NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Siyasi qətiyyət, iqtisadi müstəqillik

...

Güclü iqtisadiyyat: Azərbaycanın inkişaf və tərəqqi modeli

Azərbaycan iqtisadiyyatının dirçəldilməsi üçün mühüm strategiyaların əsasını yaradan Ümummilli Liderimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyası bu gün beynəlxalq miqyasda qəbul olunan, təsdiqini tapan vahid inkişaf modelinə çevrilib. Dünyada müasir çağırışlara uyğun baş verən ictimai-siyasi proseslər, yeni, innovativ texnologiyaların istehsalata tətbiqi ölkələr arasında gün ötdükcə iqtisadi rəqabəti xeyli artırır, dayanıqlıq, davamlılıq prinsiplərini daha qabarıq şəkildə ön plana çıxır. Uğurla reallaşdırılan siyasətin, diplomatiyanın nəticəsidir ki, respublikamız nəinki regionda, Cənubi Qafqazda, hətta qitə, materik səviyyəsində öz iqtisadi müstəqilliyi ilə tanınan, etibar qazanan tərəfdaş statusuna malik olub. İqtisadi qüdrətimizin ən bariz forması özünü bu gün qalib, müzəffər olan güclü ordumuzun, yenidən qurulan Qarabağımızın, Şərqi Zəngəzurumuzun, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyinə layiq görülməyimizin və ən nəhayət, avqustun 8-də Vaşinqtonda təntənəsini yaşayan diplomatiyamızın timsalında göstərir, isbatlayır.
Azərbaycan o ölkələrdəndir ki, uçurumun kənarına yuvarlanan, yoxsul respublikadan dünyanın inkişaf etmiş ölkələri ilə fəal iqtisadi münasibətlər quran, regional və beynəlxalq səviyyədə sözünü deməyə, təsirini göstərməyə müvəffəq olan,  müstəqil siyasət yürüdən respublikaya çevrilməyi bacarıb. Təkcə bir fakta diqqəti çəkmək yetərlidir ki, 30 ildən artıqdır, davam edən siyasi yolun, iqtisadi yüksəlişin Azərbaycanı necə müqayisəedilməz səviyyəyə qaldırdığı aydın olsun. Belə ki, reallaşdırılan beynəlxalq əhəmiyyətli iqtisadi, ticari əməkdaşlıqların, icra olunan layihələrin nəticəsidir ki, bu gün ölkəmizin xarici borcu ÜDM-in 6,9 faizini təşkil edir. Bəli, cəmi 6,9 faiz. Halbuki əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda jurnalistin sualına cavab olaraq respublikamızın qısa zamanda əldə etdiyi bu böyük nailiyyəti yüksək qiymətləndirib. Sitat: “Güclü ölkəni, güclü iqtisadiyyatı qurduq. Xarici borcumuzu ÜDM-in 6,9 faizinə qədər azaltdıq. Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizindən çoxdur. Biz yoxsulluğu 49 faizdən 5 faizə endirdik. Mən Fransada yoxsulluq haqqında danışmaq istəmirəm. Məncə, təxminən, 16 faizdir. Bax beləcə oldu. Biz öz həyatımızı yaşayırıq, öz iradəmizi təlqin etmirik”. 
Azərbaycan iqtisadiyyatının gücü, dayanıqlığı həm də onun çoxşaxəliliyindədir, yəni inkişaf istiqamətlərinin bir-birindən asılı olmayan sahələr üzərindən təmin olunmasındadır. Eyni zamanda da zəncirvari, balanslı siyasətin aparılması, bir sahədən əldə olunan gəlirin səmərəli şəkildə digərinə yatırılması, beləliklə, həm də sərmayə cazibədarlığının artırılması da reallaşdırılan bu iqtisadi modelin əsas xüsusiyyətləri sırasındadır. Təsadüfi deyildir ki, tarixi Zəfərdən sonra yaranan yeni reallıqların fonunda 2021-ci il fevralın 2-də təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkənin inkişafında əsas götürülən 5 milli prioritetdən birincisi də məhz “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” adlı priori­tetdir. Həmin prioritetin icrası ilə əlaqədar son illərdə aparılan iqtisadi islahatlar, əlverişli biznes mühitinin formalaşdırılması yeni sənaye və istehsal sahələrinin yaradılmasına səbəb olub ki, bununla da dövlət siyasətinin əsas məqsədi sayılan neftdən asılılıq artıq tamamilə aradan qaldırılmaq üzrədir. Ötən ilin makroiqtisadi göstəriciləri də bu sahədə əhəmiyyətli irəliləyişdən xəbər verir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu göstərici əvvəlki illə müqayisədə 4,1 faiz  və ya 3,3 milyard manat artıb. 2025-ci ilin yanvar-iyun aylarında isə 62078,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyəri 3,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,9 faiz artıb. ÜDM istehsalının 34,9   faizi sənaye, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6066,1 manata bərabər olub.
Ölkədə həyata keçirilən düzgün, balanslı iqtisadi siyasət nəticəsində diversifikasiya iqtisadiyyat, biznes və investisiya sahələrində əsas strategiyalardan birinə çevrilib ki, bu da özünü təkcə bir və yaxud iki ildə deyil, 10, 20 illik nəticələrdə göstərir. Belə ki, son 10 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 72 milyard manat və ya 2,3 dəfə artıb. Müqayisə üçün bildirək ki, 2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının həcmi 54,3 milyard manat idi. ÜDM istehsalının 35,9  faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyəri 0,3, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb. Beləliklə, qeyri-neft sektorunun gəlir, dəyər baxımından neft sektorunu bu dərəcədə üstələməsi və artım tempi ölkəmizdə aparılan “yaşıl iqtisadiyyat”a keçid, sənayeləşmə, aqraryönümlü siyasətin uğurlu nəticələrə yol açdığını göstərir...
Qürur duyulası haldır ki, Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit mərkəzi sayılan, qoca qitənin enerji təminatçısı Azərbaycan bu gün istər MDB məkanında, regional müstəvidə, istərsə də beynəlxalq səviyyədə kifayət qədər strateji, etibarlı tərəfdaşa çevrilib. Respublikamızın ABŞ, Çin kimi dünya nəhəngləri ilə birgə strateji tərəfdaşlıq yoluna qədəm qoyması, mühüm əməkdaşlıqlara imza atması bu baxımdan təsadüfi deyil, praqmatik yanaşma, prinsipial mövqe və ən əsası iqtisadi müstəqilliyin, siyasi qətiyyətin təntənəsidir. Məhz sahib olduğumuz bu iqtisadi müstəqillik, siyasi qətiyyət bizi 5 il əvvəl müharibə meydanında, 5 il sonra isə sülh arenasında qalib etdi. Azərbaycan diplomatiyasının zəfər salnaməsi sayılan Vaşinqton görüşündən sonra Azərbaycanın media nümayəndələrinə müsahibəsində Prezident İlham Əliyevin də dediyi kimi: “Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq”.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.08.2025 11:27