NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Tələbə olan ana və oğul

...

Bu günlərdə Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində fərqli və nümunəvi bir mənzərənin şahidi olduq: ana və oğlu eyni təhsil ocağının tələbəsidir. Fərqli nəsilləri eyni məqsəd ətrafında birləşdirən təhsil öyrənməyin yaşının olmadığını bir daha sübut edir. Zəngin mədəni irsə malik olan xalqımız qadının həm ailədə, həm də cəmiyyətdəki mövqeyinə xüsusi ehtiramla yanaşıb. Məhz bu dəyərlərin real təcəssümünü özündə əks etdirən maraqlı və nümunəvi mənzərəni daha yaxından görmək üçün yolumuzu Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə saldıq.

Xatirə Əhmədova Qənnadıçı-şirniyyatçı ixtisası üzrə təhsil alır. Xatirə xanımla söhbətimiz zamanı bildirir ki, bu qərarı verməkdə onun əsas məqsədi həm özünü inkişaf etdirmək, həm də övladına nümunə olmaqdır. Onun fikrincə, insanın yaşı deyil, məqsədi və iradəsi önəmlidir. Deyir ki, öyrənməyin, yeni peşə qazanmağın və həyata yenidən başlamağın heç vaxt gec olmadığını həyat təcrübəsi ilə anlayıb: “Uşaqlıqdan şirniyyat hazırlamağa marağım olub. Ailəm və yaxınlarım hazırladıqlarımı bəyəndikcə bu marağım daha da artıb. Bu həvəsi peşəyə çevirmək arzusu ilə məhz bu ixtisası seçdim. Oğlumla eyni təhsil ocağında oxumaq çox fərqli və gözəl hissdir. Həm qürur duyuram, həm də aramızdakı bağ daha da möhkəmlənir. Bir-birimizi daha yaxşı anlayır, daim dəstəkləyirik. Dərs prosesində yaşımla bağlı ciddi çətinlik hiss etmirəm. Əksinə, həyat təcrübəm mənə üstünlük verir. Peşə təhsili mənə real bacarıqlar qazandırır və gələcək üçün geniş iş imkanları açır. Məqsədim öz sahəmdə peşəkarlaşmaq, qazanc əldə etmək və cəmiyyətə faydalı olmaqdır. Ailə və təhsili paralel aparmaqda məni ən çox motivasiya edən isə övladım və gələcəyə olan ümidlərimdir. Onun üçün daha güclü və daha inamlı bir ana olmaq istəyirəm. Qadınlara, xüsusilə analara demək istəyirəm ki, öz arzularını reallaşdırsınlar, heç vaxt “gecdir” deməsinlər. Gələcək planlarım arasında bu sahədə daha da təkmilləşmək və öz kiçik biznesimi qurmaq var. Öz şirniyyat məhsullarımla tanınmaq və halal zəhmətlə ailəmə töhfə vermək istəyirəm”.

Xatirə xanımın oğlu, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Cəbrayıl Əhmədov da söhbətə qoşulur. O, anası ilə eyni təhsil ocağında oxumağın onun üçün həm məsuliyyət, həm də qürur mənbəyi olduğunu bildirir. Cəbrayıl deyir ki, Kombi və kondisioner ustası ixtisasını seçməsinin əsas səbəbi bu sahəyə olan marağı və gələcəkdə daim tələbatlı peşə olmasıdır. Texniki işləri sevdiyini deyən Cəbrayıl Əhmədov əl işi ilə məşğul olmağın ona xüsusi zövq verdiyini vurğulayır. Gənc tələbə qeyd edir ki, anasının tələbə olması ona çox müsbət təsir göstərib: “Anamın dərslərə məsuliyyətlə yanaşması məni də daha ciddi və intizamlı olmağa sövq edir. O mənim üçün əsl nümunədir”. Cəbrayıl Əhmədov dərslərdə və praktiki məşğələlərdə ən çox avadanlıqların quruluşunu öyrənməkdən və nasazlıqların aradan qaldırılmasından zövq aldığını bildirir. Xüsusilə praktiki dərslərin bilik və bacarıqlarının möhkəmlənməsində mühüm rol oynadığını qeyd edir. Gələcək planlarından danışan gənc əvvəlcə təcrübəli bir ustanın yanında işləyərək peşə sirlərini dərindən öyrənmək, daha sonra isə öz işini qurmaq niyyətindədir. Onun əsas məqsədi məsuliyyətli və etibarlı usta kimi tanınmaqdır.

Bu nümunəvi ailə ilə söhbətimizdən sonra şahidi oluruq ki, onları qan bağı deyil, eyni yolu getmək, təhsil almaq və peşə sahibi olmaq da birləşdirir.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 23.01.2026 09:57