NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Şanlı Zəfərin Böyük Qayıdış salnaməsi

...

5 il bundan əvvəl hər şey, bəlkə də, əlçatmaz arzu kimi görünürdü bizə. 30 ilin həsrəti, qaçqınlıq həyatı, qaysaq bağlamamış Xocalı yarası üstümüzə qara bulud kimi çökmüşdü. Ta 2020-ci il 27 sentyabr tarixinə kimi... O gün Zəfər yürüşü arzularımızın səsi, susuzluqdan cadar bağlamış torpağın nəfəsi oldu. Müzəffər ordunun cəsur döyüşçüləri addım-addım, qarış-qarış o torpaqları düşmən tapdağından təmizlədi, üçrəngli bayrağımızın kölgəsində azadlığına qovuşmuş torpaqlar aydınlığa çıxdı. Xalq-dövlət-ordu birliyinin “dəmir yumruğ”a çevrilmiş gücü qarşısında Ermənistanın işğalçı ordusu diz çökdü.

5 ilin astanasında

Qazandığımız şanlı Zəfərin bu il 5-ci ildönümü tamam olur. Ötən beş ilin tarixi gedişatında mühüm hadisələrə şahidlik etdik. 2023-cü il antiterror əməliyyatı ilə Qarabağda erməni separatziminə son qoyuldu və Azərbaycan özünün beynəlxalq aləmdə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Torpaqlara qayıdış günləri tarixiləşdi: 17 oktyabr Füzuli şəhəri günü, 20 noyabr Ağdam şəhəri günü, 26 avqust Laçın şəhəri günü kimi. Bu tarixləri artıq böyük qürur hissi ilə qeyd edirik.

Ölkə başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası hazırda uğurla davam etdirilir. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirilir. Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək müəyyən edilmiş beş Milli Prioritetindən biridir. Proqramın birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq. Bu dövr ərzində 140 min köçkünün öz dədə-baba torpaqlarına qayıtması nəzərdə tutulub. Tarixi qələbədən sonra işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə tamamlanmaqda olan Zəngəzur dəhlizinin tikintisi işlərin miqyasını və əhatəliliyini göstərir. Sürətlə aparılan abadlıq-quruculuq işləri, salınan yollar, tikilən məktəb binaları, sosial obyektlər, köçürülən əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən layihələr düşmənin xarabaya çevirdiyi torpaqlara yeni həyat bəxş edir. Və övladlarımızın Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində təhsil alması görülən ən böyük işlər sırasındadır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına zəmin yaradıb. Hazırda bu bölgələrdə ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə, 40 mindən çox insan yaşayır.

“Elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq”

Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri bir sıra sosial obyektlərin açılışı, mühüm infrastruktur layihələrinin gerçəkləşdirilməsi, insanların öz el-obasına qayıdışı ilə əlamətdar olur. “Yadımdadır, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq”. Bu il martın 27-də Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında çıxış edən ölkə başçısının bu fikirlərini Ağdamın timsalında yenidən qurulan şəhərlərə, abadlaşan, gözəlləşən bütün yaşayış məntəqələrinə şamil etmək olar. 2022-ci ildə Böyük Qayıdışın ilk ünvanlarından olan Ağalıya köç zamanı da biz aparılan quruculuq işlərində müasir şəhərsalma standartlarının tətbiqinin şahidi olduq. “Ağıllı kənd” layihəsi üzrə görülən işlər göz oxşadı. Düşmənin xarabaya çevirdiyi Ağalının yerində gözəl, abad Ağalı ucaldı, bir də köç edən sakinlərin şən gülüşləri...

Bununla da böyük qayıdış digər yaşayış məntəqələrinə də öz töhfələrini verdi. Və bu proses davam etməkdədir.

Növbəti köç ünvanları

“Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq. Bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar”. Bu fikirləri ölkə başçısı İlham Əliyev martın 27-də Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında səsləndirib. Xatırladaq ki, cari ilin ötən dövrü ərzində ölkə başçısı Ağdam şəhərinə səfəri zamanı görülən genişmiqyaslı tikinti işləri ilə tanış olub, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib. Ölkə başçısının iştirakı ilə Xankəndi şəhərində Zəfər parkının təməli qoyulub. Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq zamanı ölkə başçısı kəndə köçən bir qrup sakinlə görüşüb, onların sevincinə şərik olub.

Mart ayında Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edən ölkə başçısı rayonun Həsənriz kəndinə köçən bir qrup sakinlə görüşüb, bayram tonqalını yandırıb.

            Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksi öz sakinlərini qarşılayıb. Quruculuğun növbəti ünvanı mədəniyyət beşiyi olan Şuşa olub. Tarixi Çöl Qala məscidi və bulağı bərpadan sonra istifadəyə verilib. Hazırda Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri öz axarı ilə davam edir. Planlı şəkildə həyata keçirilən bu tədbirlər nəticəsində şəhərlər, qəsəbə və kəndlər abadlaşır, sakinlərinin qayıdışı ilə canlanır.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində aprel ayının 21-i və 29-u tarixlərində Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə və Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanları yola salınıb. Aprelin 22-də doğma yurduna yola salınan köç karvanı isə Ağdərə rayonunun Həsənriz kəndinə istiqamətlənib. Bu mərhələdə respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 68 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib. Aprelin 28-də Xocalı şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.  

Vətən müharibəsində qazanılan zəfər torpaq həsrətimizə son qoydu. Böyük Qayıdışla qaçqın və məcburi köçkünlər həm öz doğma yurd yerlərinə qovuşdular, həm də rahat həyat şəraitinə. Məskunlaşan ailələr bu torpaqlara can verəcək. Evlərdə yandırılan hər işıq illərlə əsarətdə inləmiş torpaqlara günəş kimi doğacaq. Şanlı Zəfərin Böyük Qayıdış salnaməsində yazılan, insanların Vətəninə, dövlətinə, ordusuna minnətdarlıq duyğusu isə azad torpaqlarda böyüyən gənc nəsil üçün örnək olacaq. Düşmənin 30 ildə cəhənnəmə döndərdiyi bu torpaqlar qısa zamanda cənnətə çevriləcək. Həm də bütün dünyanın həsəd aparacağı cənnətə...

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 30.04.2025 14:52