NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Tullantıdan sənətə

...

Bir şəhərin küçələrində unudulmuş əşyaların taleyi çox vaxt zibil qutusunda bitir. Amma bəzən bir cüt yaradıcı əl, bir parça təsəvvür həmin tullantı adlandırdığımız əşyalara ikinci həyat bəxş edir. Paslanmış dəmir qırıntısı heykələ, cırılmış qəzet parçası tabloya, şüşə qırığı isə bir işıq oyunu kimi sənətə çevrilir. Biz də “tullantı” ilə “yaradıcılıq” arasındakı nazik sərhədi aradan qaldıran bir sənətkarla görüşdük. Onun üçün hər bir kənara atılan əşya – bir hekayənin başlanğıcı, bir sənət nümunəsinin xammalıdır. Gəlin, indi birlikdə öyrənək: zibil qutusundakı bu səssiz əşyalar sənətkarın əlində necə danışmağa başlayır? Tullantı ilə yaradıcılıq arasındakı sərhədləri silən insanla – Vüsal Abdullayev ilə görüşdük.

Tullantıdan sənət yaratmaq ideyası sizdə necə yarandı. Bu təsadüf idimi, yoxsa məqsədli bir axtarışın nəticəsi?

Onu qeyd etmək istərdim ki, mən bu qabiliyyət və bacarıqla doğulmuşam. Düzdü, bu istiqamətdə təhsil almışam. Özümü tanıyandan asudə vaxtlarımda bu sahə üzrə məşğul oluram. Öz həyətimizdə təmirdən sonra bir necə ədəd daş qırığı qalmışdı. Mən əvvəlcə onu atmaq istədim, amma sonra fikirləşdim ki, bu daha asan yonulub hər hansı model alınması üçün ən sərfəli materialdır və atmaqdansa, yenidən istifadə üçün əlverişli ola bilər və belədə etdim. Həmin o daşdan “Ana” dekorativ heykəlini yondum və sonra o heykəli bir neçə sərgiyə çıxardım. Sonrakı illərdə artıq digər tullantı materiallarındanda istifadə edərək heykəllər düzəltmişəm. Bunlar içərisində atılmış travertin daşlarından, istifadə olunmuş plastik butulkalardan, bir neçə növ metal materiallardan, taxta vəsair kimi materiallardan istifadə etməklə yararsız əşya və materiallara yenidən həyat verməyə çalışmışam.

Yeni həyat verdiyiniz əl işləriniz barədə bir qədər geniş məlumat verməyiniz oxucularımız üçün də maraqlı olar...

Butulkadan köpüklə birgə dekorativ gül buketi düzəltmişdim və bu çox maraqlı alınıb. Sonra saman və istifadə olunmuş kibrit çöplərindən gəmi barelyefi hazırlamışam. Bəli, necə bir iş ortaya çıxacağı sənin üçündə çox maraqlı olur. İş prosesində görürsən ki, sən istədiyin və daha artıq bir iş ortaya çıxır. İnanın, gecə düşsədə, yatmaq istəmirsən, deyirsən ki, tez bitsin, onu təqdim edim. Təbiidir ki, sonda bəyənmələr səni dahada ruhlandırır.

Ətraf mühitə baxarkən sizi yaradıcılığa aparan hansı təbiət və ya sosial detal diqqətinizi çəkir?

Bu sahənin adamı olaraq onu demək istərdim ki, Naxçıvanımızın hər bölgəsi çox gözəldir və bu hər hansı bir bacarıq sahibi olan rəssamda həvəs yaradır ki, bu gözəllikləri rənglərlə və ya hər hansı material olmaqla dekorativ işlə təsvir edəsən. Bu gün azərbaycanlı olaraq zəfərimiz məndə zəfər abidəsi fonunda hər hansı bir dekorativ barelyefin hazırlanması həvəsini yaradıb. Bu məni düşündürür. Çox güman ki, istifadə edəcəyim material daş materiallar sırasından olacaqdır. Buna qranit, travertin və sair aiddir.

Ən qeyri-adi materialdan hansı əsəri yaratmısınız?

Bu, çox güzəl sualdır. Mənim ən çox xoşuma gələn plastik butulkalardan hazırladığım qartal heykəli olub. O, gözəl alındı və məni çoxda yormadı. Bu əl işimi sifariş əsasında düzəltmişdim. Hazırda Bakı şəhərində bir məktəbdə saxlanılır. Ən qeyri-adi material sualına gəldikdə bu, parafindir. İstifadə olunmuş şamları yığıb, o zaman evdə fasiləli elektrik cərəyanı dövründə, yenidən maraqlı şam düzəldirdim ki, bu da bizə gələn qohum-əqrəba içərisində maraqla qarşılanırdı, hamının çox xoşuna gəlirdi.

 Cəmiyyətdə “ikinci istifadə” anlayışına yanaşmanız necədir?

Ümumilikdə, deyə bilərəm ki, bizi milli-mənəvi dəyərlər yaradan, qoruyub saxlayan, hörmət edən xalq kimi tanıyırlar. Bu növdə hər hansı bir işin hazırlanması da cəmiyyət tərəfində böyük maraqla qarşılanır və izlənilir.

Bu sənət növünə dövlət və ya ictimai qurumlar tərəfindən maraq varmı?

Əlbəttə ki, incəsənətin və mədəniyyətin ən böyük ocaqlarından biri olan tarixi Azərbaycanımız dövri qədimdən incəsənət adamlarına diqqət və qayğı göstərmişdir. Burda Ümummilli Liderimiz Heydər Əliyevin bir kəlamını xatırlayıram: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır. Bu gün ölkə Prezidenti İlham Əliyevdə bu sahələrlə məşğul olan insanların əməyinə, yüksək qiymət verir, onları təltif edir, hərtərəfli qayğı göstərir.

Uşaqların bu sənətə marağı varmı?

Bəli, bizim evdə hazırda 4 uşaq böyüyür. Onların ikisi bu sahə üzrə maraqlanır. Hətta həvəskar olaraq bir neçə dekorativ işlərdə hazırlayıblar. Cəmiyyətimizdədə bu sahəyə böyük maraq var. Biz bunu sosial şəbəkələr, informasiya kanalları vasitəsilə görə və izləyə bilərik.

Günay HACIYEVA

Nəşr edilib : 26.11.2025 12:17