Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycanın otuzillik sosial-iqtisadi inkişaf mənzərəsi bu mənzərənin əsasını yaradan Ümummilli Liderimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyasının praktiki təsdiqidir. Təqdiredici məqamdır ki, bu yanaşma respublikamızın timsalında artıq beynəlxalq miqyasda qəbul olunan, rəğbət qazanan, təsdiqini tapan vahid inkişaf tendensiyasına çevrilib. Bəli, dünya nizamının dəyişilməsi fonunda baş verən qlobal xarakterli ictimai-siyasi proseslər, yeni, innovativ texnologiyaların istehsalata tətbiqi ölkələr arasında gün ötdükcə iqtisadi rəqabəti xeyli artırmaqla dayanıqlıq, davamlılıq prinsiplərini daha da ön plana çıxarır. Prezident İlham Əliyevin praqmatik siyasətinin, məharətli diplomatiyasının nəticəsidir ki, respublikamız nəinki regionda, Cənubi Qafqazda, hətta qitə, materik, dünya səviyyəsində öz iqtisadi müstəqilliyi ilə tanınan, etibar qazanan strateji tərəfdaş statusuna malik olub. Bu etibarlılığın, dostluğun, strateji tərəfdaşlığın əsasında dayanan iqtisadi müstəqillik artıq sona çatmaqda olan 2025-ci ildə özülünü daha da möhkəmləndirdi.
Azərbaycan iqtisadiyyatının unikallığı onun heç bir beynəlxalq təşkilatdan və yaxud da dövlətdən asılı olmaması, başqa sözlə, tam müstəqil inkişaf xəttinə malikliyindədir. Təkcə bir fakta diqqəti çəkmək yetərlidir ki, 30 illik iqtisadi yüksəlişin Azərbaycanı necə müqayisəedilməz səviyyəyə qaldırdığı aydın olsun. Belə ki, reallaşdırılan beynəlxalq əhəmiyyətli iqtisadi, ticari əməkdaşlıqların, icra olunan layihələrin, təşəbbüslərin nəticəsidir ki, ölkəmizin 1 oktyabr 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 4893,1 milyon ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil edib. Bəli, cəmi 6,4 faiz. Halbuki əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur. Azərbaycan yoxsulluğu 49 faizdən 5 faizə endirməyi bacaran ölkədir, halbuki hələ ötən əsrin 90-cı illərinin əvvəlində bu 100 faizə yaxın idi. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan uçurumun kənarından, məhv olmaq təhlükəsindən qurtularaq iqtisadi-inkişaf yoluna addımladı, beynəlxalq dəstək qazandı. Prezident İlham Əliyevin dediyi kimi: “Pul yox idi, xəzinə boş idi, bizi, demək olar ki, heç kim dəstəkləmirdi. Heç kimdən heç bir əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi, iqtisadiyyat dağılmışdı, inflyasiya min faiz idi, kütləvi işsizlik, yoxsulluq isə, demək olar ki, 100 faiz səviyyəsində idi. Bax belə bir Azərbaycan var idi. Həmin vaxt Heydər Əliyev hakimiyyətə gəldi. Xalqımızın bəxti onda gətirdi ki, çətin bir zamanda ona müraciət etdi və o da bu ağır yükü öz üzərinə götürdü. Halbuki o, gənc deyildi, artıq 70 yaşı var idi, səhhəti o qədər də yaxşı deyildi, ağır xəstəlik keçirmişdi. Amma məhz onun sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu. Üstəlik, o vaxt vətəndaş müharibəsi də gedirdi. Biz tədricən ayağa qalxmağa, necə deyərlər, dirçəlməyə başladıq”.
