Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Vaşinqton görüşü: regional sülh və faydalı əməkdaşlıq üçün mühüm siyasi nailiyyət
Azərbaycanın çoxtərəfli əməkdaşlığın inkişafı, regionlararası sülhün, dialoqun təmini, münasibətlərin tənzimlənməsi kimi humanist prinsiplərə söykənən uzunmüddətli, praqmatik siyasi xətti Azərbaycan-ABŞ əlaqələri üçün də strateji əhəmiyyətli mühüm perspektivlər açır və xüsusilə hazırkı məqamda ölkəmizin Ağ ev administrasiyası ilə yaxınlaşmasında misilsiz tarixi addımlar atılmaqdadır. Bu mənada, Prezident İlham Əliyevin Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə bu ölkəyə işgüzar səfəri həm Azərbaycan-ABŞ ikitərəfli münasibətləri baxımından, həm də regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyətə malikdir.
Donald Trampın hakimiyyət illəri 33 ildən artıq tərəfdaşlıq tarixi olan Azərbaycan-ABŞ münasibətlərinin inkişafında mühüm mərhələ təşkil edir. Bu baxımdan, Tramp administrasiyasının birinci dönəmi respublikamızla siyasi, iqtisadi, humanitar yaxınlaşmasında ilkin raund kimi dəyərləndirilə bilər. Azərbaycanın irəli sürdüyü təşəbbüslərin, xüsusilə Avropanın etibarlı enerji təminatında əhəmiyyətli rol oynayan Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün ABŞ-nin dəstəyi əlaqələrin ilk raundda inkişafının real göstəricisidir.
Trampın ikinci prezidentliyi dövrü isə cərəyan edən hadisələrin timsalında göründüyü kimi, Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycan diplomatiyasının rolunu daha da ön plana çıxarır. Enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması Azərbaycan-ABŞ münasibətlərinin yaxın gələcəkdə daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya çevriləcəyinin mesajıdır. Avqustun 8-də Ağ evdə baş tutan görüşlərin, dialoqların detallarına toxunmadan öncə ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyinə dair son bir ildə yaşanan tarixi məqamlara diqqəti çəkmək olar: Prezident İlham Əliyevin 2024-cü ilin yayında Şuşada təşkil olunan Qlobal Media Forumunda ABŞ-da keçiriləcək prezident seçkilərinə dair suala cavab verərkən Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlərlə strateji baxışını və Vaşinqtonda baş verən siyasi proseslərə obyektiv yanaşmasını nümayiş etdirməsi. Donald Trampın yenidən prezident seçilməsindən sonra iki lider arasında baş tutan telefon danışığı və məktub mübadiləsi. ABŞ liderinin Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşımı...
Sadaladığımız siyasi hadisələrin məntiqi davamı kimi Prezident İlham Əliyevin ABŞ səfəri, səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, ilk növbədə, məhz qeyd etdiyimiz Bakı-Vaşinqton siyasi təmaslarının daha da dərinləşdiyini və münasibətlərin yüksək mərhələyə, faydalı əməkdaşlıq səviyyəsinə daşındığını göstərir. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşdə də sözügedən məqama toxunaraq Azərbaycan-ABŞ münasibətlərinin hazırkı dönəmini yüksək qiymətləndirdi: “İlk növbədə, dəvətə görə minnətdaram. ABŞ Prezidentinin dəvətini qəbul edərək burada iştirak etmək böyük şərəfdir. Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Eyni zamanda ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu həm böyük imkan, eyni zamanda böyük öhdəlik və məsuliyyətdir”.
Birgə bəyannamə: sülhə uzanan birgə əl, əməkdaşlığa açılan vahid qapı
Bir neçə gündür, bütün dünyanın səbirsizliklə gözlədiyi həmin tarixi gün, tarixi məqam, nəhayət ki, yetişdi. Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında avqustun 8-də Ağ evdə baş tutan həm ikitərəfli, üçtərəfli görüşlər, həm də imzalanan sənədlər sülhə uzanan birgə əl, regional və beynəlxalq əməkdaşlığa açılan vahid qapı rolunu oynayır desək, yanılmarıq.
