NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Sülh Şurasının ilk iclası: Azərbaycanın qlobal sülh çağırışları fonunda artan rolu

...

Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar və bu xüsusda həyata keçirdiyi sülh diplomatiyası, sülhsevər missiya beynəlxalq səviyyədə öz təsdiqini taparaq nüfuzunu artırmaqda davam edir. Yaxın Şərq Sülh Sammiti, Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi siyasi, iqtisadi, humanitar platformalarda yüksək səviyyədə təmsilçilik, Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli, çoxtərəfli görüşlər, panel müzakirələrdəki çıxışları və bütün bunların dünya mediasında geniş işıqlandırılması respublikamızın mövqeyinə olan birmənalı dəstəyin ifadəsidir. Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi qəbulu da məhz ölkəmizin həm regional, həm də qlobal sülhün təşviqindəki fəal rolunun təcəssümüdür. Fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasına Prezident İlham Əliyevin dəvət alması isə həm də respublikamızın dəyişən dünya nizamında, yeni sülh, təhlükəsiz arxitekturanın formalaşdırılması istiqamətindəki təşəbbüslərinə etimadın nəticəsidir.

Fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasının məqsədi ABŞ administrasiyasının Qəzzanın yenidən qurulması planı üçün vəsait toplamaq idi. Bu baxımdan, xatırlatmaq yerinə düşər ki, Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə “Sülh Şurasının Nizamnaməsi” sənədinə əsasən Davosda Dünya İqtisadi Forumu çərçivəsində təsis edilib. Və nizamnaməyə əsasən daimi üzv olmaq istəyən ölkələr 1 milyard dollar töhfə verməlidirlər. ABŞ administrasiyası sammitdə iştirak etmək üçün, təxminən, 60 ölkəyə rəsmi dəvət göndərmişdi. Tramp bu görüşlə bağlı açıqlamasında Qəzza zolağında humanitar yardım və yenidənqurma üçün 5 milyard dollar ayrılacağını bildirmişdi, ancaq təşəbbüs daha böyük oldu. İclasın sonunda Sülh Şurasının maliyyə intizamı və şəffaflığı prinsipləri haqqında qətnaməsi imzalandı, Qəzzada təmir-bərpa işləri üçün 7 milyard dollar ianə edildi.

Regionallıqdan qlobal müstəviyə çıxan mürəkkəb geosiyasi vəziyyətin nizama salınmasına xidmət edən belə bir mühüm iclasda Azərbaycan liderinin iştirakı, təbii ki, onun qazandığı siyasi nüfuzdan və güclü təşəbbüskar mövqeyindən, ümumbəşəri xarakter daşıyan sülhsevər missiyasından irəli gəlir. Eyni zamanda ölkəmizin xarici siyasətindəki çoxvektorlu, balanslı yanaşma da təmsilçilikdə mühüm amildir. Bu xüsusda respublikamızın zaman-zaman Türkiyə-İsrail, Rusiya-Ukrayna münasibətlərində barışdırıcı aktor kimi çıxış etməsi, xüsusilə də Ukraynaya, Suriyaya humanitar yardımlar ayırması, Əfqanıstanda ABŞ ilə birgə sülhsevər missiyanı uğurla yerinə yetirməsi də Sülh Şurasının ilk  iclasında Azərbaycanın iştirakı baxımından önəmli nüanslardır.  

Prezident İlham Əliyevin ən böyük sülhsevər missiyası, sözsüz ki, məhz 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli sülhlə bitməsində özünü göstərdi. 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edən müharibədə ədalətli zəfər qazanan ölkə başçımız 5 il sonra – ötən il avqustun 8-də Vaşinqtonda sülh masası arxasından diplomatik zəfərlə qalxdı. Vaşinqton görüşündən cəmi 6 ay sonra – bu il fevralın 10-da isə Azərbaycan-ABŞ Strateji Tərəfdaşlığının əsası qoyuldu. Ötən müddətdə Azərbaycan-Ermənistan münasibətlərindəki buzların yavaş-yavaş əriməsi, qarşı tərəfin atəşkəsi pozmaması həm də respublikamızın regional əməkdaşlığı dəstəkləyən təşəbbüslərlə çıxış etməsi, o cümlədən də Ermənistana neft məhsullarının ixracına başlanması ilə əlaqədardır. Bu xüsusda bir fakta diqqəti çəkmək yerinə düşər ki, 2025-ci ildə Azərbaycan Ermənistana 788,8 min Amerika Birləşmiş Ştatları dolları dəyərində məhsul ixrac edib. Ermənistandan Azərbaycana heç bir məhsulun ixrac edilməməsi isə ticarət dövriyyəsində, münasibətlərin normallaşması prosesində Azərbaycanın daha təşəbbüskar mövqedə dayandığını göstərir. Məhz bütün sadaladıqlarımız bu reallıqların, təşəbbüslərin müəllifi kimi bu gün Prezident İlham Əliyev Vaşinqtonda dünya üçün mühüm məsələnin həlli məqsədilə dəvət olunmuş qlobal sülh və regional təhlükəsizliyə töhfə verəcək sayılıb-seçilən liderdir. Fevralın 19-da Sülh Şurasının ilk iclası çərçivəsində “SÜLH” sözünün yazıldığı fon qarşısında Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın bir-birinin əlini sıxması isə regiondakı sülhün dayanıqlığının daha bir rəmzi göstəricisinə çevrildi. İclasda çıxışı zamanı Donald Trampın məhz Azərbaycan və Ermənistan arasındakı sülhü nümunə kimi qeyd etməsi, Prezident İlham Əliyevə qarşı dostluq jestləri regionun gələcəyi üçün mühüm nikbin perspektivlər vəd edir: “Bilirsiniz, müharibə edəndə onun xərcləri sülhün dəyərindən 100 qat artıq olur. Orada sonda əyləşən cənabı (Prezident İlham Əliyevi - red.) görürük. O gülümsəyir. Otuz il mübarizədən sonra bu, aydın oldu, elə deyilmi? Otuz il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz”.

Bəli, Azərbaycanın 30 illik münaqişə dönəmi belə deməyə əsas verir ki, dünyada beynəlxalq hüquq işləmir. Aparıcı təşkilatların, o cümlədən də BMT-nin qəbul etdiyi qətnamələr, sadəcə, kağız üzərində qalır, onun icrası üçün qurumun heç bir effektiv təzyiq, təsir mexanizmi yoxdur. Belə olan halda, dünyada “super güc” kimi böyük nüfuza malik bir dövlətin rəhbərinin mühüm qlobal missiyanı üzərinə götürməsi, bu məqsədlə Sülh Şurasını təsis etməsi olduqca vacib amildir. Fevralın 19-da keçirilən Sülh Şurasının ilk iclasında səslənən fikirlər, xüsusilə də Trampın “Sülh Şurası təkcə Qəzzayla deyil, həm də dünyanın digər qaynar nöqtələri ilə də maraqlanacaq” deməsi təsisatın daha da böyüyəcəyinə, dünya nizamının düzgün formalaşması istiqamətində əhəmiyyətinin yaxın gələcəkdə daha da artacağına əminlik yaradır. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan telekanallarına müsahibəsində Donald Trampın dünyadakı sülhsevər missiyası və Sülh Şurasının fəaliyyəti barədə dediyi kimi: “Hesab edirəm ki, böyük gələcəyi olan təşkilatın – Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü. Əlbəttə ki, hər şey gündəlikdən asılı olacaq. Bildiyiniz kimi, birinci sammit tezliklə baş tutacaq. Hər kəsə sammitin gündəliyinin nədən ibarət olduğunu və nəticənin nə olacağını bilmək maraqlıdır. Lakin artıq daha çox ölkələr dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir”.

Nail ƏSGƏROV

Nəşr edilib : 20.02.2026 10:52