Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan tarixboyu neçə-neçə alimin, şairin, pedaqoqun və qələm ustasının yurd yeri, Vətəni olub. Naxçıvan torpağı da həmin ənənənin danılmaz mirasçılarındandır. Qələm peşəkarlığında nəğməkar şairlərimizdən olan Məmməd Araz, İslam Səfərli, tarixi romanların əvəzsiz yazarı olan Məmməd Səid Ordubadi kimi dahilərin adını sadalasaq, yəqin ki, Azərbaycanın sosial-ictimai və mədəni-siyasi həyatında Naxçıvanın rolunu açıq-aydın görmək olar. Bu diyar memarlıq üslubunda da Möminə xatun, Yusif ibn Küseyr kimi nadir sənət incilərinin nəqqaşı kimi tanınan memar Əcəmi imzası ilə öz sözünü deməyi bacarıb. Elmi-tədqiqat sahəsində də Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan torpağı tarixə elə bir alim bəxş etmişdir ki, həmin alimin kəşfləri ilə İkinci Dünya müharibəsində dönüş nöqtəsi yarandı. Demək olar ki, tarix yenidən yazıldı. Söhbət, sözsüz ki, Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki və prezidenti, “Stalin” mükafatı laureatı Yusif Məmmədəliyevdən gedir.
Naxçıvan yurdunun qocaman qəzetçilik mirasının sahibi olan “Şərq qapısı” qəzeti də akademik Yusif Məmmədəliyev barəsində yayımlanan informasiyaların və məqalələrin qoruyucusu olub. Qəzet redaksiyasının arxivində saxlanılan əvvəlki nömrələri vərəqlədikcə akademik barəsində maraqlı məqalələr və qısa xəbərlər qarşımıza çıxır. Ötən əsrin 93-cü ilindən günümüzə qədər redaksiya binasının arxivində qorunub saxlanılan qəzetlərdə araşdırmalar aparmaq vaxt baxımından uzun çəkəcəyi üçün, ilk növbədə, əsasən, akademikin yubileylərinə təsadüf edən illərdə dərc olunan qəzetləri incələməyə başladım. 1995-ci il (90 illiyi), 2000-ci il (95 illiyi), 2005-ci il (100 illiyi), 2010-cu il (105 illiyi), 2015-ci il (110 illiyi) və nəhayət, 2020-ci il (115 illiyi) tarixində dərc olunan qəzet nəşrlərinə diqqət etdim. İlk olaraq qəzet səhifələrini vərəqləyərkən qəzetin 25 oktyabr 1995-ci il nömrəli buraxılışında akademiklə bağlı dərc olunan “Y. Məmmədəliyev-90. Alimin yubileyi şərəfinə” adlı yazıda akademikin şərəfinə keçiriləcək yubiley tədbirlərinin ilk olaraq doğma yurdundan, Naxçıvandan başlayaraq qeyd olunduğu yazılır. Həmçinin yazıda akademikin adını daşıyan Naxçıvan Dövlət Universitetində yubileylə əlaqədar elmi-praktiki konfransın keçirildiyi, bu səbəbdən isə Türkiyə Respublikasından və Bakı şəhərindən qonaqların gəldiyi öz əksini tapıb. R. İmanov imzası ilə dərc olunan materialda Ankara Universitetinin kafedra müdirləri, professorlar Cəlal Ər və Nicafi İşıq, universitetin rektoru Günel Akbay, akademik İsmayıl İbrahimov kimi bir neçə elm xadiminin adı çəkilir.
“Şərq qapısı” qəzetinin 2005-ci il 15 iyul tarixli nömrəsində dərc olunan bir yazı diqqətimizi çəkir. Akademik Yusif Məmmədəliyevin Ordubad şəhərində yerləşən ev-muzeyinin ozamankı direktoru Aygün Qurbanova “Mənalı ömrün yaddaqalan anları” adlı məqaləsində Yusif Məmmədəliyevə “həmyerlimiz” deyə müraciət edərək akademiklə eyni rayondan olmağın verdiyi fəxarət hissi ilə yazır: “Azərbaycan xalqının dünya elminə bəxş etdiyi böyük şəxsiyyətlər sırasında həmyerlimiz akademik Yusif Məmmədəliyevin adı xüsusi yer tutur”. Akademikin 100 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin 2005-ci il 28 fevral tarixli Sərəncamından bəhs edən cümlələrlə başlanan yazıda akademikin keçdiyi həyat yolu, fəaliyyəti və ev-muzeyinin tarixindən danışılır. Bundan başqa, akademikin 100 illik yubileyi çərçivəsində qəzetin digər bir nömrəsində jurnalist Muxtar Məmmədoğlunun ev-muzeyinin direktoru Aygün Qurbanova ilə “Görkəmli alimin yubileyi onun doğma torpağında təntənə ilə qeyd olunacaq” başlıqlı müsahibəsini görürük.
Görkəmli alimin 1975-ci ildə Ulu Öndərin təşəbbüsü ilə yaradılan ev-muzeyi 2006-cı ildə yenidən təmir olunaraq istifadəyə verilmişdir. Həmin tarix Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri ilə üst-üstə düşmüş, Ordubad İnternat-Məktəb Kompleksi (o dönəmki adı) kimi bir neçə yeni təmir və inşa olunan tikililərlə bərabər, akademik Yusif Məmmədəliyevin Ordubad rayonunda yerləşən ev-muzeyinin açılışında da iştirak etmişdir. “AzərTac” İnformasiya Agentliyinin imzası ilə qəzetin dərc etdiyi xəbər “Akademik Yusif Məmmədəliyevin ev-muzeyi ilə tanışlıq” başlığı altında qəzetin 2006-cı il 22 dekabr tarixli sayında dərc olunub. Qəzetdə informasiya mətni ilə birgə Prezidentin akademikin Ordubad rayonunda yerləşən büstünə gül dəstələri düzdüyü və ev muzeyində olan xatirə kitabına ürək sözlərini qeyd edərkən çəkilən fotolar dərc olunub.
“Şərq qapısı” qəzetinin səhifələrinə nəzər saldıqca bir daha aydın görünür ki, akademik Yusif Məmmədəliyev yalnız elmin deyil, həm də Azərbaycan düşüncəsinin, zəhmətinin və iradəsinin simvoludur. Onun ömür yolu, elmi kəşfləri, Vətənə bağlılığı və Naxçıvana sevgisi illər keçsə də, unudulmur, əksinə, bu gün daha böyük dəyər qazanır. Qəzetin arxivində qorunan hər bir məlumat, hər bir yazı akademikin elmi irsinin həmişəyaşarlığını bir daha sübut edir. Bu gün akademikin 120 illik yubileyi qeyd olunarkən “Şərq qapısı”nın səhifələrində yaşadılan xatirələr həm elmi yaddaşımıza, həm də milli kimliyimizə tutulan güzgüdür. Yusif Məmmədəliyevin adı isə bundan sonra da Azərbaycan elminin şərəf və qürur simvolu olaraq qalacaq.
Rafiq TƏHMƏZ
Digər xəbərlər