NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Sərhədsiz sərhəd şəhəri – Naxçıvan

...

Azərbaycanın qədim yaddaşını daşıyan, əsrlərin sərt sınaqlarından keçərək bu günümüzə qədər gələn, hər daşı tarix danışan bir diyar Şərqin qapısı, Zəngəzurun sinəsində qürurla ucalan şəhər – Naxçıvan. Bu qədim torpaq, coğrafi baxımdan sərhədin ən ucunda yerləşsə də, mənəvi gücü və mədəni irsi ilə sərhədsiz bir məkan təsiri bağışlayır. Tarixin hər qatına öz möhürünü vurmuş, daşında, torpağında, suyunda bir sirr, bir hikmət gəzdirən bu şəhər sanki sərhəd boyu deyil, əksinə, sərhədsiz ruhu ilə ucalır.

Sərhədsiz bir fəlsəfə

Naxçıvan – bir şəhərdən daha çox, bir fəlsəfədir. Sərhəddə deyil, zirvədədir. Çünki o yalnız coğrafi mövqeyi ilə deyil, həm də milli kimliyimizdə tutduğu yeri ilə yüksəklik rəmzidir. Əgər Azərbaycan bir dastandırsa, Naxçıvan onun müqəddiməsi, giriş sözüdür. Burada həm ulu babaların əfsanəsi, həm də bu günün dirçəliş nəfəsi yaşayır.Onun küçələrində gəzərkən insan həm qədim tarixin, həm də bu günün nəfəsini duyur. Əshabi-kəhf mağarasının sirli sükutu ilə Nuh Peyğəmbərin izlərini daşıyan əfsanələr, Möminə xatun məqbərəsindən süzülən memarlıq poetikası ilə Qarabağ qələbəsinin əzəməti – hamısı burada, bu torpaqda birləşir. Bu şəhər sərhəd tanımır, çünki sərhəd, sadəcə, xəritədədir. Bu torpaq təkcə təbiətin möcüzəsi deyil. Burada dağların əzəməti ilə yanaşı, insanların zəhməti də var. Zəmilərdən biçilən buğda, bağlardan yayılan meyvə qoxusu, Araz boyu uzanan ümidlər –bunlar hamısı Naxçıvanın həyat ritmidir. Naxçıvanın ruhu isə göy dağların arxasına keçir, Arazın o tayını da qucaqlayır. O, xalqımızın əzmini, dözümünü, sabaha inamını simvolizə edir.

Keçmişdən gələcəyə – Naxçıvanın dirçəlişi

Naxçıvan yalnız keçmiş deyil, həm də gələcəkdir. Yeni yollar, abad kəndlər, müasir məktəblər və xəstəxanalar bu torpağın dirçəlişini və inkişaf iradəsini göstərir. Hər nəfəs, hər baxış sənə deyir: “Mən buradayam. Mən Azərbaycanam”.  Naxçıvanın gücü təkcə coğrafiyada deyil, insanının iradəsində, zəhmətində, Vətən sevgisindədir. Bu şəhər hər zaman bir xəbərdarlıqdır: sərhəd torpaqda ola bilər, amma millətin ruhu heç vaxt məhdudlaşa bilməz.Və elə buna görə də Naxçıvan – sərhədsiz sərhəd şəhəridir.

Naxçıvan xəritədə sərhəd kimi görünür, amma ruhda sonsuzluğun başlanğıcıdır. Burada daş, sadəcə, daş deyil, əsrlərin yaddaşıdır. Su, sadəcə, su deyil, qədim dua pıçıltısıdır. Hava təkcə nəfəs deyil, əsrlərin dözümünü daşıyan bir ruhdur. Naxçıvan həm qala, həm məbəd, həm də nəğmədir. O, bir millətin sükut içində yazdığı ən gurultulu şeirdir. Və bu şeir hər misrasında bir həqiqəti deyir: Sərhəd torpaqda bitir, amma Vətən sevgisində heç vaxt! Naxçıvan – sərhədsiz sərhəd şəhəri həm qürur qalasıdır, həm də ümid çırağı. Onun hər daşı, hər məbədi, hər nəfəsi sanki pıçıltı ilə deyir: “Mən varam, mən yaşayıram, mən Azərbaycanam!”

Torpağın sərhədi olmur, ey insan,

O sərhəd, sadəcə, xəritədədir,

Yaşı bilinməyən qədim Naxçıvan–

O bu gün özü də bir xəritədir.

Günay HACIYEVA

Nəşr edilib : 01.09.2025 12:00