Azərbaycan iqtisadiyyatının müstəqilləşməsi, qüdrətlənməsi yolunda ən vacib amil, sözsüz ki, onun beynəlxalq dəstək qazanması idi. Məhz bu baxımdan, dahi şəxsiyyət Heydər Əliyevin ən mütərəqqi addımı 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında 13 iri neft şirkəti arasında Bakıda “Əsrin müqaviləsi”nin bağlanmasını gerçəkləşdirməsi oldu. Bu Azərbaycan neftinin dünya arenasına çıxması ilə iqtisadiyyatın zamanla beynəlxalq səviyyədə dəstəklənməsinə və ölkəmizin ayrı-ayrı sahələrinə – kənd təsərrüfatına, sənayeyə xarici sərmayə axınına yol açdı. “Əsrin müqaviləsi” ilə əsası qoyulan iqtisadi-inkişaf yolunun, enerji diplomatiyasının təntənəsidir ki, bu gün respublikamız 20-dən çox ölkəyə neft ixrac edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 10 ayında Azərbaycandan 21 ölkəyə 20,75 milyon ton neft ixrac edilib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 180 min ton və ya 1 faizə yaxın çoxdur. İqtisadiyyatın güclənməsində böyük pay sahibi olan enerji strategiyası ötən illərdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP, TAP, Cənub Qaz Dəhlizi kimi layihələrlə daha da genişlənərək mühüm geostrateji əhəmiyyətə malik olub. Nəticə etibarilə, hazırda Avropanın etibarlı enerji təchizatçısına, enerji təhlükəsizliyinin təminatçısına çevrilən respublikamız sözügedən sahədə irəli sürdüyü təşəbbüslərlə nəinki uzaq coğrafiyaları yaxınlaşdırır, yeni, faydalı əməkdaşlıqlara körpü salır, həm də regional sabitliyə və rifaha xidmət missiyasını uğurla yerinə yetirir.
Bu baxımdan, 2025-ci ilin ötən dövrü də mühüm hadisələrlə yadda qalıb, respublikamızın bu il avqustun 2-dən etibarən Suriyaya qaz nəqli də məhz regional sabitliyə, əmin-amanlığa xidmət nümunəsi kimi dəyərləndirilir. Azərbaycan bu gün, Suriya da daxil olmaqla, ümumilikdə, 14 ölkəyə, o cümlədən də 10 Avropa ölkəsinə mavi yanacaq ixrac edir ki, onlardan 8-i Avropa İttifaqının üzvüdür. Boru kəməri ilə qaz ixracatçısı kimi ölkəmiz dünyada liderdir. 2025-ci ilin 9 ayında qaz ixracı 18,3 milyard kubmetr təşkil edib. Bunun 9,4 milyard kubmetri Avropanın, 7,3 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,3 milyard kubmetr), 1,6 milyard kubmetrə yaxını isə Gürcüstanın payına düşüb. 2027-ci ilə qədər Azərbaycan qazın tədarükünü ildə azı 20 milyard kubmetrə çatdırmağı hədəfləyib. Göründüyü kimi, Prezident İlham Əliyevin uzaqgörən enerji diplomatiyasının nəticəsində reallaşan bu meqa layihələrin, təşəbbüslərin nəticəsində respublikamız Avropada müstəqil iqtisadi siyasət yürüdən, etibarlı ticarət dostu və strateji tərəfdaş kimi tanınır.
Azərbaycan iqtisadiyyatının gücü, dayanıqlığı həm də onun çoxşaxəliliyindən, eyni zamanda müasir çağırışlara cavab verməsindən, inkişaf yolunu uzaq gələcəyə hədəflənmiş mühüm təşəbbüs və layihələr üzərində qurmasından irəli gəlir. Bu mənada, respublikamızın irəli sürdüyü “yaşıl gündəlik” həm regional, həm də qlobal əhəmiyyət daşımaqla sağlam dünya naminə mühüm iqtisadi-ticari bağlantı yaratmaq məqsədi daşıyır. 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” “yaşıl gündəliy”in beynəlxalq enerji ticarətindəki rolunun əsas istiqamətlərini müəyyənləşdirir. Bu saziş Avropanı “yaşıl enerji” ilə təmin edən əsas kanal kimi Qara dənizin dibi ilə 1100 kilometr uzunluğunda sualtı kabelin çəkilməsini nəzərdə tutur ki, bununla da Azərbaycan Avropaya “yaşıl enerji” körpüsü salacaq. Sözügedən nəhəng layihə beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi, qlobal müstəvidə əməkdaşlığın gücləndirilməsi baxımından olduqca önəmlidir.
Bu xüsusda onu da vurğulamaq yerinə düşər ki, 2021-ci il fevralın 2-də təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də ölkəmizin inkişafında əsas götürülən 5 milli prioritetdən, birincisi, məhz “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat”dır. Həmin prioritetin icrası ilə əlaqədar son illərdə aparılan iqtisadi islahatlar, əlverişli biznes mühitinin formalaşdırılması yeni sənaye və istehsal sahələrinin yaradılmasına səbəb olub ki, bununla da dövlət siyasətinin əsas məqsədi sayılan neftdən asılılıq artıq tamamilə aradan qaldırılmaq üzrədir. Son illərin makroiqtisadi göstəriciləri, aparılan təhlillər də bu sahədə əhəmiyyətli irəliləyişdən xəbər verir. 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 3,3 milyard ABŞ dolları təşkil edib. Ümumilikdə, son altı ildə, yəni 2019-2024-cü illərdə qeyri-neft-qaz ixracı 2 dəfə böyüyüb, ixrac edilən əmtəə sayı 15 faiz artaraq 2810-a çatıb.
Azərbaycan iqtisadiyyatının qüdrətlənməsini şərtləndirən yeni istehsal müəssisələrinin yaradılması və özəl sektorun genişlənməsində əsas nüanslardan biri də, sözsüz ki, coğrafi imkanlardan səmərəli istifadə, buna müvafiq təşəbbüslərin uğurla reallaşdırılmasıdır. Bu xüsusda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) layihəsi mühüm əhəmiyyət daşıyır. Müasir nəqliyyat infrastrukturuna malik respublikamız bu dəhliz vasitəsilə Avropa və Asiya arasında ticarət-nəqliyyat bağlantısı yaratmaqla həm də tranzit ölkə kimi kifayət qədər gəlir qazanır. Hər ötən il bu marşrutun yükötürmə qabiliyyəti xeyli artırılır. 2025-ci ildə də bu artım özünü göstərir. Belə ki, Azərbaycan dəmir yolları ilə bu ilin yanvar-sentyabr aylarında Şərq-Qərb (Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzrə daşınan yüklərin həcmi 6 faiz artaraq 2 milyon 651 min tona çatıb. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə vasitəsilə Avropaya uzanan bu beynəlxalq nəqliyyat marşrutunun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq. Əminliklə demək olar ki, 2028-ci ilin sonuna açılması planlaşdırılan Zəngəzur dəhlizi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas halqası kimi marşrutun ötürücülük qabiliyyətini dəfələrlə artıraraq ticarət əlaqələrinin güclənməsinə və ölkə iqtisadiyyatının qüdrətlənməsinə mühüm töhfələr verəcək.
Bəli, bu gün Prezident İlham Əliyevin siyasi qətiyyəti, uğurlu diplomatiyası ilə Azərbaycan dünyada, sözün əsl mənasında, böyük nüfuz və rəğbət qazanan unikal iqtisadi-inkişaf modeli formalaşdırıb. İqtisadi qüdrətimizin ən bariz forması özünü bu gün qalib, müzəffər olan güclü ordunun, heç bir xarici maliyyə yardımı almadan yenidən qurulan Qarabağın, respublikamızın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyinə layiq görülməsinin və ən nəhayət, avqustun 8-də Vaşinqtonda təntənəsini yaşayan diplomatiyanın timsalında göstərir, isbatlayır. Respublikamızın ABŞ, Çin kimi dünya nəhəngləri ilə birgə strateji tərəfdaşlıq yoluna qədəm qoyması, mühüm əməkdaşlıqlara imza atması, bu baxımdan, təsadüfi deyil, praqmatik yanaşma, prinsipial mövqe və ən əsası, iqtisadi müstəqilliyin təntənəsidir. Məhz sahib olduğumuz bu iqtisadi müstəqillik, siyasi qətiyyət bizi 5 il əvvəl müharibə meydanında, bu il isə sülh arenasında qalib etdi. Azərbaycan diplomatiyasının zəfər salnaməsi sayılan Vaşinqton görüşündən sonra Azərbaycanın media nümayəndələrinə müsahibəsində Prezident İlham Əliyevin də dediyi kimi: “Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq”.
Nail ƏSGƏROV
Digər xəbərlər