Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən birini Mərkəzi Asiya regionunda yerləşən, din, dil yaxınlığı olan türkdilli ölkələrlə hərtərəfli əlaqələrin qurulması, bu respublikaları bir ideya ətrafında birləşdirən Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzunun daha da gücləndirilməsi təşkil edir. Bu baxımdan Türkmənistan və Özbəkistanla münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanan faydalı əməkdaşlığın dərinləşməsinə, bölgədə davamlı sabitliyin, işgüzar mühitin formalaşmasına əvəzsiz töhfələr verir. Respublikamızın 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərlə yaratdığı yeni reallıqlar fonunda həmin ölkələrlə ikitərəfli əlaqələrdə mühüm perspektivlər açılmaqla yanaşı, üçtərəfli əməkdaşlıq platformasının da formalaşdırılması üçün əsaslar müəyyənləşdirilib. Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana işgüzar səfəri, Türkmənbaşı şəhərində keçirilən görüşlər də son dövrlərdə cərəyan edən ictimai-siyasi proseslərin, imkanların dəyərləndirilməsi və birgə yeni fəaliyyət istiqamətlərinin, hədəflərin müəyyənləşdirilməsi baxımından faydalı müzakirələr, müvafiq qərarların qəbulu ilə nəticələndi...
Səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüş xüsusi diqqəti çəkdi, dialoqlarda hər üç ölkəni birləşdirən Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yollarının müasirləşdirilməsi məsələləri ön plana çəkildi, çoxtərəfli əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulandı, birgə fəaliyyətin, koordinasiyalı addımların böyük coğrafiyaya xeyir gətirəcəyi diqqətə çatdırıldı. Liderlər “Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəldilər. Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanları nəzərdən keçirildi. “Böyük ipək yolu”nun bərpası məsələsində təbii ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarının genişləndirilməsi ilə yanaşı, Naxçıvanla Azərbaycanın digər ərazisini birləşdirən nəqliyyat xətti – Zəngəzur dəhlizi layihəsi də mühüm əhəmiyyət daşıyır. Avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar respublikamızın müəllifi olduğu çoxdan gözlənilən bu layihənin gerçəkliyə çevrilməsi yolunda həlledici rol oynadı. Yeni bağlantı xəttinin istifadəyə verilməsi yaxın coğrafiyada yerləşən ölkələrin, o cümlədən də Azərbaycan, Türkmənistan və Özbəkistanın faydalı əməkdaşlığı üçün də geniş imkanlar açacaq. Bu xüsusda gələcəkdə Azərbaycan, Özbəkistan və Türkmənistan topdansatış paylama mərkəzləri şəbəkəsinin yaradılması məhsulların üç ölkənin bazarlarına asan çıxışını təmin etməklə dayanıqlı ticarət və logistika zəncirlərinin inkişafına səbəb olacaq. Ölkələrarası iqtisadi, mədəni əlaqələrin güclənməsinə təkan verən, ticarətin həcminin artmasına şərait yaradan Zəngəzur dəhlizi, eləcə də topdansatış paylama mərkəzləri hər üç ölkənin üzvü olduğu TDT-nin də iqtisadi nüfuzunun yüksəlməsinə, təsir dairəsinin genişlənməsinə, beynəlxalq əhəmiyyətinin artmasına gətirib çıxaracaq.
Azərbaycan Vətən müharibəsində olduğu kimi, ondan sonrakı mərhələdə, daha dəqiq desək Qarabağın, Şərqi Zəngəzurun bərpası, yenidənqurulması prosesində də türkdilli dövlətlərin davamlı dəstəyini görür, hiss edir. Bu baxımdan Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbinin istifadəyə verilməsi iki ölkə arasında qardaşlıq bağlarının gücündən xəbər verir. Özbəkistan respublikasının sərmayesi əsasında fəaliyyət göstərən Xankəndi tikiş fabriki isə bölgənin iqtisadi, işgüzar həyatında yeni mərhələnin əsasını qoyur desək yanlış olmaz. Müəssisə regionda qeyri-neft sənayesinin inkişafına təkan verməklə bərabər əhalinin məşğulluğunun təminatı, bölgəyə yeni sərmayelərin cəlbi baxımından da önəmli rol oynamaqdadır. Bundan başqa məlum olduğu üzrə ötən ay ölkəmizə səfər edən Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təşəbbüs irəli sürdü. Söz yox ki, bu təşəbbüs Böyük qayıdış proqramına dəstəyin növbəti ifadəsi olmaqla yanaşı, Azərbaycan və Türkmən xalqları arasındakı sarsılmaq qardaşlıq əlaqələrinin növbəti təcəssümüdür.
İyulun 17-də Şuşada Cıdır düzündə Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını, avqustun 22-də Türkmənbaşıda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə etməsi isə ortaq soykökümüzün, milli-mənəvi dəyərlərimizin, mədəni əlaqələrimizin rəmzi mənasını əks etdirən mühüm siyasi mesajdır. Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata bəyanatında da həm Özbəkistanın, həm də Türkmənistanın qardaşlıq hədiyyələrini, dəstəklərini münasibətlərin dərinləşməsi baxımından yüksək qiymətləndirdi, bu üç ölkə arasındakı dostluğun sözdə deyil, əməldə özünü sübuta yetirdiyini vurğuladı: “Bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır. Bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir. Bu gün artıq burada səsləndi, bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür”.
Ümumilikdə Prezident İlham Əliyevin Türkmənistan səfəri, səfər müddətində keçirilən ikitərəfli, üçtərəfli görüşlər həm Azərbaycan-Türkmənistan əlaqələrinin, həm də Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qarşılıqlı əməkdaşlığın regional və beynəlxalq səviyyədə mühüm perspektivlərə malik olduğunu bir daha göstərdi. Əminliklə demək olar ki, Türkmənbaşı şəhərində keçirilən zirvə görüşü gələcəkdə nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələrində mövcud birgə səmərələri fəaliyyətin və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi baxımından konkret addımların atılması üçün əsas yaratdı. Prezident İlham Əliyevin də dediyi kimi: “Bütün göstərişlər verildi. Yenə də deyirəm, burada səslənmişdi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur. Həmkarlarımın fikrinə qoşularaq sözümün sonunda bir daha demək istəyirəm ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır”.
Nail ƏSGƏROV
Digər xəbərlər