NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Tarixi rekord – 10 min meqavata bərabər generasiya gücü

...

Azərbaycanın təkcə külək enerjisi potensialı 150 giqavatdan çoxdur

Dünyamızda ildən-ilə artan enerji tələbatının ekoloji cəhətdən təmiz, “yaşıl yollar”la ödənilməsi dövlətlərin qarşısında dayanan ən önəmli və vacib məsələdir. Azərbaycan Respublikası da bir çox istiqamətlər üzrə yeni dövrün tələblərinə cavab verən ölkələr sırasındadır. Yeni ilin ilk günlərində dövlət başçısının yerli televiziya kanallarına müsahibəsində “yaşıl enerji” ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə hədəflənən, görülən və görüləcək işlərdən xəbər verdi: “Hazırda əsas vəzifə enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik”.

Ölkəmizin bütün ərazilərində olduğu kimi, işğaldan azad edilən torpaqlarımızda da bu sahədə bir çox işlər görülüb və görülməkdədir. Belə ki, Vətən savaşında qazanılan zəfərdən sonrakı son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Təkcə 2025-ci ilə nəzər saldıqda isə görürük ki, “8 Noyabr” elektrik stansiyasının, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su elektrik stansiyalarının istismara verilməsi nəticəsində enerji sisteminin qoyuluş gücü 15,6 faiz artaraq 9732,5 MVt-a çatdırılıb. Elektrik enerjisi istehsalında nüvə texnologiyalarının, o cümlədən Kiçik Modul Reaktorların (KMR) tətbiqi istiqamətində araşdırmalara başlanılıb və 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması, Araz çayı üzərində 100 MVt gücündə “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisi üçün tenderin 2026-cı ilin yanvar ayında yekunlaşdırılması nəzərdə tutulur. Naxçıvan enerji sisteminin reabilitasiyası istiqamətində müvafiq işlər aparılır.

Dövlət başçısı  müsahibəsində bu sahədə xarici investorların rolundan da danışıb “Masdar”, “ACWA Power”, bp kimi şirkətlərlə külək və günəş enerjisi layihələrinin, eləcə də Qara dəniz və Xəzər dənizinin dibi ilə nəzərdə tutulan kabel marşrutlarının Azərbaycanın həm mavi, həm də “yaşıl enerji” istehsalçısı və ixracatçısı kimi mövqeyini möhkəmləndirdiyini vurğuladı. Faydalı qazıntıların tam inkarının qeyri-real olduğunu, neft-qazla paralel “yaşıl enerji”yə keçidin məhz praqmatik kombinasiyaya əsaslanmalı olduğunu bildirərək Azərbaycanı bu keçidin regional “laboratoriyası” kimi təqdim etdi.

Bizim təkcə külək enerjisi potensialımız 150 giqavatdan çoxdur. Günəşli günlər də, Allaha şükür, çoxdur, həm Bakıda, həm bütün bölgələrimizdə. Xəzər dənizinin külək enerjisi potensialı kifayət qədər böyükdür. Ona görə bundan istifadə etməmək günah olardı. Biz bu imkanları dünya energetika aləminə təqdim edəndə onlardan böyük maraq gördük. Bu gün bizim əsas investorumuz Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir, hansı ki birinci Günəş elektrik stansiyasını inşa edib, 230 meqavat gücündə. İkinci stansiya yaxın günlərdə istismara veriləcək. Burada da investor Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. O da 240 meqavat gücündə olan stansiyadır. Üçüncü böyük stansiyanı bp şirkəti Cəbrayıl rayonunda inşa etməyə başlayıb, o da 240 meqavatdır. Bu, sadəcə olaraq, başlanğıcdır”.

Yanvarın 8-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasının Bakıda, “Gülüstan” sarayında rəsmi açılış mərasimində iştirak edən ölkə başçısı qeyd edib ki, “Bu gün ölkəmizin müxtəlif yerlərində bərpa olunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpa olunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir”.

Naxçıvanın enerji təminatı məsələləri ön plandadır

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması Ulu Öndərin uzaqgörən siyasətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk.

Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülən bərpa olunan enerji mənbələrindən is­tifadənin genişləndirilməsi istiqamətində görülən işlər 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə pa­yının 30 faizə çatdırılmasını hədəfləyir. Dövlət başçısının Qara­bağ və Şərqi Zəngəzurla bərabər, Naxçı­vanı da “yaşıl enerji zonası” elan etməsi və muxtar respublikanın yerləşdiyi əlve­rişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Qeyd etmək lazımdır ki, son illərdə muxtar respublikada ekoloji cəhətdən təmiz enerji istehsalı məqsədilə bir sıra addımlar atılıb. Xüsusilə yeni günəş və külək elektrik stansiyalarının tikilib isti­fadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpa olunan ener­jinin payını artırıb.

“Naxçıvan Muxtar Respublikasının so­sial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 priori­tet istiqamətin biri elektrik enerjisi isteh­salının və ixracının artırılması ilə bağlıdır ki, burada da əsas məqsəd “yaşıl enerji” istehsalıdır. Təkcə Dövlət Proqramı­nın qəbul olunduğu 2023-cü ildə muxtar respublikanın elektrik stansiyalarında 474 milyon 569 min 561 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun da 19,89 faizi su elektrik və 12,75 faizi günəş elektrik stansiyalarının payına dü­şür. Ümumilikdə, alternativ və bərpa olu­nan enerji mənbələrində istehsal edilən elektrik enerjisi ümumi enerji istehsalında 32,64 faiz təşkil edib. Bununla da muxtar respublikada günəş elektrik stansiyaları­nın ümumi gücü 39 meqavata çatdırılıb. Bu sırada isə günəş enerji­sindən istifadə imkanları daha çox ön pla­na çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların ortaillik miq­darı 2600-2800 saat, hər kvadratmetrə düşən günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat-saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə günəş ener­jisindən istifadə imkanı mövcuddur.

2024-cü il sentyabrın 28-29-da Naxçıvanda keçi­rilən Azərbaycan-Tükiyə 3-cü Enerji Fo­rumu və “Naxçıvan – yaşıl enerji zonası” beynəlxalq konfransında, eləcə də Bakı Enerji Forumunda Naxçıvanın enerji po­tensialı ilə bağlı xarici şirkətlərlə anlaşma memorandumları imzalanıb. Naxçıvanda “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 meqavat olan günəş elektrik stansi­yasının tikilməsi də nəzərdə tutulub. “Czech Engineering” şirkəti isə Sə­dərək rayonunun Türkiyə ilə sərhədin­də günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadə­si üzrə əməkdaşlıqda maraqlıdır. Eyni zamanda Almaniyanın “Notus” şirkəti Naxçıvanda “yaşıl enerji” layihələrini real­laşdırmaq niyyətindədir. İlkin mərhələdə pilot layihə olaraq 70 meqavatlıq günəş elektrik stansiyasının Naxçıvanın şi­mal-qərbində – Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə tikilməsi nəzərdən keçirilir.

Qeyd edək ki, 2025-ci il ərzində “Azərenerji” ASC “Naxçıvan Enerji” MMC-nin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəricilərinə görə, Naxçıvanda istehsal olunub şinə ötürülən ümumi elektrik enerjisinin 36,6 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.

Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji” potensialının gücləndirilməsi istiqamətində dövlətimizin qayğısı ilə görülən işlər və qədim diyarın əlverişli iqlim şəraitini nəzərə alaraq, demək olar ki, yeni layihələr tezliklə Nax­çıvanı həm “yaşıl enerji”, həm türk dövlətlərini birləşdirən dəhlizə çevirəcək.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 08.01.2026 17:56