NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Sərgi-satışda təbii məhsullardan ibarət kolleksiya nümayiş olunur

...

Bir həftədir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış həyata keçirilir. Sərgidə iştirak edən müəlliflər sırasında ahıl vətəndaşlar və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alıb. Belə sərgi-satışların keçirilməsində əsas məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, onların yaradıcılıq potensialına imkanlar yaratmaqla yanaşı, ailə dəyərlərinin, çoxəsrlik adət-ənənələrin gənc nəsillərə aşılanması və yaşadılmasıdır. Belə tədbirlər həm də qadınların iqtisadi fəallığının artırılmasına, yerli istehsal və ekoloji təmiz məhsulların tanıdılmasına xidmət edir.

Sərgi-satışda diqqətimizi çəkən stendlərdən biri Şərur Rayon İcra Hakimiyyətinin təklifi ilə yaradılmış təbii məhsullardan ibarət guşə oldu. Burada Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin əməkdaşı Teyfə Qasımova öz əlləri ilə hazırladığı məhsulları təqdim edirdi. Teyfə xanım söhbət zamanı dedi: “Şərur Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu dəfə sərgi-satış yarmarkasında öz stendimlə iştirak etmək mənim üçün həm qürur, həm də böyük bir həyəcan idi. Stendimdə tamamilə təbii məhsullardan ibarət kolleksiyamı təqdim etdim. Bu məhsulların əsasını isə nazirliyin öz təsərrüfatında yetişdirilən lavanda bitkisi təşkil edir. Lavandadan distillə üsulu ilə saf yağ əldə edərək həmin yağı bir çox məhsulun tərkibinə daxil etmişəm”. Bunu da əlavə etdi ki, hazırladığı məhsullar arasında şamlar, sabunlar, masaj kremləri, üz üçün nəmləndirici və antiseptik toniklər, skrablar, həmçinin saç tökülməsinə qarşı mixək tərkibli spreylər yer alıb: “Hər biri təbiətin təmiz enerjisini və lavandanın sakitləşdirici təsirini özündə birləşdirir. Sərgidə təqdim etdiyim 100-ə yaxın məhsul həm yerli ziyarətçilər, həm də qonaqlar tərəfindən böyük maraqla qarşılanır. İnsanların məhsulları sevə-sevə seçməsi, təbii ətirləri duyaraq maraqlanması mənim üçün ən böyük mükafat idi. Satışlar da gözləntilərimdən artıq oldu. Bu, mənim üçün həm zəhmətə verilən dəyərin, həm də qadın əməyinə olan hörmətin göstəricisidir”.

Teyfə Qasımova gələcək planlarından da söz açaraq bildirdi ki, təbii məhsullarının çeşidini artırmaq və onları daha geniş auditoriyaya təqdim etmək niyyətindədir: “Məqsədim bu təbii məhsulları daha da təkmilləşdirib, Naxçıvan torpağının lavanda qoxulu hədiyyəsini daha çox insana tanıtmaqdır”.

Qeyd edək ki, satış yüksək səviyyədə təşkil olunub və artıq bir çox əl işləri öz alıcılarını tapıb. Ziyarətçilər bu cür sərgiləri həm zövq, həm də fayda baxımından yüksək dəyərləndirir, burada təqdim olunan hər bir məhsulda qadın zəhmətinin, yaradıcılıq ruhunun və təbiət sevgisinin izlərini görmək mümkündür. Diqqətə çatdıraq ki, sərgi-satış oktyabr ayının 25-də yekunlaşacaq.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 23.10.2025 19:11