Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
“Explore Azerbaijan with IDEA” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, eyni zamanda ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazasını yaratmaqdan ibarətdir.
Layihə çərçivəsində fotoqraf və videoqraf Saleh Baxşiyev Naxçıvanın zəngin flora və faunasının incəliklərini kəşf edərək onları kameranın yaddaşına köçürür. Biz də “Şərq qapısı” qəzeti olaraq Saleh Baxşiyevlə görüşüb həmsöhbət olduq. O bildirdi ki, təbiətə sevgisi hələ məktəb illərindən yaranıb: “Təbiətə sevgim elə məktəb illərindən, coğrafiyaya olan maraqdan başlayıb. Coğrafiya fənnini öyrənərkən heyvanlar aləmi, füsunkar təbiətimiz məni valeh edirdi. Düzünü desəm, haradan başladığını demək çətindir, amma uşaq yaşlarımdan təbiətə, sənədli filmlərə marağım böyük olub. Dünyada bu sahə ilə məşğul olan peşəkarları izləyirdim və düşünürdüm ki, bəlkə, bir gün mənim də belə imkanım olar. Və bir də baxdım ki, artıq bu işin içindəyəm. Bir neçə ildir ki, mən könüllü olaraq ölkəmizin təbiətinin gözəlliklərini lentə alıram və bu işi həmişə zövqlə görmüşəm. Bir gün öz sosial media səhifəmdə Zəngəzur Milli Parkından bəbirlərlə bağlı bir foto paylaşmışdım. Həmin şəkli Leyla xanım təsadüfən görmüşdü və bu foto onun çox xoşuna gəlmişdi. Bunun ardınca, IDEA İctimai Birliyi məni görüşə dəvət etdi. Bir müddət sonra IDEA İctimai Birliyi tərəfindən mənə təklif olundu ki, Azərbaycanın canlı aləminin zənginliyini yerli və beynəlxalq müstəvidə tanıtmaq, eyni zamanda multimedia bazasını yaratmaq üçün birgə layihəyə başlayaq. Əlbəttə ki, bu olduqca gözəl fikir idi və mən bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. Beləliklə, bir neçə ay sonra “Explore Azerbaijan with IDEA” layihəsi ərsəyə gəldi. Bu hekayə karyeramın ən sevindirici və qürurverici anı kimi yaddaşımda qalacaq. Fürsətdən istifadə edərək bu layihə barədə təşəbbüslə çıxış edən Leyla xanıma mənə göstərilən böyük etimada görə dərin minnətdarlığımı bildirirəm.
Leyla xanımın təbiətə, ekologiyaya olan sevgisi hər birimizə məlumdur. O bu sahədə çalışan insanların əməyini həm yerli, həm də qlobal müstəvidə daim dəstəkləyir, ətraf mühitin qorunması üçün böyük səylər göstərir".
Naxçıvana səfəri ilə bağlı danışan müsahibimiz qeyd etdi ki, “Explore Azerbaijan with IDEA” layihəsi çərçivəsində bir neçə gündür ki, burada çəkilişlər həyata keçirir. Əlavə edir: “Naxçıvanın təbiəti füsunkar gözəlliyə malikdir. Burada yarımsəhra ərazilər çox olsa da, səhrası da, dağı da, dənizi də olan Azərbaycanın hər bucağı kimi bu torpaq da özünəməxsus gözəlliyə sahibdir. Xüsusilə florası və faunası çox zəngindir. Hər dəfə bura gələndə elə bil, insan ayrılmaq istəmir. Elə bir an olmayıb ki, vaxtımı boş keçirim. Qısa, iki-üç həftəlik səfərlər mənim üçün kifayət etmir, sanki buradan doymaq olmur. Amma ən yaddaqalan an o olub ki, illərlə axtardığım bəbirə məhz Naxçıvanda rast gəlmişdim. Onu saatlarla izləmək, səsini eşitmək, görüntüsünü çəkmək mənim üçün inanılmaz bir hiss idi. Mən ekstremal şəraitdə sağ qalmaq bacarıqlarımı təkmilləşdirirəm, öz üzərimdə eksperimentlər aparıram. Vəhşi təbiət fotoqrafiyası ilə məşğul olduğum üçün çətinlik çəkmirəm. Hansı heyvanın nə qədər məsafədən müşahidə edilməli olduğunu, hansı dərəcədə yaxınlaşmaq lazım gəldiyini bilirəm. Çünki heç bir canlı səbəbsiz yerə insana hücum etmir. Əgər biz onun üçün təhdid yaratmırıqsa, o da bizə zərər vermir. Hətta ilanlarla bağlı paylaşımlarımda da qeyd etmişəm ki, onlar yalnız özlərini müdafiə etmək üçün hücum edirlər. Sadəcə, davranış qaydalarını bilmək kifayətdir”.
