NAXÇIVAN :

03 May 2026, Bazar

Sublimasiya olunmuş meyvələr faydalıdır, yoxsa zərərli?

...

Ənənəvi qurudulmuş qidalar uzun illərdir, istehlak edilsə də, bu gün bazarda və sosial platformalarda qarşılaşdığımız meyvə və dondurma quruları tamamilə yeni texnoloji yanaşmanın məhsuludur. “TikTok”, “Instagram” və “YouTube” kimi platformalarda paylaşılan videolar bu məhsulları qısa müddətdə viral fenomenə çevirib və onları gənclər arasında populyar istehlak obyektinə cevirib. Meyvə və dondurma quruları yalnız vizual maraq doğurmaqla kifayətlənmir, eyni zamanda sağlam qidalanma anlayışı ilə də əlaqələndirilir. Tərkibində suyun böyük hissəsinin çıxarılması hesabına uzunömürlü olan bu məhsullar, düzgün istehsal olunduqda, meyvənin dadını və qida dəyərini böyük ölçüdə qoruyub saxlaya bilir. Bu xüsusiyyətlər onları həm gündəlik qəlyanaltı, həm də idmançılar və aktiv həyat tərzi sürən insanlar üçün alternativ qida seçiminə çevirir.

Bununla yanaşı, trendin arxasında dayanan kommersiya maraqları və istehlak psixologiyası da diqqətdən kənarda qalmamalıdır. Sosial mediada “sağlam”, “təbii” və “innovativ” kimi təqdim edilən bəzi məhsulların tərkibində əlavə şəkər, süni dadlandırıcı və kimyəvi qatqı maddələrinin olması cəmiyyət üçün müəyyən suallar yaradır. Bu baxımdan, meyvə və dondurma quruları yalnız qida trendi kimi deyil, həm də qida təhlükəsizliyi, istehlakçı məlumatlılığı və müasir marketinq strategiyalarının bir göstəricisi kimi təhlil edilməlidir. Bəs meyvə və dondurma quruları adi meyvələrlə müqayisədə nə dərəcə sağlam hesab edilə bilər və hansı hallarda zərərlidir? Bu və bu kimi sualların cavabını öyrənmək üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasının allerqoloqu Arzu Rəhimova ilə həmsöhbət olduq. O, bildirdi ki sublimasiya olunmuş meyvələr ilk öncə dondurulur və vakum şəklində onun tərkibindəki su buxarlandırılır. Digər meyvələrdən fərqi isə odur ki, tərkibindəki su çıxarılıb və bunlar konsantrantdır. Normal miqdarda istifadəsində heç bir zərəri yoxdur. Bunların tərkibində şəkər bir az daha çox olduğu üçün istifadəsi zərərlidir. Həkim bildirdi ki, allergiyası və şəkərli diabeti olan insanlar normal meyvələrdən necə ki tam istifadə edə bilmirlər, eyni ilə də qurudulmuş formasını istifadə edə bilməzlər. Çünki onlar tərkib olaraq eyni qalırlar. O bildirdi ki, sublimasiya olunmuş meyvələr daha uzunömürlüdur və istifadəsi daha rahatdır. İstifadə edilə bilər. Lakin tərkibindəki şəkər çox olduğu üçün lazımından çox istifadə bədənə zərər verə bilər.

Həkimlə söhbətimizdən belə qənaətə gəlirik ki, meyvə və dondurma quruları bu gün, sadəcə, qida məhsulu deyil, müasir istehlak mədəniyyətinin güzgüsüdür. Həkimlərin də vurğuladığı kimi, bu trend nə tam zərərli, nə də möcüzəvi sağlam seçimdir. Əsas məsələ məhsulun tərkibini oxumaq, ölçünü bilmək və “viral” olan hər şeyi avtomatik olaraq sağlam hesab etməməkdir. Qida texnologiyası inkişaf etdikcə seçimlərimiz artır, lakin sağlamlıq məsuliyyəti yenə də istehlakçının üzərində qalır.

Ayşən ADIGÖZƏLOVA

Naxçıvan Dövlət Universitetinin Jurnalistika

ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 03.02.2026 14:21