Bu il “Son zəng” tədbiri iyun ayının 13-də keçiril...
20:04 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ahıllar Günü” ilə bağlı Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Həvayət Qurbanova ilə görüş keçirilib.
Görüşdə onun keçdiyi həyat yoluna nəzər salınıb, uzunmüddətli səmərəli fəaliyyətindən danışılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, dövlətimiz üçün dəyərli xidmətləri olan şəxslər heç vaxt unudulmur, onların zəhməti və əməyinə hər zaman yüksək dəyər verilir, onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunaraq gələcək nəsillər üçün nümunə kimi xatırlanırlar.
Bu gün Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Həvayət Qurbanova ilə görüşün keçirilməsi də zəhmətkeş insanlarımıza dövlət qayğısının ifadəsidir. Komitə sədrinin müavini qeyd edib ki, əmək fəaliyyətinə 1955-ci ildən başlayan Həvayət Qurbanova kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olub və 29 yaşında Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. Həvayət Qurbanova, həmçinin SSRİ Ali Sovetinə iki çağırış deputat seçilib. Onun əmək yollarında yüksəlişi və zəhmətinə verilən qiymət Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində zəhmətkeş insanlara, o cümlədən qadınlara böyük qayğı göstərib. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Həvayət Qurbanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev və Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva Həvayət Qurbanovanı səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və xoş günlər arzulayıblar.
Daha sonra Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Həvayət Qurbanova xatirələrindən söhbət açıb, göstərilən diqqət və qayğıya görə özü və ailə üzvləri ayrı-ayrılıqda dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Həvayət Qurbanovaya hədiyyə və gül buketi təqdim olunub.
Digər xəbərlər