NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Torpağa halal ruzi mənbəyi kimi baxılan kənd – Tumbul

...

Bu dəfə yolumuz şəhərimizin bir addımlığında yerləşən Tumbul kəndinədir. Yol yaxın olduğundan  kəndə avtobusla getməyə qərar verdik. Yolboyu şəhərin ecazkar gözəlliyini izləyir, əlində qılıncı, şahə qalxmış at belində cəsurluğu ilə ad çıxaran əzəmətli Babək  heykəlini salamlayırıq. Bir gün bu vağzaldan Zəngəzura yola düşəcəyimiz qatar yoluna baxa-baxa çatırıq kəndin girişinə. İlk olaraq bizi uzun illərdir, istifadəsiz qalan, lakin bir zamanlar çoxlarının evinə çörək apardığı uçulub dağılmış Şüşə qablar zavodu qarşılayır. Budur, artıq kənddəyik. Qarşımızda 376 şagird yerlik məktəb binası ucalır. Yaşıllıqlar əhatəsində ucaldılmış məktəbdən sol tərəfdə kənd mərkəzi, bir az aşağıda isə tərkibində ərzaq, sənaye və təsərrüfat malları mağazası, bərbərxana və sair olan xidmət mərkəzi yerləşir. Kənd mərkəzinə daxil olur, icra nümayəndəsi Əcəmi Tağıyevlə görüşüb kənd haqqında məlumat alırıq.  Bu kəndin muxtar respublikanın ən qədim kəndlərindən biri olduğunu bildirən Əcəmi müəllim  deyir ki,  Tumbul kəndində son 10 ildə aparılan arxeoloji qazıntılar sübut edir ki, kəndimizin tarixi bizim eradan əvvələ gedib çıxır. Öyrənirik ki, Tumbul  1918-1939-cu illərədək izibati bölgünün mərkəzi olub və tabeliyində 11 kənd olub. 2004-cü ildə Qoşadizə sovetliyindən ayrılaraq icra nümayəndəliyi yaradılıb, 2009-cu ildə isə Naxçıvan şəhərinin inzibati ərazisinə daxil edilib.

Kənd əhalisi üçün yaradılan şəraitdən, gələcəyimiz olan uşaqların təhsilinə verilən qayğıdan bəhs edən müsahibim bildirir ki, 2017-ci il yanvar ayının 5-də istifadəyə verilən 13 nömrəli tam orta məktəbdə bu il  20 nəfər 11-ci sinfi bitirib  və şagirdlər uğurlu nəticələr əldə ediblər. Hətta bir nəfər 650-dən yuxarı bal toplayıb.

Müsahibimin sözlərinə görə, qədim qəbiristanlığı olan bu yurd yerində tapılan qoç heykəllər, VII əsrdən əvvələ aid küp qəbirlər Tumbulun qədim tarixindən soraq verir. Buranın tarixindən xəbər verən digər bir tikili isə sovet hakimiyyəti zamanı dağıntılara məruz qalmış köhnə məsciddir. Sonradan məscid 1989-1990-cı illərdə kənd sakinlərinin təşəbbüsü ilə yenidən bərpa olunub. Maraqlıdır ki, kənddə kimsə rəhmətə gedən zaman məsciddən azan səsi yüksəlir və bununla da kənd camaatı artıq kiminsə həyatla vidalaşdığından xəbərdar olur.

Kənddə II Dünya müharibəsində həlak olmuş igidlərimizin xatirəsinə ucaldılmış abidə böyük tut ağacının əhatəsində kölgələnərək tumbulluların qürur yerinə çevrilib. Abidənin yuxarı hissəsindən şırıltı ilə axan buz kimi suyun mənbəyini soruşduqda Əcəmi müəllim suyun Heyran xanım kəhrizindən gəldiyini söyləyir və bildirir ki, əvvəllər kənddə 16 kəhriz olsa da, hazırda 3 kəhriz var. Digər iki kəhriz Xanlıqlar və Qibləbulaq adlanır. Bu kəhrizlər kəndin kənarında yerləşən Naxçıvançaydan qidalanır və kəhrizlərdən gələn minerallarla zəngin, dumduru, sərin su arxlar vasitəsilə həyətlərə paylanaraq əhalinin suvarmaya olan tələbatını ödəyir.   

Tumbul kəndinin yetişdirdiyi qəhrəman oğullarımızdan 16-sı  44 günlük Vətən müharibəsində iştirak etmiş, onlardan 2-si qazi, 3-ü şəhid olmuşdur. Fürsətdən istifadə edərək torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin məzarını ziyarət etməyi özümüzə borc bildik.

3 minə yaxın sakini olan kənddə insanların əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Həmçinin arıçılıqla məşğul olan yerli sakinlər də var. Əvvəllər burada çoxlu pambıq və üzüm sahələri olsa da, hazırda bu sahələr mövcud deyil. Lakin sakinlər həyətyanı sahələrində hələ də üzümçülüklə məşğul olurlar. Kənddə   göycə, alma, ərik ağaclarının olduğu 3 hektara yaxın meyvə bağı da var.

Görüləcək işlərdən bəhs edən Əcəmi müəllim bildirir ki, yaxın günlərdə sakinlərin təşəbbüsü  və icra nümayəndəliyinin dəstəyi ilə Mərasim evinin tikintisinə başlanılacaq.

Kənd haqqında məlumat alarkən öyrənirik ki, kəndin ən yaşlı sakini 99 yaşlı Şəmil İbrahimovdur. Kəndin canlı tarixi olan bu qocaman babanı yaxından tanımağa tələsir, üz tuturuq yaşadığı ünvana. Onun ömür gün yoldaşı Surə xanım bizi gülərüzlə qarşılayaraq evlərinə dəvət edir. Şəmil baba ilə görüşüb hal-əhval tuturuq. “Kənddə məndən yaşlı adam yoxdur”, –  deyən Şəmil baba bir əsrə yaxın ömrünə 8 övlad, 23 nəvə, 34 nəticə, 2 kötücə sığdırıb. O deyir ki, bizim əslimiz “Kankanlı tayfası” adlanır və bu tayfanın ən böyük nümayəndəsi elə mənim babam Kalba İsmayıl olub.

Müsahibim gənclik illərində təsərrüfatla, əsasən, pambıqçılıq və taxılçılıqla məşğul olmuş, əziyyətinin qarşılığını alaraq “Əmək” ordeni ilə təltif edilmişdir. İllərin xatirələrini üzündəki qırışlarda gizlədən baba keçmişlərdən söhbət açanda kövrəlir. Tumbulun keçmişindən danışanda əvvəl şəraitin yaxşı olmadığından bəhs etsə də, indi kənd camaatının yaşayışı üçün hər cür şərait yaradıldığını deyir. Hazırda övladlarının da təsərrüfatla məşğul olduğunu bildirən Şəmil baba deyir ki, torpaqdan dolanırıq. Torpaq isə əziyyətimizi bəhrəsiz qoymur. Kəndin keçmişini özündə yaşadan nurani baba ilə sağollaşıb, ona sağlam həyat arzulayırıq.     

Növbəti ünvanımız alın təri axıdaraq halal qazancını əldə edən təsərrüfatçı Ramin İbrahimovun bostanıdır. Onunla elə iş başında məhsul yığımı zamanı həmsöhbət oluruq. 2 hektar sahədə badımcan, pomidor, bibər,  göyərti əkini həyata keçirən müsahibim deyir ki, məhsuldarlıq çox yaxşıdır. Dövlətimiz sağ olsun, əkin sahələrimizi suvarmaq üçün şərait yaradıb. Nasoslar vasitəsilə həftədə bir dəfə əkinlərimizi suvarırıq. Mövsümü olduğundan məhsullarımıza tələbat çoxdur.

Kəndi gəzərkən saatın necə keçdiyinin fərqinə varmırıq. Axşam düşür, sübh çağında otlamağa gedən mal-qara yavaş-yavaş çöldən qayıdır.  Ətrafa qoyun-quzu səsi yayılır. Artıq süd sağımı vaxtıdır. Kənd sakinlərindən bir qismi dolanışığını heyvandarlıqla təmin edir.

Günəş batarkən son dəfə şölələrini uzaqdan görünən Xan Araza salır və biz bu gözəl mənzərəyə baxa-baxa kəndlə sağollaşırıq.

                                                                        Türkanə ƏSƏDOVA

Nəşr edilib : 09.10.2025 12:28