NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Təndir çörəyinin ətri

...

Babək rayonunun Nəzərabad kəndinə yolu düşən hər kəs yol kənarında qurulan təndirdə bişən Naxçıvan lavaşının ətrini hiss edəndə ayaq saxlayıb bu lavaşın dadına baxmadan keçmir. Elə biz də unutmaq üzrə olduğumuz bu dadı hiss etmək üçün yolüstü dayanıb zəhmətkeş xanımların bişirdiyi lavaşın dadına baxdıq. Az qala unutduğumuz deyirəm, çünki müasir texnologiyalar çörəyin və lavaşın da bişirilmə qaydasına təsirsiz ötüşməyib. Düzdür, bu müasir bişirmə qaydaları qadınların çörəkbişirmə işini yüngülləşdirib, amma gəlin hamımız etiraf edək ki, təndirdə, üzüm, tut ağacının odunun közündə xəmrə ilə yoğrulan xəmirdən hazırlanan əsl Naxçıvan lavaşının dadı heç bir yerdə yoxdur. Bu çörəyin nə ətrini, nə də ki dadını dünyanı gəzsək, tapa bilmərik. 
Qonaqpərvərliyi ilə seçilən diyarımızın zəhmətkeş xanımlarından biri olan ev sahibi Güllər xanım bizi təndirdən çıxan xam lavaşla Naxçıvanın ovma pendirinə qonaq edir. Təndir başında əyləşib çörək taxtasında oxlovla lavaş açan 64 yaşlı Çimnaz xanımın kündəni necə məharətlə oxlovun altında lavaşa çevirdiyini izləyərkən o söhbətə başlayır. Deyir ki, əvvəllər hər kəsin həyətində “təndir damı” olardı ki, hər kəs oradakı təndirdə çörək yapar, bəzən də yemək bişirərdi. Təndir qoymaq, düzəltmək üçün palçıq hazırlanacaq torpaq təmiz hesab edilən yerdən götürülməli, təndir qoyan insan mütləq paklanmalıdır. Təndir hazırlanıb başa çatdıqdan sonra bərəkətli və arxalı, yəni istiliyi çox saxlasın deyə onun badına ilk çörək yapılmadan öncə əvvəlcədən hazırlanmış heyvan ciyəri yapıb, bişirərdik. O vaxtlar indiki imkanlar yox idi. Xəmir yoğurmaq üçün özümüzün hazırladığımız xəmrədən istifadə edərdik. Onu hazırlamaq üçün bir ovuc buğda 1 stəkan suda qaynadılır, suyu qatılaşanda soyudulur, un əlavə edilib yumşaq xəmir yoğrulur. Acıdıqdan sonra xəmir mayası kimi istifadə edirdik. Xəmrə ilə yoğrulan xəmirdən bişən çörək uzun müddət keyfiyyətini itirməzdi. Xəmir yoğrulanda xəmrəni yenisi ilə, yəni yoğurduğumuz xəmirdən bir parça götürməklə növbəti dəfə çörək yapmaq üçün xəmrəlik götürər, növbəti dəfə onu təzələyərdik. 
Çimnaz xanım deyir ki, onlar indi də həmin üsuldan istifadə edirlər. Onu da bildirir ki, əsl Naxçıvan lavaşına dad verən də elə xəmrədən istifadə olunmasıdır. Xəmrə həm də xəmirin vaxtından əvvəl süni şəkildə acımasının qarşısını alır. Maya və ya qabartma tozu ilə yoğrulan xəmiri nə yaxşı açmaq olar, nə də ki o xəmirdən açdığımız lavaş təndirdə durar. Xəmiri də yerli undan yoğururuq. Duzumuz da, unumuz da öz torpağımızın məhsuludur. 
İsti təndir başında Naxçıvan lavaşının ətrini duyub xanımların söhbətini dinləyəndə qədim adətimiz olan toy çörəyi bişirmə mərasimi gəlir ağlıma. Ev sahibi Güllər xanım həmin illəri yada salır: “Əvvəllər Naxçıvanda oğul, qız toyu edən ailələr toydan qabaq toy çörəyi bişirmək üçün hazırlıq görər, toy çörəyi yapılarkən qonşuları və qohumları “əppək üstə”, “təndir başına” dəvət edərdilər. Gələnlər pul, hədiyyələr gətirərdilər. Kömək üçün gələnlər də qonum-qonşu da, qonaqlar da təndir başında bir loxma toy çörəyi yeyərdi. Sonra toy üçün yapılan çörək dəstələnər və sərin bir yerə yığılardı. Ev sahibi “əppək üstə” gətirilmiş pul və hədiyyələrin müəyyən hissəsini çörəkyapanlara verərdi. Toy çörəyi ən azı iki tay, yəni yüz kiloqram undan yapılardı. Toydan bir gün qabaq köməyə gələnlərin içərisindən ən təcrübəliləri seçilər və lavaşı sulamaq onlara tapşırılardı. Çünki lavaşı isladanda diqqətli olmaq, suyu lazım olan qədər vurmaq lazımdır. Çörəyin toyda lazım olan qədərini istifadə edərdilər, qalanı isə xüsusi hazırlanmış çörək sandıqlarında quru şəkildə saxlanılardı”. 
Xanımların xoş söhbəti davam edir. Lavaşı yapıb bitirən xanımlar təndirdə südlü şirin çörək, dastana bişirib işini yekunlaşdırır. 
Qonağı olduğumuz bu məkanda çörək bişirən zəhmətkeş qadınlara tamaşa etdikcə illər öncəni xatırlayıram. Qış fəslinin çox sərt keçdiyi qədim diyarda ailələrin qış tədarükü arasında çörəkyapma adəti də mövcud idi.
Qış fəsli gəlməzdən əvvəl, təxminən, noyabr ayında da kənd qadınları hamılıqla toplanar, qohum-qonşu növbə ilə bir-birinə kömək edib qışa lavaş yapardılar. Lavaşın xəmiri yoğrulanda ailə üzvlərinin sayı nəzərə alınardı. Digər çörəklərdən fərqli olaraq quru lavaşı aylarla saxlamaq olur və istənilən vaxt ondan lazım olan qədər sulayıb, istifadə edirlər.     
Bu gün həmin toy çörəyi və qış çörəyi bişirilmə adətimiz davam etməsə də, lavaş bişirmə adətimiz hələ də yaşadılır. Və bu adət heç bir zaman unudulmayacaq. Çünki nə qədər müasir üsullar kəşf edilsə də, odun közündə qədim üsullarla bişirilən Naxçıvan lavaşının dadını heç nə əvəz edə bilməyəcək. 

Ramiyə ƏKBƏROVA

 

Nəşr edilib : 07.12.2025 10:13