NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Tarixi abidələr milli sərvətimizdir

...

Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar.

Tarix və mədəniyyət abidələrini xalqımızın milli sərvəti hesab edən  Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görmüş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcu kimi təsbit olunmuşdur. Bundan əlavə, 1998-ci il 10 aprel tarixdə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi və mühafizəsi öz əksini tapmışdır. 

Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınmışdır. Ümummilli Liderimiz  Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsas məqsədi bəşəriyyətin ortaq sərvəti sayılan tarixi abidələrin qədim tikililərin və mədəniyyət nümunələrinin qorunmasının vacibliyini insanlara çatdırmaqdır. Bu əlamətdar gün 1928-ci ildə İCOMOS  tərəfidən irəli sürülmüş və sonradan UNESCO tərəfindən beynəlxalq səviyyədə dəstəklənmişdir. Tarixi abidələr hər bir xalqın yaddaşıdır. Onlar, sadəcə, daşdan,  torpaqdan və ya tikilidən ibarət deyil.  Hər bir abidə özündə bir dövrün nəfəsini, insanların həyat tərzini, dünyagörüşünü  və mədəni dəyərlərini yaşadır. Bu abidələr vasitəsilə biz keçmişimizi daha dərindən anlayır,  tariximizin izlərini izləyir və milli kimliyimizi  daha yaxşı dərk edirik. Əgər bu abidələr qorunmazsa  biz yalnız maddi sərvəti deyil, həm  də  mənəvi yaddaşımızın bir hissəsini itirmiş olarıq. 

Azərbaycan Respublikası zəngin və qədim tarixə malik ölkələrdən biridir. Ölkəmizin ərazisində minilliklərə şahidlik edən çoxsaylı abidələr mövcuddur. Bu abidələr xalqımızın keçdiyi tarixi yolu, formalaşmış mədəniyyətini və yüksək sivilizasiya səviyyəsini əks etdirir.    Naxçıvan  memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi 2026-cı ildə geniş şəkildə qeyd olunacaq.  Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti 30 dekabr 2025-ci il tarixdə müvafiq  Sərəncam imzalamışdır. Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslübuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif Küseyr oğlu türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu  monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi  ilə seçilən misilsiz gözəlliyə malik ölməz sənət inciləridir. 

Biz fəxr edirik ki, Naxçıvanın orta əsrlər dövrünün belə bir görkəmli şəxsiyyətinə UNESCO səviyyəsində yubiley keçirilir. Ölkə başçısının müvafiq Sərəncamı ilə Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şah əsəri sayılan Möminə xatun türbəsində bərpa işləri həyata keçirilir. Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı bu monumental, zərif və gözəllik nümunəsi olan abidəyə ölkə Prezidentinin Sərəncamı ilə ikinci həyat bəxş ediləcək. Ulu Öndər Heydər Əliyev 1999-cu ilin oktyabr ayında Naxçıvanda rəsmi səfərdə olarkən Möminə xatun türbəsini ziyarət etmiş və orada çıxış edərək demişdir: “Bu abidənin qiyməti yoxdur. Çox vaxt, elə bu gün də bunu gözəl memarlıq abidəsi kimi təbliğ edirlər. Bu təbiidir, doğrudan da belədir. Dağılanlar dağılıb, amma qalanlar içərisində Möminə xatun məqbərəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bilirik ki, Əcəmi Naxçıvani və onun yaratdığı məktəb təkcə Naxçıvanı əhatə etmir, Şərq aləminin böyük bir hissəsində onun memarlıq üslubu, memarlıq məktəbi davam edib, böyük əsərlər yaradıblar”.

Prezident İlham Əliyevin imzaladığı Sərəncam zəngin tarixi-mədəni irsimizin mühafizəsi, beynəlxalq miqyasda təbliği və gələcək nəsillərə mükəmməl şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bu, tarixinə və milli-mənəvi dəyərlərinə bağlı olan hər kəsi, geniş ictimaiyyəti sevindirən addımdır. Minnətdarlıqla qeyd etməliyəm ki, ölkə Prezidentinin Sərəncamı ilə abidənin bərpası üçün  ayrılan vəsait nəticəsində bərpa prosesi uğurla aparılacaq və necə ki 800 ildən artıqdır ki, bu abidə yaşayır və bundan sonra da öz əzəməti, gözəlliyi, monumentallığı ilə Azərbaycan xalqının milliliyini, mənəvi dəyərlərini dünyaya təqdim edəcək. Möminə Xatın türbəsi qədim Naxçıvanın mühüm memarlıq abidəsidir və Naxçıvan tarixinin mühüm mərhələlərini əks etdirir. Möminə xatun abidəsi bu gün hər bir naxçıvanlının, qədim yurdumuza gələn qonaqların ən çox üz tutduqları ünvandır.

Əlbəttə ki, abidələrin bərpa olunması, onların qorunması yüksək peşəkarlıq tələb edir. Dövlətimizin yüksək qayğısı ilə bu abidələrin bərpasında  xarici mütəxəssislərin cəlb olunması əminlik yaradır ki, bizim tarixi abidələrimiz elmi əsaslandırmalar çərçivəsində bərpa olunacaq, onların orijinallığı qorunacaq və gələcək nəsillərə biz öz tarixi mirasımız haqqında orijinal, obyektiv məlumatlar ötürə biləcəyik.

Rəhim RƏHİMOV

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın  və  Açıq  

Səma Altında Muzey Kompleksinin direktoru

Nəşr edilib : 16.04.2026 15:05