NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Tarixin 2025-ci səhifəsi: güclü beynəlxalq nüfuza və möhkəm iqtisadi müstəqilliyə malik Azərbaycan

...

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət doktrinasi və iqtisadi inkişaf konsepsiyası sayəsində Azərbaycan 2025-ci ili bütün müstəvilərdə böyük nailiyyətlərlə, qələbələrlə başa vurdu. Dövlətimizin başçısı ötən il ərzində 309 tədbirdə iştirak etdi, 113 qəbul keçirdi, respublikanın müxtəlif regionlarına 38, xarici ölkələrə isə 20 səfər gerçəkləşdirdi. Bütün bu görüşlər, səfərlər Azərbaycanın beynəlxalq miqyasda siyasi nüfuzunu gücləndirdi, iqtisadi münasibətlərin tənzimlənməsindəki rolunu daha da artırdı. Prezident İlham Əliyev ötən il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də 2025-ci  ildə respublikamızın əldə etdiyi nailiyyətləri şərh etdi, 2026-cı ilin də ölkəmiz üçün uğurlu olacağına, ölkə qarşısında duran bütün vəzifələrin həmişəki kimi uğurla icra ediləcəyinə əminliyini ifadə etdi. Sitat: "2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir".
Azərbaycanın həm beynəlxalq münasibətlər sistemində, həm də regional əməkdaşlıq müstəvisində rolunun gücləndirilməsi baxımından son 5 illik dövr xüsusi mərhələ hesab olunur. Bəli, respublikamız Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra regionda yeni reallıqlar yaradıb ki, bu həm qonşu ölkələrin, həm də ölkəmizin öz iqtisadi qüdrətini artırması üçün kifayət qədər geniş perspektivlər açır. Təəssüf ki, yeni tarixi gedişata qısqanclıqla yanaşan, hər vəchlə sabitliyə, təhlükəsizliyi maneə yaratmağa çalışan xarici siyasi dairələr də yox deyil. Bu məqsədlə Azərbaycan ötən 5 ildə işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış siyasətini uğurla reallaşdırmaqla yanaşı, hərbi gücünü də xeyli artırmağı əsas prioritetlərdən hesab etdi və buna nail oldu. Dünyanın bir sıra dövlətləri ilə yeni hərbi kontraktlar imzalandı, Türkiyə, Pakistan kimi müasir hərbi gücə malik ölkələrin hərbi qulluqçuları ilə birgə təlimlər təşkil olundu, yeni komando birlikləri yaradıldı. Bütün bunlar isə, təbii ki, yeni müharibəyə deyil, ölkəmizin müdafiə qabiliyyətinin artırılmasına, regionda davamlı sülh və təhlükəsizlik arxitekturasının qurulmasına xidmət edir. Bu nöqteyi-nəzərdən qalib Azərbaycanın mövqeyi tam nəzərə alınmaqla Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşdırılması baxımından 2025-ci ildə olduqca uğurlu addımlar atıldı. Avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli danışıqlar nəticəsində respublikamızın irəli sürdüyü sülh gündəliyinin əsas götürülməsi Azərbaycan diplomatiyasının tarixi nailiyyəti kimi tarixə düşdü. 30 ilə yaxın mənasız danışıqlar arenasına çevrilən ATƏT-in Minsk qrupunun ləğvi, Azərbaycan-ABŞ strateji tərəfdaşlığına yol açan Anlaşma Memorandumunun imzalanması, ən nəhayət, Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasətinin parlaq ifadəsidir. Ölkə başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bu məqama xüsusi toxundu, tarixi Qələbəmizin dünyanın ən mötəbər yeri olan Ağ Evdə, Amerika Prezidentinin iştirakı ilə möhürləndiyini vurğuladı: "Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı qələbə qazanmışıq və bu qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır".
2025-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu xeyli artdı, mövqeləri gücləndi. Bunu göstərən əsas amillərdən biri də nüfuzlu siyasi, iqtisadi təşkilatların ölkəmizlə hərtərəfli əməkdaşlığa can atması, bu istiqamətdə təşəbbüslərlə çıxış etməsi, təkliflər irəli sürməsidir. Respublikamızın çoxvektorlu xarici siyasi xəttinin misilsiz uğurudur ki, 30 ildir, fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə məhz Azərbaycanı sıralarında görmək üçün genişlənməyə qərar verdi. Bu addım üzv ölkələrin Prezident İlham Əliyevin apardığı məharətli diplomatiyaya hörmət və etimadının nəticəsi kimi qiymətləndirilir. Həmçinin ötən il ölkəmiz Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçildi ki, bu da respublikamızın regionda kifayət qədər söz və nüfuza sahib olduğunu göstərir. 
2025-ci ildə Azərbaycanın qlobal siyasi nüfuzunu təcəssüm etdirən əsas faktorlardan biri də ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən Zirvə Görüşü ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəyin əyani ifadəsinə çevrildi. Bu addım həm də regionda yaranan yeni reallıqların artıq beynəlxalq miqyasda qəbul olunduğunu təsdiqlədi. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü də ötən ilə möhür vuran siyasi hadisələrdən oldu. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”  ideyasının növbəti təntənəsi olan bu görüş həm də TDT-nin regionda siyasi, hərbi güc balansını özündə cəmləşdirməyi, vahid konsepsiya əsasında respublikaların təhlükəsizliyinin əsas təminatçısına çevrilməyi hədəflədiyini göstərdi. Əminlikə demək olar ki, zirvə görüşü ilə bağlı imzalanan Bəyannamə gələcək birgə fəaliyyətin vahid yol xəritəsi rolunu oynamaqla ölkələrarası dostluğu və qardaşlığı həm siyasi, həm iqtisadi, həm də mədəni müstəvidə xeyli gücləndirəcək.
Ötən il ölkəmizin iqtisadi qüdrəti xeyli artdı, valyuta ehtiyatları rekord həddə – 80 milyarda yüksəldi, xarici borc isə minimal səviyyəyə endi. Azərbaycanın xarici borcunun ümumi daxili məhsulunun 6,3 faizini təşkil etməsi, valyuta ehtiyatlarının bu borcu 16 dəfə üstələməsi bir daha göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf konsepsiyası mütərəqqidir, müfəssəldir və alternativi yoxdur. Əldə olunan iqtisadi müstəqilliyin nəticəsidir ki, Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan dəstək almadan işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirir, minlərlə soydaşımızı öz dədə-baba torpaqların sürətlə və uğurla köçürür. Təqdirəlayiq haldır ki, "Böyük Qayıdış" proqramının icrası nəticəsində artıq keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl yaşayış, iş şəraiti yaradılıb. Ümumilikdə, hazırda işğaldan azad olunmuş torpaqlarda 70 minə yaxın insan yaşayır, çalışır, təhsil alır. 
Ümumilikdə, 2025-ci ilin siyasi, sosial-iqtisadi mənzərəsi belə deməyə əsas verir ki, Azərbaycan dövləti qarşıya qoyduğu hədəflər doğrusunda inamla irəliləyir. Heç bir xarici təzyiq və kənar müdaxilə həmrəylikdən, xalq-lider birliyindən güc alan bu irəliləyişi dayandıra bilməz. Prezident İlham Əliyevin dediyi kimi: "Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz".

Nail ƏSGƏROV

Nəşr edilib : 02.01.2026 10:04