NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Türbənin ən optimal şəkildə bərpası üçün tarixi və arxiv sənədlərinin toplanması istiqamətində də araşdırmalar aparılır

...

Naxçıvanın memarlıq tacı sayılan Möminə xatun türbəsində bərpa və konservasiya işləri mərhələli şəkildə davam etdirilir. Həm tarixi irsimizin qorunması, həm də gələcək nəsillərə sağlam şəkildə ötürülməsi məqsədilə həyata keçirilən bu prosesə xarici mütəxəssislər də cəlb olunub. Türbə ətrafında gedən son işlərlə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli suallarımızı cavablandırdı. O bildirdi ki, bu ilin oktyabr ayında “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən iş meydançası üçün infrastrukturun yaradılması davam etdirilib. Türkiyədən sifariş olunan ilk 16 konteyner artıq Naxçıvana gətirilib və gömrük rəsmiləşdirilməsi tamamlanıb. Yaxın günlərdə onların quraşdırılmasına start veriləcək. Daha sonra materiallar, alətlər və xüsusi avadanlıqların yerləşdiriləcəyi əlavə konteynerlər Bakıdan gətiriləcək. Bu infrastruktur mütəxəssislərin diqqətinin yalnız bərpaya yönəlməsi üçün çox vacibdir.
Müsahibimiz qeyd etdi ki, türbənin müəyyən meylinin olması və uzun illər ərzində şaquli vəziyyətdən yayınmalarla bağlı tam monitorinq materiallarının mövcud olmamasını nəzərə alaraq oktyabr ayında ətraf ərazilərdə zondlama işləri həyata keçirilib. Kompleks geotexniki tədqiqatlar da aparılıb. Müxtəlif dərinliklərdə quyular qazılıb, nümunələr götürülərək laboratoriya analizləri üçün Bakıya göndərilib. Həmçinin SPT sınaqları vasitəsilə torpağın sıxlığı ölçülüb.
"Geotexniki işlərdə Almaniyanın aparıcı şirkətlərindən biri olan “Grundwasser Consulting Ingenieurgesellschaft GmbH”ın mühəndis-müşaviri Michael Ziesche iştirak edir. Bununla yanaşı, yeraltı strukturların daha detallı öyrənilməsi üçün georadar əsaslı geofiziki tədqiqatlara qərar vermişik. Bu istiqamətdə təcrübəli bir italyan mühəndisinin cəlbi üzrə danışıqlar final mərhələsindədir. İşlər noyabr ayında icra ediləcək. İlin sonuna kimi xüsusi layihə ilə hazırlanmış tikinti iskeleləri gətiriləcək. Türbənin mövcud meylini nəzərə alan bu xüsusi konstruksiyalar bərpa prosesinin təhlükəsizliyini tam təmin edəcək. Biz yalnız texniki işlərlə kifayətlənmirik. Türbənin ən optimal şəkildə bərpası üçün tarixi və arxiv sənədlərinin toplanması istiqamətində də araşdırmalar aparılır. Məqsədimiz həm elmi cəhətdən doğru, həm də orijinal memarlıq ruhuna sadiq bir bərpa ortaya qoymaqdır" ,–deyə Məmməd Hüseynli bildirib.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 28.10.2025 15:37