Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan dövləti Ərəb ölkələri ilə həm mədəni, həm də siyasi-iqtisadi sahələrdə möhkəm təməllərə söykənən əlaqələrə malikdir. Respublikamız həmin coğrafiyada yerləşən, Ərəb Dövlətləri Liqasının üzvləri ilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq edir. Bu nöqteyi-nəzərdən liqaya daxil olan ölkələrin, Azərbaycanın da üzvü olduğu Qoşulmama Hərəkatının, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olması məxsusi əhəmiyyət daşıyır. Respublikamız ərəb dünyasının aparıcı ölkələrindən olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrə də böyük önəm verir. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə və bu il Prezident İlham Əliyevin BƏƏ-nə iki səfəri, keçirilən görüşlər dost və tərəfdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyindən xəbər verir. Dövlət başçımızın cari ilin iyul ayında reallaşdırdığı səfər çərçivəsində ölkələrimiz arasında hərtərəfli iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb ki, bu sənəd iqtisadi əlaqələrimizə yeni bir məzmun qazandırıb. Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana növbəti rəsmi səfəri də ölkələrarası yeni əməkdaşlıq mühitinin formalaşdırılması, müxtəlif sahələrə dair perspektivlərin dəyərləndirilməsi baxımından zəngin keçdi, mühüm mesajları ilə yadda qaldı.
Səfərin detallarına toxunmadan onu diqqətə çəkmək olar ki, regionda baş verən müxtəlif ictimai-siyasi proseslərə rəğmən Azərbaycanla BƏƏ arasında diplomatik əlaqələr hər zaman yüksək səviyyədə olub. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Bir il sonra isə hər iki respublika arasında diplomatik münasibətlər qurulub və 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə iki ölkə arasında münasibətlər dostluq zəminində yüksək trayektoriya qazanıb. BƏƏ daim Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Sentyabrın 16-da Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın məhz işğaldan azad olunan ərazilərə rəsmi səfər etməsi bu baxımdan olduqca təqdirəlayiq məqam, mühüm diplomatik mesajdır. Liderlərin Şuşada təşkil olunan görüşü zamanı Prezident İlham Əliyev də məhz diqqəti bu nüansa yönəltdi, Azərbaycan-BƏƏ əlaqələrinin dostluq, qardaşlıq üzərində qurulduğunu diqqətə çatdırdı: “Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu bizi, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub”.
Azərbaycanla BƏƏ arasındakı yüksək siyasi münasibətlərə, dialoqlara adekvat olaraq ölkələrimiz qarşılıqlı maraqdoğuran sahələr üzrə iqtisadi əlaqələri, ticarət imkanlarını genişləndirirlər. 2017-ci ildən bəri Dubay şəhərində Azərbaycanın ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendini BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya da iqtisadi əməkdaşlığının genişləndirilməsi baxımından mühüm işlər həyata keçirir. Ümumilikdə, demək olar ki, iki ölkə arasında işgüzar əlaqələr lazımi səviyyədədir, həm iri sahibkarlar, həm də KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət uğurlu nəticələr verməkdədir. Aparılan siyasi dialoqlar, iqtisadi məsləhətləşmələr, imzalan sənədlər özünü ilbəil artan ticarət dövriyyəsində göstərir. Bildirmək yerinə düşər ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət əməliyyatlarının həcmi 104,6 milyon ABŞ dolları təşkil edib. Bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 45,2 milyon ABŞ dolları və ya 76,1 faiz çoxdur. Hesabat dövründə BƏƏ ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,33 faizi həcmində olub. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana ən çox investisiya yatıran ölkələrdən biri kimi də iqtisadiyyatımızın güclənməsində, rəqabətqabiliyyətli məhsul istehsalında önəmli pay sahibidir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır.
Ölkələrarası iqtisadi əlaqələrin inkişafında enerji sektoru xüsusi çəkiyə və rola malikdir. Bu da təsadüfi deyildir. Çünki zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan ilbəil bu sahədə imkanlarını daha da şaxələndirir və eyni zamanda da elektrik enerjisi, əsasən də “yaşıl enerji”nin önəmli təchizatçısına çevrilmək təşəbbüsləri ilə çıxış edir. Bu mənada, Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının – Qaradağ Günəş Elektrik Stansiyasının məhz BƏƏ şirkətinin investisiyası hesabına tikilib istifadəyə verilməsi də olduqca uğurlu, faydalı əməkdaşlıqdan xəbər verir. Nəzərə alsaq ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan edib, bu baxımdan Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın məhz işğaldan azad olunan torpaqlara səfəri xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə Qarabağda, Şərqi Zəngəzurda qeyri-neft sekoru, sənaye, “yaşıl enerji” üzrə yeni layihələrin icrasında BƏƏ şirkətlərinin yaxından iştirakı bölgədə iqtisadi həyatın yüksəlişinə güclü təsir göstərəcək. Ümumilikdə, bu səfər zamanı imzalanan sənədlər sosial, nəqliyyat, ənənəvi enerji, “yaşıl enerji”, media, turizm, təhsil, ticarət və digər sahələrə dair əməkdaşlıqların dərinləşməsini hədəfləyir. Mübadilə edilən 14 sənədin hər biri birgə səmərəli fəaliyyət üçün mühüm perspektivlər açır. Bu xüsusda Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılmasını da diqqətə çəkmək olar ki, bu sayədə gələcəkdə ölkələrdə kiçik və orta sahibkarlığın inkişafına, investisiya sahəsində sahibkarlığın rolunun güclənməsinə, əhatə dairəsinin genişlənməsinə təkan verəcək. Ən önəmli sənəd isə “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”dir ki, bununla da ölkələrimiz arasında əlaqələr daha yüksək mərhələyə daşınacaq. Prezident İlham Əliyevin də dediyi kimi: “Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir”.
Nail ƏSGƏROV
Digər xəbərlər