 1939-cu ildə dərc olunan məzunların fotolarında Ümummilli Liderlə yanaşı, tələbə yoldaşı Firuzə xanımın da fotosu dərc olunur.
Ulu Öndərdən 2 yaş balaca olan Firuzə Rzayeva həmin illəri xatırlayarkən qeyd edir ki, 1936-cı ildə Naxçıvandakı Pedaqoji Texnikuma qəbul olarkən sinifdə çox uşağın olduğunu, bu səbəbdən isə sinifdə dörd-beş nəfərlik dost qruplarının yarandığını qeyd edir. Həmin illərdə 13 yaşlı balaca Heydər həm qrupun, həm də sinfin liderinə çevrilmişdi. Həmin illərdə Azərbaycan dili və ədəbiyyat müəllimi, ədəbiyyatşünas Lətif Hüseynzadə öz tələbəsi Heydəri xatırlayarkən onunla birgə tələbəsi Dövlət Məmmədovun da adını çəkir. Dövlət Məmmədov o illəri xatırlayarkən Ulu Öndərin atası Əlirza bəyin onun təhsilində yaxından iştirak etdiyini və onun köməyi ilə texnikumun imtahanlarında iştirak etdiyini qeyd edir. Dövlət Məmmədov həmin dövrdə Ulu Öndərlə birlikdə Lətif Hüseynzadənin diqqətini çəkdiyini və texnikumun dərs hissə müdiri Murad Tutayukun yanına apardığını və sənədlərini texnikuma qəbul etdiyindən danışırdı. Əslən Culfa rayonunun Saltaq kəndindən olan Dövlət Məmmədov məzun olduqdan sonra müxtəlif yerlərə təyinat almaqlarına baxmayaraq, Ümummilli Liderlə dostluq münasibətlərinin hər zaman davam etdiyini bildirirdi.
Bütün bu xatirələrlə dolu binada daha sonra təmir işləri aparılsa da, binanın xarici görünüşündə, otaqlarının sayında, demək olar ki, böyük dəyişikliklərə yer verilməyib. Bu fakt Naxçıvanın tarixində mühüm bir mədəni-siyasi bağ yaradır: bir tərəfdə Azərbaycan rəssamlığının banisi, digər tərəfdə isə müasir dövlətçiliyin qurucusu. Hər ikisinin yolu bu məkanda bir nöqtədə kəsişir. Bəhruz Kəngərlinin yaradıcılıq ruhu ilə yoğrulmuş bu evin divarları, eyni zamanda dahi şəxsiyyət Heydər Əliyevin gənclik dövrünün xatirələrini də qoruyur.
Rafiq TƏHMƏZ
Ayşən ADIGÖZƏLOVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının IV kurs tələbəsi
Digər xəbərlər