Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Son illərdə həyat tərzimizdə baş verən dəyişikliklər, iş və sosial həyatın ritminin sürətlənməsi insanlarda yorğunluq hissini adi hala çevirib. Lakin nevroloqlar xəbərdarlıq edirlər ki,uzunmüddətli, səbəbsiz yorğunluq artıq ciddi tibbi problem, yəni xroniki yorğunluq sindromu ola bilər. Bu sindrom yalnız fiziki gücsüzlük deyil, həm də beyin fəaliyyətinə, emosional vəziyyətə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir.
Mövzunun aktuallığını nəzərə alaraq nevroloq Rafael Orucov ilə xroniki yorğunluğun səbəbləri, əlamətləri və qarşısının alınması yolları barədə söhbət etdik.
Müsahibimiz xroniki yorğunluq sindromunun mahiyyəti barədə danışaraq bildirdi: “Xroniki yorğunluq gündəlik fəaliyyətlərimizi ciddi şəkildə məhdudlaşdıran, ən azı altı ay və daha uzun müddət davam edən bir haldır. Bu yorğunluq adi istirahətlə və ya yuxu ilə aradan qalxmır, əksinə, zaman keçdikcə daha da güclənir və insanın həyat keyfiyyətinə mənfi təsir göstərir. Bu sindrom, sadəcə, fiziki gücün itməsi ilə məhdudlaşmır. Onu müşayiət edən başda ağırlıq, keyimə, sıxılma, oturub-durarkən başgicəllənmə, əzələ və oynaq ağrıları, yaddaş və diqqət zəifliyi kimi simptomlar olur. İnsan özünü daimxəstə kimi hiss edir, hətta qısa bir gəzinti və ya sadə ev işləri belə onu hədsiz dərəcədə yorur. Adi yorğunluqda isə vəziyyət fərqlidir, bir qədər yatmaq və istirahət etmək kifayətdir ki, insan özünü yaxşı hiss etsin. Amma xroniki yorğunluqda nə qədər istirahət etsən də, bu vəziyyətdən xilas ola bilmirsən”.
Xroniki yorğunluğu adi yorğunluqdan fərqləndirən cəhətlərə toxunan Rafael Orucovun sözlərinə görə, adiyorğunluq gün ərzində fiziki işdən, zehni yüklənmədən və ya yuxusuzluqdan qaynaqlanır və istirahətlə aradan qalxır. Xroniki yorğunluq isə fərqli səbəblərlə bağlıdır. Burada immun sistemindəki pozuntular, hormonal dəyişikliklər, keçirdiyimiz ağır infeksiyalar, uzunmüddətli stress mühüm rol oynayır. Bu səbəbdən də yorğunluq nə istirahətlə, nə də yuxu ilə keçmir. İnsan çox vaxt özü də başa düşür ki, bu, adi yorğunluq deyil. Çünki halsızlıqla yanaşı, baş ağrısı, başgicəllənmə, diqqət zəifliyi, əzələ və oynaq ağrıları da müşahidə olunur. Ən əsası isə bu vəziyyət müvəqqəti yox, uzunmüddətli olur və gündəlik həyat fəaliyyətini xeyli məhdudlaşdırır.
Xəstəliyin yaranma səbəblərinə diqqət çəkən müsahibimiz deyir ki, bu barədə tibbi yanaşma son illərdə dəyişib:“2015-ci ilə qədər xroniki yorğunluq sindromu, əsasən, psixo-sosial səbəblərlə əlaqələndirilirdi və daha çox psixoloji simptomların nəticəsi kimi qəbul edilirdi. Lakin aparılan yeni təsnifat göstərdi ki, bu sindromun yalnız psixoloji deyil, çoxsaylı orqanik səbəbləri də var. Uzunmüddətli və düzgün müalicə olunmayan sistemik xəstəliklər, ardıcıl ağır əməliyyatlar, vaxtında adekvat müalicə aparılmayan infeksiyalar, məsələn, qrip və ya son illərdə dünyanı bürümüş COVID-19 xəstəliyi orqanizmi zəiflədərək xroniki yorğunluq sindromuna səbəb ola bilər. Bununla yanaşı, qalxanabənzər vəzin zəif fəaliyyəti kimi endokrin pozuntular, immun sistemi xəstəlikləri, sinir sistemi problemləri də bu vəziyyətin inkişafında mühüm rol oynayır. Əlbəttə, psixo-emosional səbəbləri də unutmaq olmaz. Uzunmüddətli stress, depressiya və daimi gərginlik xroniki yorğunluğu dərinləşdirən əsas amillər sırasındadır”.
