Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
16 il əvvəl
Qədim türk torpağı Naxçıvan uzaq və yaxın tarixdə türk siyasi-iqtisadi, mədəni aləminin qovşağı olaraq hərtərəfli münasibətlərin tənzimlənməsinə, sivilizasiyalararası dialoqa mühüm töhfələr verib. Türk dünyası liderlərinin irəli sürdüyü ideyalar bu torpaqda kəsişib, bütünləşib, vahidləşib, təşəbbüslər burada gerçəkləşib. 16 il bundan öncə, daha dəqiq desək, 2009-cu il oktyabrın 3-də “Türkün qapısı” Naxçıvanda keçirilən, türk dövlətlərini vahid amal uğrunda bir araya gətirən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısı da məhz tarix, dil və mədəniyyət yaxınlığına, dostluq, bərabərlik və qarşılıqlı faydaya, bütün sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrin və əməkdaşlığın əhəmiyyətini artırmağa hesablanmışdı. Təsadüfi deyil ki, həmin görüş zamanı Türk Dövlətləri Təşkilatının (TDT) qurucu razılaşması kimi qəbul edilən Naxçıvan Bəyannaməsi zaman ötdükcə, qloballaşan dünya fonunda mühümlüyünü, əhəmiyyətini artırır, vaxtında atılan bu mütərəqqi addım əlaqələrin yüksələn xətlə inkişafına yol açdığı üçün daim liderlər tərəfindən yüksək qiymətləndirilir.
Naxçıvanda əsası qoyulan Türk Dövlətləri Təşkilatı 16 illik şərəfli inkişaf yolu keçərək artıq regional və beynəlxalq əhəmiyyətli nüfuzlu təşkilata, eyni zamanda da siyasi, iqtisadi münasibətləri tənzimləyən əvəzolunmaz platformaya çevrilib. İdeyası türkdilli xalqlar arasında əsrlərboyu formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənən TDT Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən qurulub. Özbəkistan (2019) əsas, Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) isə müşahidəçi üzv qəbul olunublar. İki il bundan öncə 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib. Yarandığı ilk dövrlərdən fərqli olaraq bu gün artıq qurumun gündəliyində təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi olduqca vacib məsələlər də yer alır. Prezident İlham Əliyevin ötən il fevralın 14-də, andiçmə mərasimində səsləndirdiyi “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirlər Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən ali ifadəsidir.
16 il sonra
Tarix 25 noyabr 2025-ci ili göstərən zaman – 16 il sonra yenidən qədim türk sivilizasiya məkanı Naxçıvan zamanla dayaqları daha da möhkəmlənən, regionda və dünyada aparıcı təsisatlardan birinə çevrilən Türk Dövlətləri Təşkilatının növbəti ilkinə şahidlik edir. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları (QHT) ilk dəfə bir platforma halında Bakıdan sonra muxtar respublikada toplaşır. Ən vacibi isə Naxçıvanda TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis edilir. Bəli, tarix fərqli olsa da, məkan eynidir. Türk dövlətləri 16 il bundan öncə necə bu torpaqda bir ideya, fikir ətrafında toplaşmışdılarsa, yenə də onları bir araya gətirən, həmrəy, həmfikir edən buradır – “Türkün qapısı” Naxçıvandır.
Bir qədər əvvəldə də qeyd etdiyimiz kimi, Naxçıvanın həm Azərbaycanın, həm də Türk dünyasının hərbi-siyasi tarixində, mədəni təşəkkülündə, mənəvi dəyərlərinin formalaşmasında yeri və rolu hər zaman başlıca, mühüm olub. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda isə bu torpaq daha çox maraqların daha böyük kəsişmə nöqtəsinə çevrilib. Əsrlər öncə qədim karvan yolları üzərində yerləşən, Böyük İpək Yolunun ayrılmaz parçasına çevrilən qədim diyar tezliklə öz ənənəvi, tarixi statusunu bərpa etmək üzrədir. Bu il avqustun 8-də Vaşinqtonda əldə olunan tarixi razılaşmalarla yaxın gələcəkdə reallaşacaq Zəngəzur dəhlizi, təkcə Naxçıvanı ölkəmizin digər ərazisi ilə birləşdirməyəcək, həm də Mərkəzi Asiyadan Avropayadək bir sıra ölkələr, o cümlədən türkdilli dövlətlər arasında iqtisadi-ticari körpü yaradacaq. Hadisələrin gedişatı baxımından Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun Bakıdan sonra Naxçıvanda keçirilməsi və TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının burada təsis edilməsi təsadüfi deyil, gələcəyə yönəlmiş, düşünülmüş mütərəqqi addımdır. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində də bütün bu incə məqamlara toxundu, Zəngəzur dəhlizinin türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacağını vurğuladı. Sitat: “Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır”.
Ümumilikdə, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib. Bu forum QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan ən böyük tədbir kimi tarixə düşür. Bakıdakı proqramda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr, Azərbaycan-Qazaxıstan QHT-lərinin əməkdaşlıq, Naxçıvanda isə “WUF13-ə doğru – Türk dünyasında ilk” mövzusunda panel sessiyaları diqqət mərkəzində olub. Toxunulan mövzular, müzakirə predmetinə çevrilən məsələrlə həmrəylik forumu adından da məlum olduğu üzrə birgə siyasi, iqtisadi əməkdaşlığa, qlobal dünyanın yaratdığı nizamsızlığa qarşı həmrəy fəaliyyətə çağırış edir.
Bu il Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü də bir daha sübut etdi ki, TDT yarandığı ilk dövrlərdən fərqli olaraq fəaliyyətində çevikliyi əsas tutmağa çalışaraq təkcə mədəni və humanitar sahələrdə deyil, hərbi-siyasi baxımından da unikal güc mərkəzinə çevrilmək məqsədini qarşıya qoyub. Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun iştirakçılarına müraciətində ilk dəfə keçirilən bu tədbiri vahid məqsədlərə çatmaq naminə birgə səylərin artırılması baxımından yüksək qiymətləndirdi: “Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır”.
Nail ƏSGƏROV
Digər xəbərlər