Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Kitabi-Dədə Qorqud dastanından bu günümüzə qədər gəlib çatan və dəyərini itirməyən kəlamlardan biri məhz torpaqla bağlıdır. Ulu babalarımız torpağa tapınmış, əlinin zəhməti, alnının təri ilə torpağı qızıla çevirmiş, yağı düşmən hücum çəkəndə isə torpağa qanlarını tökmüşlər. Amma torpaqdan heç zaman əl götürməmişlər. Məhz buna görədir ki, dastandan süzülüb gələn “Torpağı əkib- becərməsən qorumağına, qorumasan əkib-becərməyə dəyməz” kəlamı bu gün də öz dəyərini itirməyib. Yaradılış 4 ünsürlə əlaqələndirilib: su, od, yel, torpaq. Yaza qədərki dönəmdə 4 çərşənbəni 4 ünsürlə bağlayan xalqımız ənənəvi ritualları icra etməklə təbiətlə vəhdətini qoruyur, sonda torpağa səcdə edir. Qışın yuxusundan silkinib oyanan torpaq övladlarını səsləyir. Göz işlədikcə uzanan sahələrdə işləyən texnikanın səsi sükutu pozaraq baharın daha bir müjdəçisinə çevrilir. Bahar həm də insanlara yeni ruh, yeni ovqat bəxş edir. Qollarını çırmalayan kəndli torpağa əyilir. Artıq bərəkətin ətri duyulur, yaz ovqatlı yurdumda.
Dağlıq bölgələr hələ qış sükutundan çıxa bilməsə də, aranda artıq əkinə başlanılıb. Muxtar respublikanın ən iri aqrar regionu olan Şərurda şum qaldırılır, mövsümi əkin sahələri hazır vəziyyətə gətirilir. Naxçıvan bazarını ikinci çörək sayılan kartof məhsulu ilə təmin edən rayonda 200 hektara yaxın sahə əkilib. Dərəkəndli Muraz Məmmədzadə 20 ilə yaxındır ki, bu əkin növü ilə məşğuldur. Ötən il 27 hektar sahədə əkin həyata keçirən torpaq mülkiyyətçisi bu il daha bol məhsul əldə etməyi qərarlaşdırıb: 3 hektara yaxın şaftalı bağım var, digər növ tərəvəz bitkiləri də becərirəm, amma əsas məşğuliyyətim kartof əkinidir. Bu il 40 hektar sahədə işlərə başlanılıb. Ötən il 27 hektar sahədən 1350 ton məhsul götürdük. Daxili bazarla yanaşı, Cəlilabad, Masallı, Sabirabad bazarlarına da göndərdik. Bu ildən gözləntilərimiz daha çoxdur. Hər il əsas çətinliyimiz su ilə bağlı olurdu. Bu il yağıntının bol olması, xüsusən də su təchizatının yaxşılaşdırılması ilə bağlı ölkə başçısının Sərəncamından rayonumuza da düşən pay ümidlərimizi artırıb. Biz də təbii səylərimizi əsirgəmirik. Göstərilən qayğı müqabilində daxili bazarı yaxşı, keyfiyyətli məhsullarla təmin etməyə çalışırıq. Hazırda məhsuldar toxum sortları əkilir. Suvarma suyunun olması əkin sahələrinin ilbəil genişlənməsi deməkdir. Bu da, öz növbəsində, məşğulluğa da təsir göstərir. Hazırda sahədə 14-15 nəfər çalışır, yığım vaxtı bu rəqəm 60-70 arası dəyişəcək.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” muxtar respublikada su təhlükəsizliyinin təmin olunması, dayanıqlı su mənbələrindən istifadənin genişləndirilməsi və mövcud resurslardan daha səmərəli yararlanmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Plana əsasən Babək rayonunda su təsərrüfatı infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçiriləcək. Belə ki, Naxçıvançayın sol sahilində Babək rayonunun ərazisinə xidmət edən hidrotexniki qurğular yenidən qurulacaq. Eyni zamanda çayın sağ sahilində yerləşən və rayonun əkin sahələrinin suvarılmasına xidmət edən hidrotexniki qurğular da əsaslı şəkildə bərpa ediləcək. Həyata keçiriləcək tədbirlər nəticəsində rayon üzrə suvarıla bilən torpaqların 88 faizində suvarma təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu isə kənd təsərrüfatı istehsalının artmasına, su ehtiyatlarından daha səmərəli və qənaətli şəkildə istifadəyə geniş imkan yaradacaq.
“Kəndlinin əsas problemi sudur, bu da öz həllini tapandan sonra nə var ki, işləməyə?” – Torpaq mülkiyyətçisi, Yarımca kənd sakini Rəsul Əsgərov 1 hektar yarım sahədə arpa əkib: “Hazırda sahədə suvarma işləri aparılır. Keçən il quraqlıq keçdi, su sarıdan xeyli əziyyət çəkdik. Amma bu il həm yaxşı gəlib, yağıntı çoxdu, həm də suvarma ilə bağlı artıq başlanılan işlər bizi daha da ruhlandırıb. Payızda 8 hektar buğda əkəcəm”.
Həmkəndlisi Ərrəhman Həsənov isə 4 put sahədə kartof əkini həyata keçirib. Deyir ki, torpaqlarımız məhsuldardır. Ailə üzvləri ilə birgə çalışırıq. Bu il üçün 7-8 ton məhsul gözləyirik. Qabaqcıl texnologiyalardan və məhsuldar toxum sortlarından istifadə bu il də daxili bazarın yerli kartof məhsulu ilə təminatında bizim də pay sahibi olacağımıza zəmanət verir.
Məhsulun bol, çörək təknən hər zaman dolu olsun, əkinçi. Bağa baxaq ki, bağ olsun, torpağa baxaq ki, ruzimiz bol, süfrəmiz açıq olsun.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər