Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Son illər Naxçıvanda su ehtiyatlarının azalması təkcə kənd təsərrüfatı deyil, həm də içməli su təminatında ciddi narahatlıq doğurur. İqlim dəyişikliyi, yağıntıların azalması, su itkiləri və düzgün idarə olunmayan infrastruktur bu problemi daha da dərinləşdirir. Əkin sahələrinin suvarılması, əhalinin içməli su ilə təminatı və alternativ mənbələrin axtarışı artıq gündəmin prioritet mövzularındandır. Məhz bu suallara aydınlıq gətirmək və mövcud vəziyyəti dəqiq qiymətləndirmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Emil Səfərovla söhbətləşdik:
– Emil müəllim, hazırda Naxçıvandakı əsas su anbarlarından olan Araz, Uzunoba, Bənəniyar, Arpaçay, Heydər Əliyev və digər su anbarlarının doluluq səviyyəsi necədir və bu göstəricilər əvvəlki illərlə müqayisədə nə dərəcədə dəyişib?
– Ümumilikdə, muxtar respublikada irili-xırdalı otuza yaxın su anbarı mövcuddur. Onların ümumi layihə gücü 301 milyon kubmetr təşkil edir, bugünkü gündə anbarlarda qalan suyun miqdarı isə 125 milyon kubmetrdir. Ötən il həmin göstərici 235 milyon kubmetr idi. Burada adıçəkilən Araz su anbarının layihə gücü 1 milyard 254 milyon kubmetrdir. Bu anbarın su ehtiyatından Azərbaycan Respublikası və İran İslam Respublikası tərəfindən müştərək istifadə olunur. Ümumilikdə, Araz çayının üzərində müxtəlif su anbarları var: Araz su anbarı, Qız qalası su anbarı və bu yaxınlarda istifadəsi nəzərdə tutulan Xudafərin su anbarıdır ki, onun da tutumu 1 milyard 540 milyon kubmetrdir. Araz su anbarında kifayət qədər su ehtiyyatı olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası ərazisində bu sudan istifadə çox aşağı səviyyədədir. Düzdür, mexaniki suvarma əlavə xərc tələb edən suvarma metodudur, lakin mövcud vəziyyətdə digər alternativ yoxdur. Bununla bağlı bir neçə layihələrimiz vardır ki, onlardan biri də Araz su anbarından Heydər Əliyev su anbarına suyun transferini etməkdir.
Layihə gücü 150 milyon kubmetr olan Arpaçay su anbarında hazırda 86 milyon kubmetr, layihə gücü 100 milyon kubmetr olan Heydər Əliyev su anbarında da 26 milyon kubmetr su mövcuddur. Heydər Əliyev su anbarında olan ümumi su ilə Naxçıvan şəhərinin və Babək rayonunun şəhərətrafı bəzi kəndlərinin bütün içməli su ehtiyatı ödənilir. Eyni zamanda 23 min hektar ərazinin suvarılması da Heydər Əliyev su anbarının hesabına aparılır. İstifadəyə verildiyi müddətdən bu yana Heydər Əliyev su anbarı cəmi dörd dəfə tam dolub. 23 min hektar ərazini bir neçə dəfə suvarmaq üçün isə hər il, təxmini, 60-70 milyon kubmetr su ehtiyatı lazımdır. Bu təkcə əkin üçün nəzərdə tutulan miqdardır. Bu il isə faktiki olaraq, təxmini, 31 milyon kubmetr su ehtiyatı əkin üçün toplana bilib. Həmin suyun toplana bilməsinin səbəbi isə keçən il anbarın dolması olub. Anbara hazırda su daxilolması sıfır dərəcəsindədir. Bundan əlavə, isə buxarlanma da mövcuddur. Hazırda kütləvi biçin dövrünün bitməsi ilə əlaqədar olaraq yalnız bostan əkinləri və yaşıllıq sahələrinin suvarılması üçün su ehtiyatının ayrılması nəzərdə tutulub. Su həcminin anbarlarda paylanması da qeyri-bərabərdir. Məsələn, bu gün Arpaçay su anbarındakı 86 milyon kubmetr həcmində su Şərur və Sədərək rayonlarını tam Kəngərli rayonunun isə bir hissəsinin su təminatını qarşılaya bilər, lakin digər anbarlardakı suyun miqdarı isə çox aşağı olduğundan onların əhatə etdikləri ərazilərdə su təminatı çox aşağı səviyyədədir. Buna görə də biz gələcək layihələrimizdə suların inteqrasiyalı idarə olunması üçün layihələr nəzərdə tutmuşuq.
– Alternativ su mənbələrinin (artezian quyuları, yağış sularının yığılması və sair) istifadəsi ilə bağlı hansı addımlar atılır və bu istiqamətdə konkret layihələr varmı?
– Yağış sularının təkrar istifadə olunması üçün hövzələr üzərində su anbarları tikilir, həmçinin şəhərlərə düşən yağıntılar bu məqsəd üçün inşa edilmiş xüsusi suötürücü qurğularla su anbarlarına yönləndirilir. Bu tip layihələrin gələcəkdə Naxçıvan Muxtar Respublikası ərazisində tətbiqi nəzərdə tutulur. Hazırda alternativ mənbələr kimi yeraltı su qaynaqlarından, artezian quyularından xüsusən quraqlıq dövrlərdə aktiv istifadə olunur. Təəssüf ki, bu gün yeraltı su ehtiyatlarından muxtar respublika ərazisində sistemli şəkildə istifadə olunmadığı hallarına da rast gəlinir. Belə ki, bəzi ərazilərdə subartezian quyularının icazəsiz və plansız şəkildə qazılması nəticəsində yeraltı suların təbii dinamikası pozulur. Qeyd olunmalıdır ki, yeraltı su ehtiyatları yalnız alternativ su mənbələri mövcud olmadıqda və zəruri hallarda istismar edilməlidir. Ümumiyyətlə, həm yeraltı, həm də yerüstü su ehtiyatlarının idarə olunması mövcud qanunvericiliyə əsasən yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilə bilər. Bu baxımdan su ehtiyatlarından istifadə zamanı qanunvericiliyin tələblərinə əməl olunması, həm təbii balansın qorunması, həm də gələcək nəsillər üçün su təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
– Son olaraq su ehtiyatının azaldığı bir dövrdə sudan qənaətlə istifadə necə aparılmalıdır?
– Bu gün sudan səmərəli və qənaətli istifadə edilməsi ən çox diqqət çəkməli olduğumuz mövzudur. Su yoxdursa, həyat da yoxdur. Bunu mütləq şəkildə yadda saxlamaq lazımdır. Bizim hər birimiz su istifadəçisiyik. Su ehtiyatlarının qorunması təkcə bu sahəyə məsul qurumların deyil, hər kəsin məsuliyyətində olmalıdır. Cari ildə bu sahədə yaşanan problemlərdən dolayı vətəndaşlar tez-tez müraciət edirlər. Biz vətəndaşların şikayət və ərizələrini cavablayanda da, görüş keçirəndə də izah etməyə çalışırıq ki, “su vermirsiniz” ifadəsi doğru deyil. Bu gün muxtar respublikada hər bir vətəndaşın içməli su təminatı tam ödənilir. Suvarma su təminatının tam ödənilməsi üçün mütəmadi işlər görülür, su ehtiyatlarının hazırkı vəziyyətini nəzərə alıb, suyun verilməsi nəzarətdə saxlanılır. Sudan səmərəli istifadə isə hər bir istifadəçinin öz əlindədir. Həm məişətdə, həm təsərrüfatda sudan səmərəli istifadə mümkündür. Bu məqsədlə idarəmiz tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri görülür.
– Suallarımıza ətraflı cavab verdiyiniz üçün təşəkkür edirik.
Rafiq TƏHMƏZ
Digər xəbərlər