Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Son illərdə Azərbaycanda ali və orta ixtisas təhsili alan tələbələr üçün dövlət tərəfindən yaradılan mühüm maliyyə dəstək mexanizmlərindən biri Təhsil Tələbə Krediti (TTK) proqramıdır. Bu proqram maddi imkanları məhdud gənclərə təhsillərini yarımçıq qoymadan davam etdirmək üçün böyük fürsət yaradır. Xüsusilə regionlarda yaşayan və təhsil almaq üçün mərkəzə köçən tələbələr üçün TTK bəzən yeganə çıxış yolu olur. Naxçıvanda da tələbələrin bu kreditə marağı ildən-ilə artır. Tələbələr təkcə təhsil haqlarını yox, bəzən yaşayış xərclərini qarşılamaq üçün də bu dəstəyə müraciət edirlər. Məsələ ilə bağlı Naxçıvan Dövlət Universitetinin monitorinq və qiymətləndirmə sektorunun müdiri Elgün Tağıyevlə söhbətləşdik.
—Tələbələrin təhsil krediti ilə bağlı əsas müraciət səbəbi nədir?
—Təhsil haqlarını ödəməkdə çətinlik yaşayan tələbələrə maddi dəstək göstərmək başlıca səbəbdir. Bu məqsədlə dövlət tərəfindən tətbiq olunan kredit sistemi xüsusilə ödənişli əsaslarla təhsil alan tələbələrin maliyyə çətinlikləri üzündən təhsillərini yarımçıq qoymasının qarşısını almağa xidmət edir. Sistem, həmçinin gənclərin gələcək karyera planlarını reallaşdırmaları üçün davamlı təhsil imkanlarını qoruyur, onların sosial və peşə inkişafına mühüm töhfə verir. Beləliklə, təhsil krediti yalnız maliyyə yükünü azaltmaqla kifayətlənmir, eyni zamanda ölkənin intellektual potensialının inkişafına yönəlmiş mühüm sosial layihə kimi çıxış edir.
—Bu kreditin şərtləri və qaytarılma müddəti necə müəyyən olunur?
—Azərbaycan Respublikasında təhsil tələbə krediti sistemi ali və orta ixtisas, eləcə də peşə təhsili alan gənclərin maddi yükünü azaltmaq məqsədilə formalaşdırılıb. Bu kreditdən ölkədə rəsmi fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində bakalavriat (o cümlədən baza ali tibb təhsili), magistratura (rezidentura), orta ixtisas və peşə təhsili pilləsinin texniki və yüksək texniki peşə təhsili səviyyələrində əyani formada oxuyan, normativ təhsil müddətində akademik borcu olmayan Azərbaycan vətəndaşları yararlana bilirlər.
Kreditin qaytarılma müddəti təhsil pilləsindən asılı olaraq dəyişir. Belə ki, bakalavriat səviyyəsində bu müddət 14-22 il, magistratura səviyyəsində 12-18 il, orta ixtisas və peşə təhsili pillələrində isə 12-19 il arasında müəyyən olunur. Məzun olduqdan sonra tələbələrə 2 illik güzəşt dövrü təqdim edilir. Bu müddətdə gənclər işə başlamaq və ya sahibkarlıq fəaliyyəti qurmaq imkanı əldə edir, onlardan kreditin geri ödənilməsi tələb olunmur. Bundan əlavə, həqiqi hərbi xidmət, analıq məzuniyyəti, ağır xəstəlik, yuxarı təhsil səviyyəsində əyani formada oxuma, müəyyən müddətə məhkumluq və ya əlilliyi olan şəxslərə qulluq kimi hallar baş verdikdə, kreditin qaytarılmasına əlavə möhlət verilir və müqavilə müddəti həmin vaxta qədər uzadılır.
—Hansı tələbələr bu kreditdən yararlana bilər?
— Ölkəmizdə adıçəkilən kredit həm sosial, həm də standart kateqoriyalar üzrə təqdim olunur. Sosial TTK-dan sosial yardıma ehtiyacı olan tələbələr, ünvanlı dövlət yardımı alanlar, 3-cü dərəcə əlilliyi olanlar, əlil valideyni olanlar, işsiz valideyni olanlar və oxşar sosial həssas qrup nümayəndələri yararlana bilirlər. Bu kateqoriyaya ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar; ailə başçısını itirməyə görə əmək pensiyası alanlar; ailə başçısını itirməyə görə sosial müavinət alanlar; hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya digər qanuni nümayəndələri orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar; işsiz kimi rəsmi qeydiyyatda olanlar; yaşa görə əmək pensiyası alanlar; yaşa görə sosial müavinət alanlar; ailə başçısını itirməyə görə pensiya alanlar; orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alanlar; azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər daxildir. Qeyd olunmalıdır ki, TTK-nın veriləcəyi semestrdən əvvəlki yarımildə tələbənin hər hansı bir fənn üzrə akademik borcu olmamalıdır.