Saleh Baxşiyev üçün ən uğurlu kadr hədəfə alınmış bir tapşırığın yerinə yetirilməsidir: “Məsələn, bəbir mənim əsas hədəflərimdən biri idi. Bilirdim ki, bir gün onu görəcəyəm. Sadəcə, bu qədər yaxın məsafədən müşahidə edib səsini eşidəcəyimi təsəvvür etmirdim. Bu mənim üçün unudulmaz bir an idi”. O həmçinin qeyd edir ki, Naxçıvanda təbiətin mühafizəsi çox düzgün şəkildə təşkil olunub: “Buraya gəlməzdən əvvəl düşünürdülər ki, sadəcə, kameranı götürüb axtarıram, tapıram. Amma belə deyil. Mən hər zaman müvafiq xidmətlərlə əlaqə saxlayıram, onlarla məsləhətləşirəm. Bu işdə mənə düzgün istiqamət göstərdiklərinə görə Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dərin təşəkkürümü bildirirəm. Eləcə də Zəngəzur Milli Parkının rəhbərliyinə, həmçinin elmi işçi Samir müəllimə minnətdaram. Onunla görüşlər və müzakirələrdən sonra elə ərazilər seçdik ki, oradan əliboş qayıtmadım. Bu da onu göstərir ki, burada xidmət düzgün və peşəkar şəkildə qurulub. Samir müəllim mütəmadi olaraq ərazilərdə olur, heyvanların sayım və müşahidə işlərini aparır. Mən buradaykən belə, o daim ərazidə idi.
Sonda müsahibimiz əlavə edir: “Çalışıram ki, çəkdiyim kadrlarla Naxçıvan təbiətinin qorunduğunu bütün Azərbaycana və dünyaya göstərə bilim. Azərbaycan təbiəti çox zəngindir. Əgər biz bu qayğını birgə davam etdirsək, yaxın gələcəkdə istənilən canlı növünü yaxın məsafədən müşahidə edə biləcəyik. Mən dağ keçilərini beş metrdən görəndə heyrətə gəlmişdim. Gördüm ki, bu yalnız xarici ölkələrdə deyil, elə öz vətənimizdə də mümkündür. Mənim üçün isə Naxçıvan dağlarının əzəməti, mehriban insanları və nadir təbiəti ilə Azərbaycanın ən zəngin və təbiiliyini qorumuş bölgəsidir.
IDEA İctimai Birliyi ilə “Explore Azerbaijan with IDEA” komandası olaraq əlimizdən gələni edəcəyik ki, Azərbaycanın təkrarolunmaz flora və faunasını ən geniş auditoriyaya tanıdaq, onun qorunmasına və daha da gözəlləşməsinə töhfə verək”.
Qeyd edək ki, sosial media istifadəçiləri fotovideoqraf Saleh Baxşiyevin peşəkar obyektivi ilə Azərbaycanın flora və faunasının incəliklərini kəşf edərək ölkəmizin füsunkar təbiətinə daha yaxın ola biləcəklər.
“Explore Azerbaijan with IDEA” təkcə maarifləndirici layihə deyil, eyni zamanda təbiətimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır.
Layihənin rəsmi sosial media səhifələrini aşağıdakı linklər vasitəsilə davamlı izləyə bilərsiniz:
YouTube: https://www.youtube.com/@exploreAzerbaijanwithIDEA
Instagram: https://www.instagram.com/explore.aze
Facebook: https://www.facebook.com/explore.aze
Tiktok: tiktok.com/@explore.aze
Digər xəbərlər