NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Tarixin yeni səhifələrində Zəngəzur dəhlizi

...

Naxçıvanın sabahına ümidlə baxırıq

2026-cı ilin ilk günləri Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin gələcək yol xəritəsinə işıq salan və dərin mənası ilə yaddaqalan fikirlərlə əlamətdar oldu. Biz Naxçıvan mətbuatının nümayəndələri də həmin müsahibəni anbaan izlədik. Dövlət başçısının diyarımız haqqında səsləndirdiyi hər bir fikir sabaha olan inamı möhkəmləndirir, Naxçıvanın taleyinə və gələcəyinə işıq salır. 2026-cı ilin ilk siyasi mesajının, ilk geniş ictimai müraciətinin məhz jurnalistlərlə səmimi görüş formatında olması təsadüfi deyildi. Prezidentin açıq, qətiyyətli və səmimi çıxışı bizə jurnalist kimi üzərimizə düşən məsuliyyəti bir daha xatırlatdı. Onun toxunduğu hər mövzu qürur hissi ilə yanaşı, böyük ümidlər doğurdu. Naxçıvanın inkişaf perspektivləri, strateji mövqeyi, həyata keçiriləcək layihələr barədə səsləndirilən fikirlər bu diyarın sabahına inamımızı daha da artırdı. Dövlət başçısı bu görüşdə ölkə gündəmini formalaşdıran əsas məsələlərə aydınlıq gətirməklə yanaşı, Azərbaycanın regional və qlobal miqyasda artan strateji rolunu da diqqətə çatdırdı. Xüsusilə Zəngəzur dəhlizi mövzusu Prezidentin çıxışında mühüm yer tutdu. Prezidentin “Zəngəzur dəhlizinin reallaşması artıq həll olunmuş məsələ kimi qəbul edilməlidir” fikri bu məsələyə verilən qəti siyasi qiymətin ifadəsidir.

Biz cənab Prezidentə inanırıq

Zəngəzur dəhlizi tezliklə açılacaq və bu yol xalqımızın birliyi, gələcəyi üçün böyük bir ümid işığına çevriləcək. Azərbaycan tarixinin yeni səhifəsi yazılır. Bu səhifənin baş qəhrəmanı isə öz xalqının gücünə arxalanaraq həm hərb meydanında, həm də diplomatik masada qələbəyə imza atan Müzəffər Ali Baş Komandandır. Bu gün biz Şuşaya, Zəngilana, Laçına, Füzuliyə aparan Zəfər yolunun davamını görürük. Bu gün biz tarixə, sabaha, gələcəyə yol salırıq. Zəngəzur dəhlizinin açılması bölgədə yeni əməkdaşlıq imkanlarının da qapılarını açır. Zəfər təkcə silahla deyil, iradə ilə, uzaqgörənliklə və sarsılmaz birliklə qazanılır. Tarixin axarını dəyişən bu yol Azərbaycanın dünyaya çıxışının yeni formatıdır. Bu, bütöv Azərbaycanın yol xəritəsidir. Həmin tarixi ana şahidlik etmək həm böyük şərəf, həm də qürurdur. Zəngəzur dəhlizinin açılması milli həmrəyliyimizin, lider ətrafında sıx birləşməyimizin və sarsılmaz iradəmizin təntənəsidir. Hərb və sülh meydanının Qalib Sərkərdəsi bu tarixin memarıdır. Prezident İlham Əliyevin Naxçıvanla bağlı səsləndirdiyi digər mühüm fikir isə bu diyarın gələcəyinə yönələn strateji baxışın açıq ifadəsi oldu: “Naxçıvanın Baş planı hazırlanır. Qarabağ və Şərqi Zəngəzurda gedən tikinti işlərinə paralel olaraq Naxçıvanda da işlərə başlanılacaq”. Bu fikirlər Naxçıvanın inkişafının dövlət siyasətində xüsusi yer tutduğunu bir daha təsdiqləyir. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin paralel şəkildə Naxçıvanda da başlanması qədim diyarın ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi olduğunu göstərir. Naxçıvan üçün hazırlanacaq Baş plan bu torpağın sabahına atılan inamlı addımdır.Bu plan Naxçıvanın tarixi simasını qorumaqla yanaşı, onu müasir tələblərə cavab verən, rahat və yaraşıqlı məkana çevirməyi hədəfləyir. Burada hər daşın, hər yolun, hər binanın arxasında insan amili, vətəndaş rahatlığı dayanacaq. Bu çıxışdan aydın hiss olunur ki, Naxçıvan artıq ölkənin inkişaf ritminin ayrılmaz tərkib hissəsidir. Qədim Nuh yurdu yeni dövrə qədəm qoyur. Naxçıvan torpağında yaşayan hər bir insanın ürəyində sabaha olan inamı bir az da möhkəmləndirir.Üç saata yaxın davam edən bu müsahibə həmkarlarımızın yerində və vaxtında ünvanlanan sualları, cənab Prezident İlham Əliyevin isə hər bir mövzuya dərindən, faktlara söykənən cavabları sübut etdi ki, gündəmdə açıq qalan demək olar ki, heç bir məsələ cavabsız qalmadı. Və sonda səslənən bir cümlə bütün bu geniş, çoxşaxəli söhbətin mənəvi yekunu kimi yadda qaldı. Jurnalist Mir Şahin Ağayevin səsləndirdiyi “Dövlət böyük ailədir, biz sizə ailə səadəti arzulayırıq” fikri dövlətin ailə qədər doğma, rəhbərin isə bu ailənin məsuliyyətini daşıyan ata mövqeyində görünməsi həmin müsahibənin ən təsirli mesajı kimi yaddaşlarda qaldı.

Biz Sizə inanırıq, cənab Prezident! Çünki deyilən hər sözün arxasında görülən iş, verilən hər vədin arxasında əməl dayanır. Bu gün Azərbaycanın və onun timsalında Naxçıvanın sabahına ümidlə baxırıq. İnanırıq ki, atılan hər addım ölkəmizin gücünə güc qatacaq, ölkəmizi daha firavan, daha abad bir gələcəyə aparacaq.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 06.01.2026 10:26