Standart TTK isə sosial kredit şərtlərinə uyğun olmayan, lakin akademik göstəriciləri yaxşı olan tələbələr üçün nəzərdə tutulub. Belə ki, sosial TTK almaq üçün müvafiq statuslara malik olmayan tələbələr aşağıdakı hər iki şərti təmin etməlidirlər: birinci, tədris ilinin ilk semestri üçün qəbul imtahanında toplanan balın fondun müəyyən etdiyi minimal həddən yuxarı olması (bakalavr səviyyəsi üçün 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə 100 bal; magistratura səviyyəsi üçün 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə 30 bal; subbakalavriat səviyyəsi üçün 110 bal); növbəti semestrlərdə isə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG-si) 71 və yuxarı olması və illik təhsil haqqının ən azı 20%-nin ödənilməsi. Bütün hallarda girov və zəmanət tələb olunmur. Akademik borcu olan tələbələr kredit ala bilməzlər və müraciətlərdə son semestrin nəticələrinə əsasən qərar verilir.
—Proqramın müsbət tərəfləri nələrdir?
—Proqram ölkədə təhsilin əlçatanlığını artırmaq, təhsildə rəqabət mühitini gücləndirmək və təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə maliyyə dəstəyi göstərmək məqsədi daşıyır. Bu layihənin ən mühüm üstünlüklərindən biri uzunmüddətli ödəmə imkanıdır. Tələbə oxuduğu dövrdə kredit borcunu ödəmək məcburiyyətində qalmır, məzun olduqdan sonra isə iki il güzəşt müddəti təqdim edilir. Daha sonra ən azı on il ərzində borcu mərhələli şəkildə ödəmək imkanı verilir. Geri qaytarma dövründə də əlavə güzəştlər tətbiq olunur.
Oxuduğu dövrdə işləyən tələbənin gəlir əldə etməsi kredit şərtlərinə təsir göstərmir. Müraciət prosesi tamamilə onlayn həyata keçirilir və sadə interfeys sayəsində tələbələr vaxt itirmədən proseduru tamamlayırlar. Kredit girovsuz və zəmanətsiz təqdim edilir, tələbələrdən əlavə təminat tələb olunmur.
TTK-nın akademik göstəricilərə görə tətbiq olunan güzəştləri də diqqətəlayiqdir. Məsələn, ÜOMG-si 91 və yuxarı olan tələbələr sosial kreditin 50 faizini, standart kreditin isə 25 faizini ödəməkdən azad olunurlar. Bundan başqa, sosial növdə ÜOMG-si 71 və yuxarı, standart növdə isə 91 və yuxarı olan tələbələr həmin semestr üçün götürdükləri kreditə görə faiz ödəmirlər. Təhsilin normativ müddətində bütün semestrlərdə ÜOMG-si 91 və yuxarı olan tələbələr üçün bu güzəştlər müqavilə şərtlərinə uyğun olaraq semestrin və təhsil səviyyəsinin sonunda tətbiq edilir.
Beləliklə, TTK yalnız maliyyə yükünü azaltmaqla kifayətlənmir, həm də tələbələrin akademik nailiyyətlərini stimullaşdıraraq təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə verir.
Gəldiyimiz nəticə budur ki, TTK tələbələrin həm maddi yükünü yüngülləşdirir, həm də onlara psixoloji dayaq olur. Çünki təhsil haqqının necə ödənəcəyini düşünmək yerinə, tələbə dərslərinə fokuslanır, daha yüksək nəticələr göstərir. Xüsusilə regionlardan gələn, kirayədə qalan və ya magistratura səviyyəsində oxuyan tələbələr üçün bu mexanizm həyatlarının dönüş nöqtəsinə çevrilə bilir.
Bununla yanaşı, mütəxəssislər hesab edirlər ki, proqramın daha da səmərəli işləməsi üçün bəzi sahələrdə təkmilləşmə vacibdir. Müraciət prosedurlarının sadələşdirilməsi, tələbələrin kredit şərtləri barədə daha geniş məlumatlandırılması və qaytarma mexanizmlərinin daha əlverişli hala gətirilməsi, onun təsir dairəsini artırar. Eyni zamanda faiz dərəcələrinin mümkün qədər aşağı salınması gənclərin borc yükünü azaldar və proqramı daha cazibədar edər.
Görünən odur ki, təhsil tələbə krediti yalnız bu günün yox, həm də gələcəyin təhsil strategiyasının vacib elementidir. Çünki təhsilə qoyulan hər investisiya, əslində, ölkənin gələcəyinə qoyulan sərmayədir. Maddi imkanların təhsilə mane olmaması üçün belə proqramların davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi zəruridir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər