Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu gün Naxçıvan Dövlət Universitetinin Pedaqogika fakültəsinin Texnologiya mərkəzində “Milli mədəni dəyərlərimiz” mövzusunda açıq dərs layihəsi keçirilib. Tədbirin əsas məqsədi milli-mədəni dəyərlərimizi qorumaq, onları gənc nəsillərə tanıtmaq və gələcəyə ötürməkdir. Qeyd edək ki, tədbir çərçivəsində tələbələr xalq yaradıcılığına aid müxtəlif nümunələr səsləndiriblər. Onlar tapmacalar, atalar sözləri, rəvayətlər və digər epik janrları təqdim edərək milli folklorumuzun zənginliyini nümayiş etdiriblər. Daha sonra tələbələr tərəfindən “Sarı gəlin” mahnısı ifa olunub, ardınca “Küçələrə su səpmişəm” xalq mahnısı səsləndirilib. Tədbir boyunca tələbələrin ifasında Texnologiya mərkəzinin kollektivinin yallı rəqsi də nümayiş olunub ki, bu da iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə çıxış edən Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Texnologiya mərkəzinin direktoru Mətanət Quliyeva layihə haqqında fikirlərini bölüşüb. O bildirib: “Bu gün ilk dəfə milli-mədəni dəyərlər kabinəsi Naxçıvan Dövlət Universitetinin nəzdində olan Musiqi Kollecinin müəllimi Mehri Abdullayevanın açıq dərsinin baş tutması üçün şərait yaratdı. Qeyd edək ki, bu dərs qədim folklora dayansa da bu dərs də yeni təlim metodundan istifadə olundu. Milli dəyərlərimizin təbliği və onların gələcək nəsillərə ötürülməsində mühüm rol oynamaq məqsədilə bu kabinəni yaratmışıq. İlk tədbirin uğurlu alınması sevindiricidir. Tələbələr həm maraq göstərdi, həm də keçmişə səyahət etdilər. Nənə və babalarımızdan miras qalan əl işləri, yer süfrələri tələbələr tərəfindən böyük maraqla qarşılandı. Onlar folklora və şifahi xalq ədəbiyyatına dair nümunələri araşdırdılar və əyani şəkildə təqdim etdilər. Biz gənclərin milli dəyərlərlə bağlı maariflənməsi üçün hər zaman açığıq.
Sonda Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva tədbirlə bağlı fikirlərini bölüşərək bildirib: “Bu gün biz Mehri Abdullayevanın ədəbiyyat fənnindən keçirdiyi açıq dərsdə iştirak etdik. Dərsin məqsədi milli-mənəvi dəyərlərimizin, eləcə də şifahi xalq ədəbiyyatımızın qorunması, təbliği və gənc nəslə sevdirilməsi idi. Tələbələr bu mövzuda səhnəciklər hazırladılar, təqdimatlar etdilər və öz biliklərini praktik formada ictimaiyyətə nümayiş etdirdilər. Onlar həm oxuduqlarını, həm də bildiklərini əyani şəkildə təqdim etməklə folklorumuzun müxtəlif qollarına aid maraqlı nümunələr göstərdilər”.
Məhəbbət Babayeva çıxışında yeni təşəbbüsün də əsasının qoyulduğunu bildirib: “Bu açıq dərs bizdə yeni layihə ideyası formalaşdırdı. Mehri xanımın rəhbərliyi ilə “Milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda daha geniş bir layihə hazırlamaq qərarına gəldik. Layihənin ilk mərhələsini yaxın 10 gün ərzində həyata keçirməyi planlaşdırırıq. İstəyimiz odur ki, bu təşəbbüs kağız üzərində qalmasın, real fəaliyyət və praktik işlərlə davam etdirilsin”.
O həmçinin Texnologiya mərkəzinə yaradılan şəraitə görə təşəkkürünü bildirib: “Bu gün keçirilən açıq dərs olduqca mükəmməl təşkil olunmuşdu. Texnologiya mərkəzinin rəhbəri Mətanət xanıma təşəkkür edirəm. O bizi mərkəzin muzey və digər kabinələri ilə tanış etdi. Mərkəzin kollektivi də dərsə böyük töhfə verdi. Xüsusilə milli mənəvi dəyərlərimizin simvollarından olan yallının nümayişi tədbirə xüsusi rəng qatdı”.
Sonda Məhəbbət Babayeva dərsi yüksək qiymətləndirib: “Ümumilikdə, Mehri xanımın dərsini əla qiymətləndirirəm. Açıq dərsin protokolu da hazırlanacaq və burada dərsin təşkili, gedişatı, əyani vəsaitlərdən istifadə, tələbələrin iştirakı və səhnəciklərin təqdimatı geniş şəkildə öz əksini tapacaq. Bu gün tələbələr həm yaşadı, həm yaşatdı, həm də təbliğ etdi. Bu bizim üçün böyük uğurdur”.
Zəhra VƏLİYEVA
Digər xəbərlər