NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Sözün qaya zirvəsində: Xaqani Şirvaninin 900 illik sükutdan gələn səsi

...

Zaman sözün üzərindən keçə bilir, amma sözü zamandan keçirənlər var. Xaqani Şirvani məhz bu nadir talelərdəndir. Onun doğumundan doqquz əsr keçsə də, poeziyasının səsi hələ də daş yaddaşlı Şirvan torpağından qalxaraq insan düşüncəsinə yol tapır. 900 il – bu, sadəcə, bir tarix deyil, sözün əbədiyyətlə imtahanıdır.

Xaqani Şirvani Şərq poeziyasında yalnız bir şair kimi deyil, fikrin cəsarəti, sözün ağırlığı və ruhun üsyanı kimi tanınır. O, qəsidəni tərifdən xilas edib düşüncəyə çevirdi, şeiri saray divarlarından çıxarıb insan vicdanının aynasına saldı. Onun misralarında yalnız bədii zövq deyil, fəlsəfi dərinlik, ictimai narahatlıq və mənəvi sorğu var.

Xaqaninin poeziyası oxucuya asanlıq vəd etmir. Bu poeziya düşünməyi, dayanmağı, bəzən sarsılmağı tələb edir. Çünki Xaqani sözü bəzək üçün deyil, həqiqəti demək üçün işlədirdi. O, dövrünün haqsızlıqlarına susmadı, riyakarlığı ifşa etdi, azad ruhun dəyərini qorudu. Elə buna görə də onun taleyi söz qədər sərt, düşüncə qədər ağır oldu.

Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk sanballı örnəklərindən biri sayılan “Töhfətül-İraqeyn” adlı məsnəvi Xaqani Şirvaninin qələm məhsuludur. Sözügedən əsər, eyni zamanda ilk epistolyar məsnəvi olmaqla yanaşı, yaranmış olduğu dövrün ictimai-siyasi mənzərəsinin araşdırılması baxımından mühüm elmi mənbə kimi dəyərləndirilir.

Xaqani “Mədain xərabələri” adlı məşhur fəlsəfi məzmunlu qəsidəsində öz dövrünün oxucuları üçün düşündürücü və aktual ideyalar irəli sürmüşdür.

Şamaxı! Ey mənim sevimli yurdum!

Mən sənin qoynunda xaniman qurdum.

İndisə acığın tutmuşdur mana,

Sənin qucağından ayrılsam, ana,

Ümidim, pənahım Təbrizdir, Təbriz.

O şəhər də mənə doğmadır, əziz.

Şair poeziyanın tərbiyəedici təsirinə dərin inam bəsləmiş, şairlik sənətinin mahiyyəti barədə belə fikirlər ifadə etmişdir: “Hər bir tərbiyəçi şair ola bilməz, lakin hər şairin tərbiyə vermək məsuliyyəti vardır”.

Şirvanın daş kitabəsi kimi möhkəm olan bu poeziya, əslində, insan ruhunun ən incə qatlarına toxunur. Xaqani üçün şair olmaq – tərifçi olmaq deyildi; şair olmaq məsuliyyət daşımaq, cəmiyyət qarşısında söz borcu ödəmək idi. Onun yaradıcılığı bu gün də oxucuya sual verir: “Sən sözə necə yanaşırsan – bəzək kimi, yoxsa vicdan kimi?”

Xaqani Şirvaninin 900 illik yubileyi yalnız bir ədəbi hadisə deyil. Bu yubiley milli düşüncənin, klassik söz yaddaşının, Azərbaycan poeziyasının dünya miqyasında daşıdığı mənəvi yükün xatırlanmasıdır. O bizə göstərir ki, söz doğru deyildikdə əsrlər keçsə də, köhnəlmir, susdurulsa belə zamanla daha uca səslənir.

Bu gün Xaqani Şirvani yenidən oxunur, yenidən dərk olunur. Çünki sözün dürüst, fikrin cəsarətli, şairin isə məsuliyyətli olduğu zamanlar heç vaxt bitmir. Məhz buna görə də hər dövrün bir Xaqaniyə ehtiyacı var.

...Əsrlər öncə yazılmış misralar bu gün də bizi düşündürür: Xaqani artıq tarixdirmi, yoxsa hələ də oxunan, anlaşılan və sorğuya çəkilən bir ədəbi vicdandırmı?

Həqiqət ƏSGƏROVA

NDU-nun Azərbaycan dili və ədəbiyyatı

müəllimliyi ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 03.02.2026 11:34