NAXÇIVAN :

09 May 2026, Şənbə

“Şəhərsalma və Memarlıq İli” bələdiyyə ərazilərinin planlaşdırılmasında müasir yanaşmalar

...

Şəhərsalma fəaliyyəti məskunlaşma sisteminin ərazi-məkan təşkilini, istehsal qüvvələrinin yerləşdirilməsini, tarixi irsin qorunmasını və müasir inkişaf strategiyalarını əhatə edən tarixi bir prosesdir. Bu proses uzunmüddətli inkişaf yolu keçmişdir. İlk sivilizasiyaların yaranmasının rüşeymləri ibtidai icma quruluşu dövründə qoyularaq sosial əlaqələrin möhkəmlənməsi, təbiətlə mübarizə fonunda insanların birləşərək birgə yaşama zərurətini doğurdu. Daha sonra insanların ovçuluq və yığıcılıqdan əkinçilik və maldarlığa keçidi daimi məskunlaşma zərurəti yaratdığından oturaq həyata keçid baş verdi. Bununla da istehsal təsərrüfatının əsası qoyuldu və bitkilərin becərilməsi, heyvanların əhliləşdirilməsi təbii mühitdən asılılığı azaldaraq daimi yaşayış məskənlərinin salınmasına şərait yaratdı. 
İnsanların oturaq həyat tərzinə keçməsi, sənətkarlıq və ticarətin formalaşması ilk şəhər mərkəzlərinin yaranmasına zəmin yaratdı. Əhalinin artması, idarəetmə ehtiyacının zəruri hala gəlməsi şəhər dövlətlərini formalaşdırırdı. Tarixin müəyyən zaman dilimlərində şəhərlər ticarət, incəsənət, dini, siyasi mərkəzlər kimi formalaşma, kütləvi köçlər və əhali artımlarının yaratdığı yeni ərazi ideyaları əsasında yaranan sosial nəticələr, sənaye zonalarının yaradılması, müharibələrin yaratdığı fəsadların aradan qaldırılması, funksional zonalaşma kimi mərhələlərdən keçərək dayanıqlı inkişafı üstün tutan, rəqəmsal texnologiyaları, insan mərkəzli planlaşdırma prinsiplərinə əsaslanan müasir şəhərsalma prosesini formalaşdırdı.
Ümumdünya Şəhər Forumu (WUF) davamlı urbanizasiya məsələlərini müzakirə edən, şəhər problemlərinə dair dünyanın qabaqcıl beynəlxalq platformasıdır. 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı tərəfindən dünyanın üzləşdiyi ən aktual problemlərdən biri olan sürətli urbanizasiyanın icmalara, şəhərlərə, iqtisadiyyatlara, iqlim dəyişikliyinə və siyasətə təsirini araşdırmaq üçün yaradılmışdır. Forum BMT tərəfindən iki ildən bir çağırılır və şəhərlərin davamlı inkişafı, mövcud problemlər və innovativ həll yolları barədə qlobal səviyyədə fikir mübadiləsi aparmaqdadır. Bu forum indiyədək Nayrobi, Barselona, Vankuver, Nankinq, Rio de Janeyro, Neapol, Medellin, Kuala Lumpur, Əbu Dabi, Katovitse, Qahirə kimi şəhərlərdə keçirilmişdir. Forumun 13-cü sessiyasının Bakıda təşkil olunması Azərbaycanın urban siyasətinə və şəhər infrastrukturuna beynəlxalq miqyasda töhfə verəcəkdir. 
Təsadüfi deyil ki, Azərbaycan təkcə enerji ixracatçısı və geosiyasi mərkəz kimi deyil, həm də dayanıqlı inkişaf, “ağıllı şəhər” modeli və müasir şəhərsalma yanaşmaları həyata keçirən ölkə kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan dövlətinin zəngin tarixi-mədəni irsinə verdiyi yüksək dəyərin və gələcəyə hesablanmış inkişaf strategiyasının ifadəsidir. WUF13-ün keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətində şəhərlərimizin və digər yaşayış məntəqələrimizin inkişafı, dayanıqlı həyat şəraitinin, sakinlərin rahat və sağlam həyat tərzinin təmin olunmasının daimi diqqət mərkəzində saxlanıldığı, şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunduğu və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyi qeyd edilmişdir.
Bu gün dövlət başçımızın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında miqyasına, keyfiyyətinə və sürətinə görə dünyada postmünaqişə dövrünün misli görünməyən və qabaqcıl şəhərsalma standartlarına uyğun kompleks yenidənqurma işləri uğurla həyata keçirilməkdədir. Xüsusilə son illərdə Qarabağda aparılan genişmiqyaslı yenidənqurma işləri Azərbaycanda urban siyasətinin praktiki səviyyədə uğurla tətbiq edildiyini sübut edir. Şuşa, Ağdam, Füzuli şəhərlərinin timsalında işğaldan azad edilmiş bölgələrdə aparılan quruculuq, memarlıq işləri Azərbaycanın gələcəyə yönəlmiş şəhərsalma modelinin real təzahürüdür.
Qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından əsas amillərdən biri kimi xüsusi əhəmiyyət kəsb etməkdədir. Şəhərlər sürətlə böyüyür və inkişaf edir, lakin bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır. Ölkəmizdə uzun illərdir, şəhər infrastrukturunun modernləşdirilməsi, ictimai məkanların bərpası və mədəni irsin qorunması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Azərbaycan öz inkişaf strategiyalarında şəhərsalmanı insan mərkəzli, ekoloji və iqtisadi cəhətdən dayanıqlı şəkildə formalaşdırmağı üstün tutur. Bu prosesin dayanıqlı xarakter almasında mülkiyyətçilərin torpağa münasibəti də kifayət qədər önəm daşımaqdadır. Torpağa mülkiyyət hüququ olan subyektlərdən biri kimi bələdiyyələrin bu sahədə müstəsna rolunu qeyd etmək lazımdır. Yerli özünüidarəetməni həyata keçirən qurumlar yerli vergi və ödənişləri müəyyən edərək bu vəsaitləri ərazinin inkişafına sərf edirlər. Yerli səviyyədə sosial müdafiə, mədəniyyət, idman və ekoloji proqramların hazırlanması və icrası bələdiyyələrin səlahiyyətinə daxildir. Bələdiyyələr xüsusən yaşayış məntəqələrinin abadlaşdırılması, yerli yolların təmiri, qəbiristanlıqların saxlanılması və məişət tullantılarının daşınması kimi kommunal xidmətlərin təşkilində rol oynayırlar. Bir sözlə, bələdiyyələr yerli əhəmiyyətli məsələləri icra edərək dövlət siyasətinin həyata keçirilməsinə töhfə verirlər.
Bələdiyyə mülkiyyətində olan torpaqların təyinatı üzrə yerli səviyyədə istifadə xüsusiyyətləri şəhərsalma siyasətində önəmli yer tutur. Yerli özünüidarəetmə orqanlarının fəaliyyəti şəhərsalma və tikinti üzrə insanların həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, şəhər, qəsəbə və kənd məntəqələrinin səmərəli planlaşdırılmasına, tikintisi və abadlaşdırılmasına, təsərrüfat və sosial infrastrukturun inkişafına yönəlmişdir. Bələdiyyələr şəhərsalma qərarlarında yerli sakinlərin ehtiyaclarını və şikayətlərini nəzərə alaraq vətəndaşlarla müzakirələr, dinləmələr aparmaq yolu ilə vətəndaşların da bu siyasətdə yaxından iştirakını təmin edir. Açıq idarəetmə, vətəndaş iştirakçılığı və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində irəli sürülən çağırışlar yerli özünüidarəetmə orqanlarının legitimliyini və bələdiyyələrə ictimai etimadı artırır.
Qeyd olunan məqamları nəzərə alaraq Ümumdünya Şəhər Forumunun bələdiyyələrin institusional və idarəetmə potensialının inkişafına mühüm töhfə verəcəyi qənaətinə gəlmək olar. Forum çərçivəsində aparılan müzakirələr, qəbul edilən tövsiyələr və formalaşan əməkdaşlıq şəbəkələri yerli özünüidarəetmə orqanlarının, o cümlədən bələdiyyələrin fəaliyyət istiqamətlərinə çoxşaxəli təsir göstərəcəkdir. İlk növbədə, forum beynəlxalq təcrübənin öyrənilməsi və müxtəlif ölkələrin yerli idarəetmə modellərinin müqayisəli təhlili nəticəsində bələdiyyələrin idarəetmə mexanizmlərini təkmilləşdirərək strateji planlaşdırma imkanı qazandıracaqdır. Bu isə qərar qəbuletmə prosesində daha sistemli və nəticəyönümlü yanaşmanın formalaşmasına şərait yaradacaq. 
İkinci növbədə, forum dayanıqlı inkişaf prinsiplərinin yerli səviyyədə tətbiqinə stimul verir. Şəhər mühitinin inklüzivliyi, ekoloji davamlılıq, iqlim dəyişmələrinə uyğunlaşma və sosial ədalət kimi məsələlərin müzakirəsi bələdiyyələrin fəaliyyət prioritetlərinin yenidən müəyyənləşdirilməsinə təsir göstərir. Nəticədə, yerli inkişaf strategiyaları qlobal gündəliklə uzlaşdırılır və daha kompleks yanaşma formalaşır. Həmçinin Ümumdünya Şəhər Forumu beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq imkanlarını genişləndirir. Bələdiyyələr digər ölkələrin yerli idarəetmə qurumları, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə birbaşa əlaqələr quraraq texniki yardım, investisiya və bilik mübadiləsi imkanlarından yararlana bilirlər. Bu isə yerli layihələrin maliyyələşdirilməsi və innovativ həllərin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Nəticə etibarilə, Ümumdünya Şəhər Forumu bələdiyyələrin fəaliyyətinə institusional, strateji və normativ səviyyələrdə təsir göstərərək onların idarəetmə keyfiyyətinin yüksəldilməsinə və dayanıqlı şəhərsalma mühitinin formalaşmasına mühüm töhfə verəcək. Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, forum yalnız müzakirə platforması deyil, həm də yerli idarəetmə sistemlərinin modernləşdirilməsinə xidmət edən təsirli qlobal mexanizm olacaqdır.

Billurə AXUNDZADƏ
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 
Bələdiyyələrlə iş şöbəsinin məsləhətçisi 

 

Nəşr edilib : 13.04.2026 12:40