Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu gün Azərbaycan ədəbiyyatının, ictimai fikrinin və milli şüurunun ən parlaq zirvələrindən biri, böyük mütəfəkkir, dramaturq və publisist Cəlil Məmmədquluzadənin doğum günüdür. Onun adı çəkiləndə göz önünə bütöv bir milləti qəflət yuxusundan oyadan, ona kimliyini xatırladan "Molla Nəsrəddin" məktəbi gəlir.
Mirzə Cəlil Azərbaycan xalqının taleyini qələmin ucu ilə yox, qəlbinin qanı ilə yazan bir dahi idi. O, cəmiyyətin ən dərin yaralarına neştər vuran, amma bu ağrını "göz yaşları içində gülüş"lə təqdim edən bir sənətkar idi. Onun yaratdığı hər bir obraz istər Şeyx Nəsrullah olsun, istər Məmmədhəsən əmi, istərsə də balaca Zeynal, əslində, bizim tariximizin, ağrılarımızın və ümidlərimizin bir parçası idi.
Cəlil Məmmədquluzadə "Anamın kitabı"nı yazarkən bir ailənin faciəsini, fərqli dillərdə danışan, fərqli mədəniyyətlərə meyillənən, öz kökündən qopan bir millətin parçalanmış ruhunu təsvir edirdi. O, hər zaman bizi özümüzə qaytarmağa çalışırdı. Onun dili ana südü kimi təmiz, ana nəfəsi kimi doğma idi. O, "Vətən, Vətən, Vətən! Dil, dil, dil!" – deyərək milli varlığımızın sütunlarını möhkəmləndirirdi.
O, 1906-cı ildə Tiflisdə "Molla Nəsrəddin" jurnalının ilk nömrəsini çıxararkən "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" nidası ilə bütöv bir Şərqi sarsıtdı. Bu jurnal cəhalətə, xurafata və əsarətə qarşı açılmış bir cəbhə idi. Mirzə Cəlil gülüşün gücü ilə qandalları qırır, karikaturaların dili ilə kor gözləri açırdı. O, xalqın dərdini xalqın öz dili ilə elə bədii şəkildə ifadə edirdi ki, bu gün də onun əsərləri öz aktuallığını qoruyub saxlayır.
Bu gün biz Mirzə Cəlil irsinə baxanda orada həm keçmişi, həm də gələcəyimizi görürük. O bizə azad fikirliliyi, milli ləyaqəti və vətənpərvərliyi miras qoyub. "Ölülər" əsəri ilə diriliyin nə olduğunu, "Danabaş kəndinin əhvalatları" ilə cəhalətin acı sonunu göstərən dahi ədib, əslində, bizə hər zaman bir sual ünvanlayırdı: "Biz kimik?"
Onun doğum günü həm də bizim milli kimliyimizlə yenidən üzləşdiyimiz bir gündür. Mirzə Cəlil təkcə Azərbaycanın yox, bütöv Türk dünyasının vicdan səsidir. O səs ki hələ də qulaqlarımızda əks-səda verir:
Kim ki, insanı sevər, aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.
Yazə, yazə dərdimi aləmdə kağız qoymadım,
Axırı bir guşeyi divara yazdım dərdimi.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının elə bir zirvəsidir ki, oradan baxanda xalqın keçdiyi bütün yol aydın görünür.
Bu gün o böyük insanın ruhu qarşısında baş əyirik. O bizə gülməyi yox, gülərək düşünməyi öyrətdi. O bizə ölməyi yox, əbədi yaşamağın sirrini, millətə xidmət etməyi vəsiyyət etdi.
Ruhun şad olsun, böyük Mirzə Cəlil! Sənin yandırdığın o məşəl heç vaxt sönməyəcək.
Elnurə CƏFƏROVA
Digər xəbərlər