Naxçıvan Muxtar Respublikasında may ayının 4-nə ol...
09:17 04.05.2025
0
0
0
NAXÇIVAN :
04 May 2025, Bazar
Dünən Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında “Tağıyev: Neft” bədii filminə tamaşa etdik. Bakı Media Mərkəzinin istehsalı olan və dahi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunan bu ekran əsəri “Tağıyev” filminin birinci hissəsidir. Filmi izləmək bizim üçün yalnız tarixi bir hadisəyə şahidlik deyil, həm də mənəvi bir təcrübə oldu.
Filmin nümayişi zamanı sarayda xüsusi bir aura hökm sürürdü. Qeyd etmək istərdim ki, filmi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, onların ailə üzvləri, filmin yaradıcı heyəti və aktyorlarla birlikdə izləmək bu təəssüratları daha da dərinləşdirdi. Bu, bir tamaşadan daha çox milli irsə hörmətin təntənəsinə çevrildi.
Film başladığı andan bitənədək zalda tam bir səssizlik hökm sürürdü. Hər kəsin nəfəsini içində tutaraq izlədiyi bu ekran əsəri, sözün əsl mənasında, duyğulara toxunur və yaddaşlara həkk olunur. Zaman necə keçdi, filmin necə sona çatdığını belə hiss etmədik. O qədər dolğun və təsirli idi ki, saatlarla film haqqında danışmaq olar. Amma mən bir tamaşaçı olaraq məhz ürəyimə toxunan bir neçə əsas məqamı bölüşmək istərdim.
"Tağıyev" filmini izləyərkən, sadəcə, bir tarixi şəxsiyyətin həyatına baxmırıq. Biz orada bir insanın inamla, əzmlə, səbir və qətiyyətlə dolu həyat yoluna şahid oluruq. Xüsusilə ilk hissədə yer alan neft qazıntıları epizodu mənim üçün çox təsirli oldu. Aylarla davam edən qazıntılar, çıxmayan neft, maddi çətinliklər, insanların ümidsizliyi… Hər şeyə rəğmən, Tağıyev yalnız bir şeyə arxalanırdı: öz inamına.
Ətrafındakı hər kəs ümidsizliyə qapıldığı, hər kəs geriyə çəkildiyi bir vaxtda o, inamını qorudu. Bu inam o qədər güclü idi ki, ailəsinin evini belə girov qoymaqdan çəkinmədi. O, hər şeyini riskə atdı, çünki içində bir səslə yaşayırdı: “Əgər bu yoldan dönsəm, heç nə dəyişməyəcək”. Bu əzmkarlıq, bu sonsuz inancla dolu ruh, nəhayət, öz bəhrəsini verdi — neft fontan vurdu və hər şey dəyişdi. Bu, yalnız maddi zəfər deyildi. Bu, mənəvi qalibiyyət idi.
Bu səhnələr mənə çox dərin bir dərs verdi: Həyat hər zaman dərhal cavab vermir. Bəzən sən illərlə səbirlə, səssizcə gözləməli, inanmalı və mübarizə aparmalısan. Tağıyev üçün neft, sadəcə, zənginlik deyildi — bu, gələcək nəsillərin, xalqının rifahı naminə atılmış addımların başlanğıcı idi. O yalnız özünü düşünmürdü, bir millətin inkişafı üçün yol açırdı.
Bu film mənə öyrətdi ki, insan bəzən mübarizəsində tək qalır. Amma əgər içində inamı və məqsədə bağlılığı varsa, o heç vaxt əsl mənada tək deyil. İnam və əzm gec-tez mükafatını verir. Və Tağıyev bu inamın canlı sübutudur.
“Tağıyev: Neft” filmi təkcə tarixə baxış deyil, həm də bugünkü gəncliyə, xüsusilə gələcək liderlərə bir yol xəritəsidir. Hər bir azərbaycanlının bu filmi izləməsi, bu böyük şəxsiyyətin irsindən ilham alması vacibdir.
Filmin növbəti bölümlərini səbirsizliklə gözləyir və bu möhtəşəm əsərə imza atan bütün yaradıcı heyətə dərin təşəkkürümü, ürəkdən gələn uğur arzularımı bildirirəm.
Sara Əzimova
“Şərq qapısı” qəzetinin baş redaktoru
Digər xəbərlər