NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Sən zəfərin ilk addımısan, sən qələbənin aprel günəşisən

...

Bir aprel səhəri… Naxçıvanın sərin mehi üzümə toxunur, amma bu meh mənə baharın gəlişindən çox, o şanlı aprel zəfərini xatırladır. İndi sənin hüzurundayam, şəhid leytenant Qabil Orucəliyev. Məzardan baxan o gənc, məğrur baxışlarının qarşısında dayanıb danışıram. Bilirəm, eşidirsən məni, çünki şəhidlər ölməzdir, sən isə bu torpağın nəfəsisən.

Sənə bir müjdə gətirmişəm, şəhid leytenant. Sinəni sipər etdiyin o torpaqlardan, uğrunda canını fəda etdiyin o uca dağlardan xəbərim var. Sən dördgünlük o mübarizədə bir məşəl yandırdın. O məşəl sönmədi, qardaşım. Sənin və silahdaşlarının açdığı o cığır böyük bir zəfər yoluna çevrildi. Sənin qanın tökülən o səngərlər bizimdir indi.

Bax, dinlə məni… 44 günlük o böyük savaşda sənin silahdaşların sənin ruhundan güc alan o gənc əsgərlər bir tarix yazdı. Ordumuz sənin qisasını qat-qat aldı. Sizin yarımçıq qalan arzularınız, o dördgünlük qəhrəmanlığınız 44 gündə “dəmir yumruq”la tamamlandı. İndi Şuşada, Cəbrayılda, Füzulidə sizin uğrunda can verdiyiniz bayrağımız dalğalanır. Sənin qoruduğun o sərhədlər artıq bütövdür. Qarabağ artıq azaddır, Qabil.

İndi o torpaqlarda uşaqlar qaçışır, qan qoxusu gələn dərələrdə indi bənövşələr, xarıbülbüllər açır. Sənin görmədiyin o bahar indi bütün Azərbaycana gəlib. Sən övladının üzünü görmədən, onun ətrini içinə çəkmədən bu zirvəyə ucaldın. Amma bil ki, təkcə sənin övladın yox, bu Vətənin bütün övladları sənin adını qürurla çəkir. Sən onlara azad bir Vətən, başıuca bir gələcək miras qoydun.

Səni son mənzilə yola salan o minlərlə insan hələ də o günü, sənin igidliyini danışır. 24 yaşlı gənc bir zabit kimi tarixə düşdün, amma əsrlərə sığmayacaq bir dastan buraxdın geridə. Sizin açdığınız o yol, göstərdiyiniz o rəşadət olmasaydı, bəlkə də, bu gün mən sənə bu zəfər müjdəsini verə bilməzdim.

Ruhun şad olsun, komandirim… Artıq torpaqlarımız düşmən tapdağında deyil. Sənin qanın yerdə qalmadı, sənin çəkdiyin əzab, göstərdiyin şücaət bu gün böyük bir zəfərin təməlində dayanır. Biz bu gün azadıqsa, bu gün Naxçıvandan Şuşaya boylana biliriksə, bu azad səmanın altında nəfəs alırıqsa, bu sənin və sənin kimi igidlərin sayəsindədir.

Sən bu millətin ümidi, bu xalqın qürurusan. Sən zəfərin ilk addımısan, sən qələbənin aprel günəşisən. Hansı ki qaranlıqdan sonra doğan, hər kəsə ümid verən, hər ürəyi isidən bir günəş…

Biz səni unutmadıq, unutmayacağıq. Sənin arzuların bizim yolumuza çevrildi, sənin başladığın mübarizə bizim qürur mənbəyimizə çevrildi. Bu gün biz azadıqsa, bu gün uşaqlar azad torpaqda böyüyürsə, bu sənin fədakarlığının ən böyük bəhrəsidir.

Rahat uyu, qəhrəman… Əmanətin olan bu Vətən artıq bütövdür, azaddır. Sənin uğrunda canını fəda etdiyin torpaq indi sənin adını yaşadır. Sən getdin, amma bizə bir millət kimi birləşməyi, qorxmamağı, mübarizə aparmağı öyrətdin.

          Elnurə CƏFƏROVA

Nəşr edilib : 03.04.2026 12:33