NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Sağlamlıq: itirdikdən sonra dəyərini anladığımız sərvət

...

İnsan həyatının ən böyük sərvəti nə puldur, nə daş-qaş, nə də nüfuzdur. Əsl sərvət sağlamlıqdır. Amma çox vaxt biz onun dəyərini gündəlik həyatın tələsi içində dərk etmirik. Sağlamlıq bəzən, sadəcə, varlığı ilə diqqət çəkməz; o, sakitcə həyatımıza axar, hər addımımızı, hər nəfəsimizi asanlaşdırar. Biz onun varlığını yalnız itirəndə anlayırıq. Günlər keçir, aylar ötür, illər bir-birinə qarışır və biz “yaşayıram” deyə-deyə, əslində, tükənirik. Heç dayanıb özümüzə baxırıqmı? Özümüzü soruşuruqmu: “Mən, həqiqətən, yaxşıyam?”

Hər ilin 7 aprel tarixi “Ümumdünya Sağlamlıq Günü” kimi qeyd olunur. Amma bu sadəcə, təqvimdə qeyd olunan bir gün deyil. Bu, insanın özünə səslənişidir. Sakit, amma təsirli bir çağırış: dayan və özünü unutma. Biz çox şeyi təxirə salırıq. Dincəlməyi, özümüzə vaxt ayırmağı, həkimə getməyi, bir az yavaşlamağı… Həmişə bir bəhanə tapırıq: vaxtım yoxdur, keçər, indi yox. Amma həyat gözləmir. Bədən isə daha səbirli olsa da, sonsuz deyil. Sən heç bədəninin səssizcə kömək istədiyini hiss etmisən? Səbəbsiz yorğunluq, səbəbsiz əsəb, gecələr rahat yata bilməmək, kiçik ağrıların get-gedə böyüməsi… Bunlar təsadüf deyil. Bunlar bədənin sənə dediyi sözlərdir. Amma biz o sözləri eşitmirik. Eşitmək istəmirik. Çünki dayanmaqdan qorxuruq. Amma bir həqiqət var: sən dayanmasan, həyat səni dayandıracaq. Sağlamlıq elə bir sərvətdir ki, o əldən gedəndə geri qaytarmaq bəzən mümkün olmur. O zaman nə pul kömək edir, nə də gecikmiş peşmanlıq. Sadəcə, bir arzu qalır: Kaş vaxtında özümə diqqət edərdim. Ən ağırı isə insanın öz ağrısı deyil. Ən ağırı sevdiklərinin gözündəki narahatlığı görməkdir. Bir ananın uşağının üzündəki halsızlığı görməsi, bir uşağın anasının yorğun gözlərinə baxması… Bunlar sözlə ifadə olunmayan hisslərdir. Sağlamlıq təkcə bir insanın deyil, bir ailənin taleyidir. Biz uşaqlara hər şeyi öyrətməyə çalışırıq: oxumağı, yazmağı, davranmağı. Amma bəzən ən vacibini unuduruq: sağlam yaşamağı. Halbuki bir uşağın gələcəyi onun bu gün qazandığı vərdişlərdən başlayır. Onu qorumaq, sağlam böyütmək, sadəcə, valideyn borcu deyil, vicdan məsuliyyətidir. Unutmamalıyıq ki, sağlamlıq yalnız dərman deyil. O bizim seçimlərimizdə və gündəlik həyatımızdadır. Vaxtında yatmaqda, təmiz havada gəzməkdə, əsəblərini qorumaqda, “yox” deməyi bacarmaqda, özünə dəyər verməkdədir.

Beləliklə, sağlamlıq yalnız bir sərvət deyil, o, həyatın özü, hər anın dəyəridir. Onu qorumaq, qiymətləndirmək və sevgi ilə yanaşmaq, hər nəfəsin, hər gülüşün, hər sadə anın nə qədər qiymətli olduğunu xatırladır. İtirilmiş sağlamlıq dərsdir, amma qorunan sağlamlıq həyatın ən böyük hədiyyəsidir. Unutmayaq: pul və mal-mülk hər şeyi gətirə bilər, amma sağlamlıq gətirməz. Həyatın xoşbəxtliyi, sevdiklərimizlə paylaşılan anlar, sakit bir nəfəs bunlar heç bir zənginliklə ölçülə bilməz. Bir gün hər şey səssizcə dəyişə bilər və sən o zaman anlayacaqsan ki, ən böyük arzu, sadəcə, sağlam qalmaq imiş.  Bu həqiqəti gec deyil, indi qəbul et.  Özünü qoru, çünki sənin yoxluğunda heç nə əvvəlki kimi olmayacaq.  Həyat səni gözləməz, sən özünü gözlətmə.

Günay HACIYEVA

Nəşr edilib : 07.04.2026 09:00