Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görü...
20:20 22.05.2025
0
0
0
NAXÇIVAN :
22 May 2025, Cümə axşamı
“Gecə yuxusu şirin olur”, – deyirlər, onlar üçün gecənin Ayı gündüzün Günəşi kimidir. Onlar şəhərimizin gecə sakinləridir. Əqrəblər gecə 12-ni göstərdikdə həyatın seyri onlar üçün dəyişir. Tanrının bəxş etdiyi rahatlığı bir kənara qoyub ruhən özləri ilə danışa-danışa işlərinə yollanırlar. Yollarda onlardan başqa heç kim olmur, ara-sıra avtomobillərin şəhərdəki səssizliyi pozması belə onların iç səslərində danışıqlarını dəyişmir. Qışın oğlan çağında gecənin səssiz əsən küləyi toz-dumanı ərşə qaldırır, şəhərin sükutunun sanki pozulmasını istərmiş kimi onları sınağa çəkir, ancaq səbirləri onları işlərindən etmir: yenə həmişəki kimi, Ayı Günəşə təhvil verəcəklər kimi işlərinə davam edirlər...
Sükuta qərq olmuş gecədə oyaq qalmaq istədik: onların bu həyata necə alışdıqlarına şahidlik etmək üçün. Binanın kiçik pəncərəsindən yalnız başlarında olan qara papaq görünürdü, yaxınlaşdıq. Təəccübləri gözlərindən oxunurdu, sanki gecənin sükutunu biz pozmuşuq kimi baxırdılar. Böyük otaqda işə hazırlaşırdılar, əyinlərində olan qalın gödəkcələr bu gecənin də soyuq olacağından xəbər verirdi. Salamlaşırıq, onlarla birlikdə gecə görəcəkləri işləri lentə alacağımızı deyirik. Bəzilərinin üzündən narahatlıq sezilir, sanki görünmələrini istəmirlər. Onlara “Bu şəhərin görünməz qəhrəmanları elə sizlərsiniz”, – deyirik, ara-bir qədər yumşalır. Paltarlarını geyinib, təmizlik ləvazimatlarını götürüb yavaş-yavaş binanı tərk edirlər. Hər kəs harada işləyəcəyini artıq bilir. “Hansı məhəllənin, hansı küçənin daha təmiz olduğunu bilirik”, – deyirlər. Sanki insanlardan şikayətlənirlər, onların təmizliyi qorumamasını hayqıraraq demək istəyirlər, hər gün eyni yerdə kimlərin bu şəhərə “düşmən” kəsildiyini bildiklərini büruzə verməyi arzulayırlar. Susurlar, nə qədər gündüzlər çirkləndirilsə də, bu şəhər, Ayın qürub çağında yerini Günəşə verdiyi anda onlar həmin yerləri təmiz edirlər.
...Araba səsləri sükutu bir qədər pozur. Fürsətdən istifadə edib söhbətləşməyə başlayırıq. Deyirlər, bu şəhər bizə ata-babalarımızın yadigarıdır, onu təmiz saxlamaq hər birimizin borcudur: “Bəzən bizə fərqli yöndə yanaşırlar, bu, əvvəllər bir az insana təsir edirdi. Axı bizim işimiz bu şəhərin təmizliyini qorumaqdır. Sonradan insan alışır, bəzən gözümüzün içinə baxa-baxa yeri zibilləyən insanlar olur. Buna heç vaxt sərt reaksiya vermirik, gülərək işimizi görürük, təmizləyirik. Bəlkə, ibrət ola...”
Vaqif Vəliyev uzun illərdir, Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsində çalışır. Deyir, qazancı buradandır, hər gecə şəhərin təmizliyi üçün ayrılmış əraziyə yollanır: “İlin bu aylarında havalar çox sərt keçir, hələ gecələr şaxta olur. Buna baxmayaraq, işimizi heç vaxt axsatmamışıq. Çalışdığım idarə tərəfindən payız-qış geyimləri ilə təmin olunmuşuq. İş saatlarımızda hər birimiz şəhərimizin təmizliyi üçün çalışırıq”.
“Gecə yuxusuzluğu ilə yanaşı, bu həm də zəhmət tələb edən peşədir”, – deyir Hüseyn Rəhimov: “Bir çoxları bundan utansa da, mən burada utanılası bir şeyin olduğunu düşünmürəm. Bir neçə ildir, bu idarədə çalışıram, qarlı-yağışlı, küləkli havanın olmasına baxmayaraq, hər kəs işinin öhdəsindən gəlib. Bəzən niyə bu işdə çalışdığımızı deyənlər olur, bizim işimiz şəhərimizin təmizliyini qorumaqdır, hər bir vətəndaş bunu edərsə, yəqin ki, bizim təmizləməyimizə də ehtiyac qalmaz (gülür)”.
Təmizlik işçiləri ilə həmsöhbət olarkən bizi narahat edən bir mənzərə ilə qarşılaşırıq: sanki insanlar küçələri bilərəkdən zibilləyir, tullantıları qablara yox, yerə atırlar. Bu anda yaranan mənzərə şəhəri çirkləndirməklə yanaşı, həm də təmizlik işçilərinin işini artırır. Elə onların da ən çox gileyləndiyi nüans budur: “Bu şəhəri sevirik, hamımızın yurdudur, elimizdir. Uzaqda olarkən bəzən naxçıvanlı birini görürük, az qalırıq boynuna sarılaq, Naxçıvanımız üçün darıxdığımıza görə. Buranı seviriksə, təmiz saxlamalıyıq, çirkləndirməməliyik. Gördüyünüz bu zəhmətkeş insanlar (əli ilə təmizlik işçilərini göstərir) bəzən əziyyətlərinin hədər getdiyindən heyifsilənirlər. Buna baxmayaraq, iş yoldaşlarımız canla-başla çalışır”.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin nəzdində olan Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin işçiləri günün 24 saatı 3 növbədə çalışırlar. Günün istənilən saatında “narıncı” paltarlı insanları şəhərdə görmək mümkündür. İdarənin 2 avtomobili isə dayanmadan şəhərdə toplanan tullantıları müəyyən olunmuş əraziyə daşıyır.
Havanın işıqlanmasına az qalır, hər kəs işini bitirib və gecənin qaranlığında toplaşdıqları məkana üz tuturlar. Çoxlarının gözündə yorğunluq hiss edilir, lakin gördükləri işdən sanki qürurlanırmış kimi deyib-gülürlər. Sabahı ürəklərində olan arzularla, ümidlərlə açırlar, hər gecənin bir sabahı var. Paltarlarını dəyişib, evlərinə yollanırlar – gündüzü olan gecənin yuxusunu almaq üçün...
Naxçıvanın bu qədər təmiz olmasının əsl səbəbkarlarıdır onlar, gecənin Ayında, gündüzün Günəşində yorulmadan fəaliyyətlərini davam etdirirlər. Hər səhər Günəşi doğduqda, hər gecə Ayın işıqlandırdığı şəhərdə əllərində araba küçələri süpürən bu insanların bir məqsədi var: təmiz şəhəri görmək. Onlar oyaq olarkən biz gecələri yatırıq, bizim təmiz şəhəri görməyimiz onların oyaq olmasının əsəridir. Bəs biz bu işdə onlara niyə kömək etmirik? Niyə tullantıları zibil qutularına yox, hara gəldi atırıq? Bəzən təmiz arzularımızı elə özümüz çirkləndiririk, təmizləyənlər isə məhz şəhərimizin gecə sakinləri olur...
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər