NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Torpaq deyir: “Sən mənə tər ver, mən sənə zər verim”

...

Cəlilkənd sakini Yaqub Tağıyevlə söhbətimiz zəhmətlə əkib-becərdiyi əkin sahəsinin kənarında baş tutdu:
– Əlim iş tutandan əkib-becərməklə məşğul olurdum, böyüklərimizdən məsləhətlər alıb 13 hektar torpaqda ailə üzvlərimizin köməyi ilə taxıl əkdim. İlk vaxtlar torpağa bələd olmadığımız üçün bəzən ilboyu çalışsaq da, istədiyimizə nail ola bilmirdik. Lakin ruhdan düşmədik. Torpağa alışdıq, təcrübəmiz artdı. Əbəs yerə atalarımız “Torpaq deyir: “Sən mənə tər ver, mən sənə zər verim”, – deməyiblər. Şükür Allaha, çəkdiyimiz xərcin də, əməyin də qarşılığını ikiqat alırıq. Şəhərlərdə dükan-bazarların məhsullarla dolması, bol ruzi-bərəkət məhz torpaqlarımızın üzümüzə gülməsi sayəsindədir. Bu məhsullar zəhmətdən hasilə gəlir, əhalinin rifah halının yaxşılaşmasına öz töhfəsini verir. 
Müsahibim onu da deyir: “Təbiətin bizə bəxş etdiyi ən böyük sərvəti – torpağı sevmək, qayğısına qalmaqla özümüzə yaxşılıq etmiş oluruq. Ailə təsərrüfatları yaratmaq, sahibkarlıqla məşğul olmaq üçün dövlət dəstəyi də yetərincədir. Kim istəsə kredit götürə, lizinq yolu ilə texnika ala bilir. Təsərrüfat suyumuz da boldur. Daim axarlı-baxarlı Arpaçay bizim ərazidən keçir. Gördüyünüz bu sahədə kartof, soğan, taxıl əkmişik. Çəkdiyimiz zəhmətin bəhrəsini toplayıb, yığımı yekunlaşdırıb yerində yenidən şum qaldırdıqdan sonra gübrə vermişik ki, torpaq gücdən düşməsin, əkinə hazır olsun. Torpaq sahələrinin bir hissəsini icarəyə götürmüşəm. Burada 70-dən artıq işçi çalışır. İşçi sayı mövsümə görə dəyişir. Bu il 10 hektar taxıl, 50 hektar kartof, 5 hektar soğan, 0,5 hektar pomidor əkini aparılıb. Taxıl, tərəvəz əkinlərinin ərazisini ildən-ilə artırmağa çalışırıq. Təsərrüfatımız böyüdükcə artıq ailə təsərrüfatından sahibkarlığa addım-addım yaxınlaşırdıq”. 
Yaqub onu da bildirir ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafına yaradılan münbit şəraitdən istifadə edib. İlk olaraq, lizinq yolu ilə bir traktor, kartofəkən, soğançıxaran texnikalar satın alıb. Sonra isə topladıqları məhsulların uzun müddət saxlanılması üçün soyuducu anbar inşa etdirməyə qərar verib. Elə bu məqsədlə 2016-cı ildə Sahibkarlığın İnkişafı Fondundan 50 min manat kredit götürüb. Birinci 600, sonra isə 300 ton tutumu olan soyuducu anbar kompleksi inşa etdirib. Sahibkar onu da əlavə edir ki, soyuducu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı daha da artırmağa imkan verir. Bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, həm də əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir. Hazırda soyuducu anbarlarda 10 nəfərə yaxın işçi çalışır. Qonşu kəndlərdən də buraya məhsul    gətirənlər var. 

Digər müsahibim Muraz Məmmədzadə torpağa bağlılığı, zəhmətə sevgini ata-babalarından öyrənib. Torpağı əkib-becərməyi özünün alın yazısı bilib və bununla qürur duyub. Yaşının az olmasına baxmayaraq, torpağın sonsuz səxavətinin şahidi olduqca ona daha çox bağlanıb. O, torpağı əkib-becərdikcə torpaq da onun başını uca edib. Rayonda hamı onu zəhmətkeş bir insan kimi tanıyır. Onunla elə iş başında, rayonun Yuxarı   Daşarx kəndində yerləşən əkin sahəsində həmsöhbət oluruq. 
Deyir ki, torpaq suya susadığı kimi insanoğlunun zəhmətinə, alın tərinə də möhtacdır. Hər zaman ondan qulluq tələb edir, onu zəhmətə səsləyir. Dünyada halallıq axtaran əliqabarlı insanlar torpağın bu harayına həmişə hay verib, ona üz tutublar. Əkinçilik də digər işlər kimi təcrübə tələb edir. İşlədikcə, torpağın dilini öyrəndikcə daha çox məhsul götürürsən. Kənd təsərrüfatı bitkiləri vaxtında suvarılmadıqda, hətta vaxtından əvvəl və ya normadan artıq suvarıldıqda belə məhsuldarlığa təsir göstərir. O da təcrübəsinə əsaslanaraq torpağı aqrotexniki qaydalara uyğun olaraq əkib-becərməyə çalışır. 
Muraz qeyd edir ki, qışda 1,5 hektarda əkdiyi pomidor may ayının sonunda bazara çıxıb. İyun, iyul aylarında əkin sahələrində yetişən tərəvəzləri Şərur və Naxçıvan şəhərindəki bazarda da satıb. Yay şaftalısının da alıcısı çox olub. 
Zəhmətkeş torpaq adamı onu da bildirir ki, o, rayonun Cəlilkənd və Mahmudkənd yaşayış məntəqələrinin ərazisində, ümumilikdə, 30 hektar sahədə kartof da əkib.     Hazırda kartof yığımı aparılır.
Dərəkənd və Yuxarı Daşarx kəndlərinə şaftalı bağlarındakı payız hülüsü (Şərurda şaftalının bu növünə hülü deyilir) beş-on günə tam yetişib bazara çıxarılacaq. Müsahibim bildirir ki, yazda əkilən məhsul yayda toplanır və payız əkininin də bünövrəsini qoyurlar. 
Müsahiblərimlə söhbətdən belə qənaətə gəlmək olar ki, zəhmət çəkən hər kəs yaxşı yaşaya, dolana bilər. Belə bir el misalı var: “Torpaqda izin olsun ki, süfrədə üzün olsun”. Çünki torpaq adamı naümid buraxmaz. Və ən əsası torpaq bu gün Naxçıvan kəndlisi üçün ən yaxşı iş yerinə çevrilib. Bacarıb dövlətimizin yaratdığı bu şəraitdən istifadə edənlər öz gün-güzəranlarını qurmaqla bərabər muxtar respublikada kənd təsərrüfatının inkişafına töhfələrini verirlər. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 17.08.2025 15:01