NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

“Şəhərsalma və Memarlıq İli” Azərbaycanda şəhər mühitinin daha planlı şəkildə formalaşmasına töhfə verəcək

...

Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Sərəncam imzalayıb. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov Sərəncamla bağlı “Şərq qapısı”na açıqlamasında bildirib ki, Azərbaycanın çoxəsrlik şəhərsalma və memarlıq ənənələrinin dövlət səviyyəsində qiymətləndirilməsi və gələcəyə yönəlik inkişafının prioritet elan edilməsi böyük əhəmiyyət daşıyır: “Bu qərar, ümumilikdə, ölkə miqyasında olduğu kimi, qədim şəhərsalma mədəniyyətinə malik Naxçıvan üçün də xüsusi əhəmiyyət daşıyır. Minilliklər boyu formalaşmış Naxçıvan memarlıq məktəbi Azərbaycan şəhərsalma tarixinin ən parlaq səhifələrindən biridir. Azərbaycan şəhərsalma mədəniyyəti, memarlıq üslubları və tarixi abidələri xalqımızın dünyagörüşünü, estetik zövqünü və yaradıcılıq potensialını əks etdirən canlı tarixdir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu zəngin irsin cəmiyyətə daha dərindən təqdim olunması, gənc nəsildə milli memarlıq məktəbinə marağın artırılması və peşəkar mühitdə yeni ideyaların təşviqi üçün geniş imkanlar açılır. Eyni zamanda bu il müasir urbanizasiya prosesləri, dayanıqlı inkişaf, “yaşıl şəhər" konsepsiyaları və innovativ memarlıq həllərinin tətbiqi baxımından da mühüm hadisələrlə yadda qalacaq. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri, Şuşanın tarixi simasının dirçəldilməsi və regionlarda müasir yaşayış məkanlarının yaradılması Azərbaycanın şəhərsalma sahəsində mütərəqqi yanaşmasının bariz nümunəsidir. “Şəhərsalma və Memarlıq İli” milli kimliyimizin mühüm tərkib hissəsi olan memarlıq irsi ilə müasir inkişaf hədəflərinin vəhdətini təmin etməklə Azərbaycanın şəhər mühitinin daha planlı, estetik və insan mərkəzli şəkildə formalaşmasına töhfə verəcək. Bu tarixi əhəmiyyətli qərar ölkəmizin həm regionda, həm də beynəlxalq miqyasda dayanıqlı şəhərsalma sahəsində artan nüfuzunu bir daha nümayiş etdirir”. 
Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və memarlıq şöbəsinin müdiri Şəfəq Cəfərova bu Sərəncamın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhərsalma və memarlıq sahəsinə göstərilən ardıcıl diqqət və qayğısının bariz ifadəsi olduğunu qeyd edib: “Bu qərar yalnız memarlıq irsinin qorunmasına deyil, eyni zamanda müasir şəhər mühitinin elmi əsaslarla formalaşdırılmasına yönəlmiş strateji yanaşmanı əks etdirir. Prezident tərəfindən qəbul edilən bu mühüm qərar şəhərsalma fəaliyyətində milli dəyərlərin qorunması ilə müasir urbanistik prinsiplərin uzlaşdırılmasını, dayanıqlı inkişaf, funksional planlaşdırma və estetik bütövlük anlayışlarının praktik tətbiqini təşviq edir. Şəhər məkanının insan amilinə xidmət etməsi, tarixi irsin mühafizəsi və müasir memarlıq tələblərinin balanslaşdırılması bu siyasətin əsas prioritetlərindəndir”. 
Şəfəq Cəfərova vurğulayıb ki, zəngin və özünəməxsus memarlıq ənənələrinə malik Naxçıvan Muxtar Respublikasında bu yanaşma xüsusilə aktualdır. Möminə xatun türbəsi, qədim yaşayış məskənləri və formalaşmış şəhər mühiti Naxçıvan memarlığının dərin tarixi köklərə söykəndiyini nümayiş etdirir. “Şəhərsalma və Memarlıq İli" çərçivəsində Naxçıvanda aparılan və aparılacaq planlaşdırma və bərpa işləri tarixi memarlıq irsinin qorunması ilə müasir şəhərsalma baxışının ahəngdar vəhdətinə xidmət edəcəkdir.

Nəşr edilib : 22.12.2025 16:05