Tarixi Vaşinqton razılaşmasını, birinci növbədə, Azərbaycan-ABŞ münasibətləri üçün əvvəllər mümkünsüz görünən nailliyyətlərin əldə olunması baxımından əlamətdar siyasi hadisə kimi səciyyələndirmək olar. Bu mənada, ilk diqqətçəkən məqam zaman-zaman gündəmə gətirilən və ölkələrarası münasibətlərə ciddi xətər yetirən, respublikamıza dövlət yardımı qadağasını nəzərdə tutan 907-ci düzəlişin ləğv edilməsidir. Bununla da liderlər Azərbaycan-ABŞ münasibətləri tarixində yeni səhifə açdılar. Ağ evdə mövcud olan anti-Azərbaycan siyasətinin üzərindən birdəfəlik xətt çəkilərək faydalı əməkdaşlıq, strateji tərəfdaşlıq yoluna qədəm qoyuldu. Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması isə ölkələrarası əməkdaşlığın strateji formata keçdiyini rəsmi şəkildə təsdiqlədi. Beləliklə, 907-ci düzəlişin ləğvi və bu memorandum əsasında hazırlanacaq Strateji Tərəfdaşlıq Xartiyası ilə ABŞ-nin respublikamızla əvvəllər mövcud olan antiəməkdaşlıq səddi tamamilə aradan götürülərək qarşılıqlı sərmayələr, ticarət, enerji, rabitə, tranzit, süni intellekt, müdafiə təyinatlı məhsulların satışı, terrorizmlə mübarizəyə dair yeni iqtisadi münasibətlər sistemi yaranacaq. Mətbuata birgə bəyənatda Prezident İlham Əliyev strateji tərəfdaşlığı böyük imkan və böyük məsuliyyət kimi dəyərləndirib. Sitat: “Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir – qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, eyni zamanda müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Böyük imkanlar, fürsətlər açılır. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik və bu gün də olduğu kimi, işsizliyi daha da azaldacaq, eyni zamanda gələcəyə böyük nikbinliklə baxacağıq”.
Ağ evdə Donald Trampın şahidliyi əsasında imzalanan Azərbaycan və Ermənistan birgə bəyannaməsi, sülh sazişinin paraflanması isə bu iki ölkə arasında uzun illərdir, davam edən münaqişənin, müharibənin bitməsini göstərən davamlı sülhün təmini üçün siyasi nailiyyətdir. 7 müddəanın yer aldığı bəyannamə, böyük mənada, respublikamız tərəfindən illərdir ortaya qoyulan iradənin təsdiqi, dönməz qətiyyətin, sarsılmaz mövqeyin, mühüm təşəbbüslərin birmənalı dəstəklənməsidir. Və bütün bunların fonunda Ağ ev razılaşması Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra qazandığı ən böyük diplomatik zəfər, siyasi uğurdur. Bəli, dünyanın əsas güc mərkəzlərindən sayılan Vaşinqtonda Ermənistan tərəfi Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sülh sazişi üçün irəli sürdüyü iki legitim şərtindən birincisinin yerinə yetirilməsini açıq şəkildə qəbullandı, bəyan etdi. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalanması ilə iki ölkə arasında sülh gündəliyinə mənfi təsir göstərən əsas maneələrdən biri aradan götürüldü.
