Azərbaycandan Çinə quş əti məhsullarının ixracı im...
19:14 18.06.2025
0
0
0
NAXÇIVAN :
18 Iyun 2025, Çərşənbə
Tarix elmləri doktoru, dosent, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi Sevinc Abbasova "Şərq qapısı" qəzetinə açıqlamasında bildirib ki, bugünkü infoturda iştirakım mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan olduqca əhəmiyyətlidir. Bu gün təşkil edilən infoturda müşahidəçi qismində iştirak etmək, Təhsil Nazirliyinin bizim üçün yaratdığı şəraitlə birbaşa tanış olmaq, şəffaflığı görmək, dövlət qurumlarının və nümayəndələrinin prosesə yaxından cəlb olunmasını görmək — bütün bunlar təhsilimizin gələcəyinin etibarlı əllərdə olduğunu göstərir.
Mən şəxsən müəllim peşəsini ən müqəddəs peşə hesab edirəm. Burada iştirak edənlərin böyük əksəriyyəti gənclərdir və arzu edirəm ki, bu gənclər gələcəkdə yaxşı mühəndis, hüquqşünas, ya da müəllim olsunlar. Ancaq unutmayaq ki, bütün peşə sahiblərini müəllimlər yetişdirir. Müəllimin yalnız bilik verməsi deyil, eyni zamanda mərhəmətli, qayğıkeş, vətənpərvər şəxsiyyət formalaşdırması da önəmlidir.
Azərbaycan Respublikasının təhsil sahəsinə göstərdiyi diqqət və qayğını birbaşa müşahidə etmək bizim üçün qürurvericidir. Əminliklə deyə bilərəm ki, belə infoturların keçirilməsi həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyır.
Təkliflərim də var. Əvvəla, simulasiya imtahanlarının sayının artırılması və onların real şəraitdə keçirilməsi məqsədəuyğun olar. Eyni zamanda imtahan dövründə müəllimlər üçün psixoloji dəstək mərkəzlərinin yaradılması da önəmlidir. Bildiyiniz kimi, imtahan həyəcanı hər kəs üçün keçərlidir. Napoleon Bonapartdan belə bir sitat var: “Məni gecə oyatdılar ki, müharibə başlayıb. Düşündüm ki, imtahandır – qorxdum”. Bu sitat imtahanın yaratdığı gərginliyi təsvir etmək üçün gözəl nümunədir. Ancaq bu gün müşahidə etdiyimiz səmimiyyət, şəffaflıq və pozitiv yanaşma müəllimlərə böyük stimul verir.
Bundan başqa, qeyd etmək istərdim ki, sertifikasiyadan keçən müəllimlərin əksəriyyəti qadınlardır. Bu, təəssüf ki, gender balansında müəyyən qeyri-bərabərlik yaradır. Tövsiyəm budur ki, kişi müəllimlərin də təhsilə, xüsusən orta məktəblərə cəlb olunmasına xüsusi diqqət ayrılsın. Çünki oğlanların düzgün formalaşması, sağlam və məsuliyyətli böyüməsi üçün kişi müəllimlərin nümunəsi çox vacibdir. Bu xüsusilə fizika, riyaziyyat, kimya, idman, hərbi hazırlıq kimi sahələrdə özünü daha çox göstərir.
Eyni zamanda təhsildə yalnız dəqiq elmlərə deyil, musiqi, rəsm, fiziki tərbiyə kimi yaradıcı və inkişafetdirici fənlərə də eyni önəmin verilməsi vacibdir. Bu fənlər uşaqların həm intellektual, həm də emosional inkişafında mühüm rol oynayır.
Bu gün imtahan zamanı müşahidə etdiyim yüksək əhvali-ruhiyyə və nizam-intizam onu göstərdi ki, müəllimlərimiz motivasiyalı və hazırlıqlıdır. Nazirlik nümayəndələrinin gənclərlə xoş münasibəti və səmimi ünsiyyəti də diqqətçəkən idi.
Sonda bir daha qeyd etmək istərdim ki, biz müəllimlər hər gün özümüzü yeniləməyə çalışırıq. Təhsil daim dəyişən bir sahədir və bu dəyişikliklərə uyğunlaşmaq bizim borcumuzdur. İnformasiya turlarının ildə bir neçə dəfə təşkili müəllimlərin həm motivasiyasını artırar, həm də onların daim məlumatlı qalmasına kömək edər.
Çünki bilik ötürmək, maarifləndirmək — bu yalnız və yalnız müəllimlərin əlindədir. Dövlətimizin gələcəyi gənclərin, gənclərin formalaşması isə müəllimlərin əlindədir.
Digər xəbərlər