Həkim risk faktorları barədə də ətraflı məlumat verərək diqqətimizə çatdırır ki, bu xəstəliyin yaranma ehtimalı qadınlarda kişilərə nisbətən daha yüksəkdir. Xüsusilə 40-60 yaş aralığında olan şəxslər risk qrupuna daxildirlər. Həyat tərzi ilə bağlı faktorlar da çox önəmlidir. Stressin davamlı olması, psixoloji yüklənmələr, ağır fiziki fəaliyyət və orqanizmin gücünü tükəndirən iş rejimi sindromun meydana gəlməsinə şərait yaradır. Yəni bu, sadəcə, orqanizmin zəifliyi deyil, risk faktorları üst-üstə düşdükdə daha çox özünü göstərən bir vəziyyətdir.
Rafael həkim xəstəliyin müalicə yollarını da bizimlə bölüşdü: “Xroniki yorğunluq sindromundan qorunmaq üçün immun sistemini güclü saxlamaq lazımdır. Sağlam həyat tərzi, balanslı qidalanma, müntəzəm fiziki aktivlik, stressdən uzaq qalmaq çox vacibdir. Əgər allergik xəstəliklər mövcuddursa, mütləq mütəxəssisə müraciət etmək və allergik faktorlardan uzaq durmaq lazımdır. Qida gigiyenasına riayət etmək, orqanizmin ehtiyac duyduğu vitamin və mineralları vaxtında qəbul etmək də mühüm şərtlərdəndir. Müalicə isə universal bir formada aparılmır, sindromu əmələ gətirən səbəbdən asılı olaraq fərqli üsullar tətbiq olunur. Əgər problem immun sistemilə bağlıdırsa, immunoloji müalicə, endokrin pozuntudursa, hormonal terapiya, psixoloji amillərlə bağlıdırsa, psixoterapiya vacibdir. Yəni hər bir halda əsas məqsəd xəstəliyi əmələ gətirən kök səbəbi tapmaq və onu aradan qaldırmaqdır. Xroniki yorğunluq sadə yorğunluq kimi qəbul edilməməlidir. Bu, insanın həm fiziki, həm də psixoloji gücünü tükəndirən, həyat keyfiyyətini azaldan ciddi bir vəziyyətdir”.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə xroniki yorğunluq sindromu diaqnozu qoyulan insanların sayı 30 faiz artıb. Azərbaycanda isə dəqiq statistika aparılmasa da, nevroloqlar və terapevtlər bu problemdən şikayət edən pasiyentlərin son illərdə çoxaldığını bildirirlər.
Tədqiqatlar göstərir ki, bu sindrom qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gəlinir. Əsas yaş qrupu isə 25-45 arasıdır.
Xroniki yorğunluq sindromu, sadəcə “Yorğunam” demək deyil, həyat keyfiyyətini ciddi şəkildə azaldan, bəzən uzunmüddətli müalicə tələb edən bir problemdir. Nevroloq Rafael Orucovun da dediyi kimi bu halı vaxtında müəyyən edib tədbir görmək çox vacibdir. Çünki insan bədəni yalnız müəyyən müddət dözümlü qala bilər, daha sonra həm psixoloji, həm də fiziki zədələnmələr qaçılmaz olur.Unutmayaq ki,daha çox işləmək yox, daha balanslı yaşamaq bizi sağlam saxlayır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər