NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Sirabda içməli su problemi həll olunur

...

400-dən çox ailənin içməli su təminatı yaxşılaşdırılacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbirlərinin görülməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Buna səbəb muxtar respublikanın iqlim şəraitinə uyğun olaraq suya tələbatın digər bölgələrdən bir qədər çox olmasıdır. Digər tərəfdən, su ehtiyatlarının bölgələr üzrə qeyri-bərabər paylanması və torpaqların şoranlaşmaya meyilli olması suya olan tələbatı da artırır.    

Bu gün muxtar respublikanın rayon və kəndlərində əhalinin içməli su probleminin həlli istiqamətində görülən işlər Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi yönündədir. Babək rayonunun Sirab kəndində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi mühüm infrastruktur işləri həyata keçirir. Babək Rayon İcra Hakimiyyətinin dəstəyi ilə görülən işlər çərçivəsində diametri 225 millimetr olan yeni içməli su xəttinin çəkilişinə artıq başlanılıb. Xəttin ümumi uzunluğu 5500 metr təşkil edir ki, bunun da 3000 metri yeni çəkilir. Hazırda 2500 metr məsafədə boruların qaynaq işləri uğurla tamamlanıb və işlər mövcud qrafik üzrə davam etdirilir.

Layihə çərçivəsində işlər yekunlaşdıqdan sonra mövcud olan 2 subartezian quyusundan çəkilən xətlərin mənsəbində quraşdırılan subölüşdürücü qurğu vasitəsilə kəndin içməli su təchizatı yaxşılaşdırılacaq. Təfsilatlı Tədbirlər Planına uyğun olaraq digər yaşayış məntəqələri ilə yanaşı, Sirab kəndində də mərkəzi içməli su və kanalizasiya şəbəkəsinin qurulması layihəsi nəzərdə tutulub.

Kənddə olduğumuzda sakinlərdən 70 yaşlı Salman Rəhimov bizimlə söhbətində bildirdi ki, kənd quraqlıq ərazidə yerləşdiyindən illərdir, orada su problemi var. Onun sözlərinə görə, iqlim şəraiti və yağıntıların azlığı səbəbindən zamanla yeraltı sular çəkilib, bulaqlar isə tamamilə quruyub. “Uzun illərdir, susuzluqdan əziyyət çəkirik. Əvvəllər içməli suyu bulaqlardan təmin edirdik, amma artıq onlar da quruyub. Bir müddət başqa kəndlərdən su gətirməyə məcbur qaldıq. Bu isə çətin, eyni zamanda vaxt aparan bir proses idi”, – deyə kənd ağsaqqalı xatırlayır. Salman dayı onu da qeyd edib ki, hazırda kənddə mövcud olan artezian quyusu sakinlərin əsas su mənbəyinə çevrilib və əhali bu sudan istifadə edib.

Kənd ərazisinə çəkilən içməli su xətti və subartezian quyusu bu problemi aradan qaldırıb. Bununla yanaşı, son dövrlərdə həyata keçirilən layihələr kənd camaatının ümidini artırıb. Belə ki, yeni içməli su xəttinin çəkilişi nəzərdə tutulur və bu layihə reallaşdıqdan sonra, təxminən, 400-dən çox ailənin içməli su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşacağı gözlənilir.

Kənd sakinləri bu istiqamətdə atılan addımları məmnunluqla qarşılayırlar: “İcra hakimiyyəti tərəfindən göstərilən təşəbbüs bizi sevindirir. Bu layihələr kəndimizin sosial problemlərinin həllinə böyük töhfə verəcək. Həmçinin yaxın gələcəkdə daha bir artezian quyusunun qazılmasının nəzərdə tutulduğu deyilir. Bu addım Sirab kəndində su probleminin daha da yüngülləşməsinə, insanların gündəlik həyat şəraitinin yaxşılaşmasına xidmət edəcək”.

Sirab sakini Gülmalı Qurbanov isə uzun müddətdir, kəndin su problemi ilə üz-üzə qaldığını vurğulayıb: “Bu çətinliklər gündəlik həyatımıza ciddi təsir göstərirdi. Sevindirici haldır ki, mövcud problem dövlətimizin diqqət və qayğısı sayəsində mərhələli şəkildə aradan qaldırılır. Yeni çəkilən su xətti kənd sakinləri üçün əsl rahatlıq yaradacaq. Artıq sudan təmənnasız, fasiləsiz və rahat şəkildə istifadə edə biləcəyik. Bu isə məişət ehtiyaclarımızın ödənilməsinə imkan verəcək. Görülən bu işlər kəndin sosial-iqtisadi inkişafına, sakinlərin rifahının yüksəlməsinə xidmət edir və dövlətin kənd təsərrüfatına verdiyi önəmin bariz nümunəsidir”.

Dünyada öz suyu ilə məşhur olan Sirabda əhalinin rifahının yaxşılaşdırılması üçün görülən tədbirlər öz bəhrəsini verir.

Bülbül Quliyeva

Nəşr edilib : 08.01.2026 10:20