NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Stomatoloji sahədə mühüm yenilik: yeni avadanlıqlar istifadəyə verildi

...

Bu gün tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Verdiyi bütün vədlərə həmişə sadiqlik göstərən, hər bir azərbaycanlının Prezidenti olduğunu əməli işi ilə təsdiqləyən dövlət başçısı cənab İlham Əliyev dahi rəhbərin müəyyənləşdirdiyi strateji siyasət kursunu səhiyyə sistemində də layiqincə davam etdirir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş Dövlət proqramlarnın həyata keçirilməsi xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verməkdədir. Ağız və diş sağlamlığı insan sağlamlığının əsas göstəricilərindən biri hesab olunur. Diş və ağız boşluğunda yaranan problemlər təkcə estetik görünüşə deyil, ümumi sağlamlıq vəziyyətinə də ciddi təsir göstərir. Bu baxımdan, stomatoloji xidmətlərin müasir tələblərə uyğun qurulması, müayinə və müalicə prosesində yeni texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Pasiyentlərə daha keyfiyyətli, təhlükəsiz və operativ xidmət göstərilməsi məqsədilə son illər səhiyyə müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Bu istiqamətdə həyata keçirilən yeniliklərdən biri də Naxçıvan şəhərində yerləşən “Ağız-Diş Sağlığı Mərkəzi”nin yeni nəsil tibbi avadanlıqlarla təhciz edilməsi  olub. Müasir standartlara cavab verən həmin avadanlıqların tətbiqi həm diaqnostikanın daha dəqiq aparılmasına, həm də müalicə prosesinin daha rahat və effektiv təşkilinə imkan yaradacaq.

Bu mövzuda həmsöhbətimiz “Ağız-Diş Sağlığı Mərkəzi”nin direktoru, muxtar respublikanın baş stomatoloqu Azər Həsənovdur. Həkim bildirdi ki, müasir səhiyyə sisteminin əsas məqsədlərindən biri əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, diaqnostika və müalicə imkanlarının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu məqsədlə klinika üçün alınmış yeni stomatoloji avadanlıqlar tibbi xidmət sahəsində mühüm yenilik hesab olunur. Onun sözlərinə görə, təqdim olunan avadanlıqlar sırasında müasir stomatoloji qurğular, rəqəmsal rentgen sistemləri, KT-sefalometrik və panoramik rentgen cihazları, endodontik cihazlar, sterilizasiya və dezinfeksiya avadanlıqları, həmçinin rəqəmsal intraoral və 3D skanerlər yer alır. Bu texnologiyalar həkimlərin daha dəqiq diaqnostika aparmasına, müalicə prosesinin sürətlənməsinə və pasiyent məmnuniyyətinin artırılmasına geniş imkan yaradır.

Azər həkim  qeyd etdi  ki, istifadəyə verilən KT-sefalometrik və panoramik rentgen sistemləri stomatologiyada yüksək dəqiqlikli diaqnostikanın aparılmasına geniş imkan yaradır. Panoramik rentgen vasitəsilə bütün diş sırası, çənə sümükləri və ağız boşluğunun ümumi vəziyyəti bir görüntüdə qiymətləndirilir. KT-sefalometrik sistem isə ortodontik planlama, implantoloji müayinələr və çənə-sümük strukturlarının üçölçülü analizində mühüm rol oynayır. Bu texnologiyalar diaqnostikanın keyfiyyətini artırmaqla yanaşı, daha düzgün və effektiv müalicə planının hazırlanmasına şərait yaradır.

Həkim bildirdi ki, bununla yanaşı, rəqəmsal intraoral rentgen və 3D skan sistemləri stomatologiyada innovativ yanaşmanın tətbiqinə xidmət edir. Bu avadanlıqlar vasitəsilə xəstələrin müayinəsi daha dəqiq, təhlükəsiz və operativ şəkildə həyata keçiriləcəkdir, sterilizasiya sahəsində istifadə olunacaq avtoklav, ultrasəs təmizləyici və paketləmə cihazları tibbi təhlükəsizlik standartlarının tam təmin edilməsinə, infeksiya riskinin minimuma endirilməsinə mühüm töhfə verəcəkdir. Bu avadanlıqların istifadəyə verilməsi nəticəsində əhaliyə göstərilən stomatoloji xidmətlərin keyfiyyəti yüksələcək, müasir tibbi texnologiyaların tətbiqi genişlənəcək və vətəndaş məmnuniyyəti daha da artacaqdır.

Müasir tibbi avadanlıqların alınmasına və səhiyyə sahəsinin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirən Azər həkim qeyd etdi ki, “Ağız-Diş Sağlığı Mərkəzi”ndə  çalışan hər bir həkim və texniki heyyət də bu sahədəki dövlət siyasətinin qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirməklə muxtar respublika sakinlərinə yüksək səviyyədə xidmət göstərəcək.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 28.05.2026 17:00