Ağ evdə əldə olunan və Azərbaycan diplomatiyasının tarixi nailiyyəti hesab edilən razılaşmalardan biri, bəlkə də, elə birincisi Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər ərazisini birləşdirəcək kommunikasiyaların açılmasını nəzərdə tutur. Beləliklə, Ermənistan öz ərazisindən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəyini təsdiqləməklə, əslində, elə Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi mütləq açılmalıdır, Azərbaycandan Azərbaycana maneəsiz keçid təmin olunmalıdır” ideyasını da təsdiqlədi. Bəli, uzun illərdir, davam edən haqsızlığa, xalqımıza qarşı yönəlmiş tarixi ədalətsizliyə son qoyulur, Naxçıvandan ölkəmizin digər ərazisinə quru yolla maneəsiz gediş-gəliş şəraiti yaradılır. Bu yol inkişaf, tərəqqi yoludur. Bu yol region ölkələrinin ticarət əlaqələrini möhkəmləndirərək iqtisadi gücə qovuşduracaq beynəlxalq nəqliyyat marşrutudur. Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında tranzit daşımaların həyata keçirilməsi üçün vaxta, yanacağa qənaət baxımından ən optimal, sərfəli yoldur. Bu addım Böyük İpək Yolunun bərpasına xidmət edir və Naxçıvanın tarixi missiyasını yenidən qazanmasına şərait yaradır. Zəngəzur dəhlizinin açılması ölkəmizin bu qədim diyarının turizm potensialının gücləndirilməsi, burada xarici sərmayədarların yatırımları hesabına yeni müəssisələrin yaradılmasına, ixrac imkanlarının artırılmasına güclü təkan verəcək. Beləliklə, yaxın vaxtlarda reallaşdırılacaq bu mühüm tranzit layihə həm region ölkələrinə, həm də Azərbaycana böyük maliyyə vəsaiti gətirəcək, əhalinin məşğulluğu təmin olunacaq, rifah hal xeyli yaxşılaşacaq.
Donald Tramp: “Azərbaycan xalqı böyük xalq, İlham Əliyev böyük liderdir”
Əbədi, tarixi zəfər təkcə döyüş meydanında deyil, həm də siyasi arenada qazanılır. Bu baxımdan, Azərbaycanın qələbəsi ona görə böyük qələbədir ki, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi həm döyüş meydanında, həm də qətiyyətli siyasi lider olaraq masada qalib oldu. Avqustun 8-də Ağ evdə Azərbaycan diplomatiyasının zəfərini göstərən, sübut edən təkcə imzalanan dövlət sənədləri, əldə olunan razılaşmalar deyil, həm də jestlər, mimikalar idi. Bəli, dünyanın “super gücü”nün başında duran şəxsin Prezident İlham Əliyevə olan hörməti, ehtiramı hər addımda, hər davranışda hiss olunurdu. Azərbaycanla ABŞ arasında Anlaşma Memorandumunun imzalanması mərasimində Donald Trampın ölkə başçımıza dediyi “Siz böyük lidersiniz”, “Xalqınız böyük xalqdır” sözləri təsadüfi fikirlər deyil, siyasi xarizmaya bəslənilən hörmət, dönməz iradəyə, qətiyyətli diplomatiyaya güclü rəğbət idi. ABŞ rəhbərinin 907-ci düzəlişin ləğvinə şəxsən Azərbaycan liderinin iştirakı ilə imza atması, Ağ evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim etməsi xalqımızı, ölkəmizi gözü götürməyən təxribatçı siyasi dairələrə, dövlətlərə tutarlı cavab, siyasi sillə oldu desək, tam yeridir.
Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri, Azərbaycan dövlətinin Vaşinqtonda qazandığı diplomatik zəfərin təntənəsi hələ uzun illər yaddaşlardan silinməyəcək. Bu siyasi nailiyyət Vətən müharibəsinin məntiqi davamı kimi, respublikamızın müzəffər respublika, xalqımızın müzəffər xalq olduğunu bütün dünyaya sübut edən başlıca göstəricidir, mühüm faktordur. Cənubi Qafqazın lideri Azərbaycanın dünyanın lideri ABŞ ilə strateji tərəfdaşlıq yoluna qədəm qoyması isə, sözün həqiqi mənasında, misli görünməmiş uğurdur. Ümumilikdə, Vaşinqtonda keçirilən görüşlər, dialoqlar, imzalanan sənədlər, əldə olunan razılaşmaların məğzinə varıb, mahiyyətini dərk edərək səfərin nəticələrinin Azərbaycanın milli maraqlarına tam şəkildə uyğunluğu böyük məmnunluq doğurur fikrini qətiyyətlə söyləmək olar. Prezident İlham Əliyevin Azərbaycanın media nümayəndələrinə müsahibəsində də dediyi kimi: “Mən səfərin nəticələrini çox yüksək qiymətləndirirəm. İlk növbədə, Prezident Trampın dəvəti ilə Amerikada işgüzar səfərdə olmaq, əlbəttə ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır. Əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün ABŞ ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir”.
Nail ƏSGƏROV
Digər xəbərlər