Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Son illərdə sağlam qidalanma, detoks və fitnes anlayışları cəmiyyət arasında geniş yayılıb. Sosial şəbəkələrdə bu mövzuda onlarla səhifə fəaliyyət göstərir, hər kəs bir şəkildə “sağlam həyat tərzi”ni təbliğ edir. Lakin bu artımın səbəbi nədir, insanların bu səhifələrə marağı nədən qaynaqlanır? Məsələyə bu sahənin mütəxəssisi, həkim-nutrisioloq Vəfa Əsgərli aydınlıq gətirir.
Vəfa xanım bildirir ki, sağlam qidalanma və detoks proqramlarına marağın artması təsadüfi deyil: “Əlbəttə ki, bunun əsas səbəblərindən biri xəstəliklərin, piylənmənin, insulin dirəncinin və tip 2 diabet xəstəliklərinin artmasıdır. Hazırda 10 nəfərdən 8-də tip 2 diabet ilə bağlı müəyyən problemlər üzə çıxır. Bütün bu problemlərin artması insanların sağlamlığına daha çox diqqət etməsinə səbəb olur. İnsanlar artıq öz dərdlərinə özləri çarə tapmağa çalışırlar. Buna görə də sağlam qidalanmaya, fitnes səhifələrinə maraq artır. Çünki bilirik ki, sağlam bədəndə sağlam ruh olar. Bir mütəxəssis kimi idmana marağın artması məni sevindirir, amma bütün bunlar düzgün və savadlı şəkildə aparılmalıdır.
Detoksun özü bədənin toksinlərdən təmizlənməsi proqramıdır. Amma bu hər hansı bir mütəxəssisin nəzarəti və ya tövsiyəsi olmadan həyata keçirilərsə, əksinə, qaraciyərə və orqanizmə daha çox zərər vura bilər. Ona görə də detoks, fitnes və sağlam qidalanma səhifələrinin çoxalması zərərli deyil, amma bunları savadlı və düzgün istifadə etmək lazımdır. Bu səhifələri idarə edənlərin hansı sahənin mütəxəssisi olduğunu da bilmək vacibdir”.
Mütəxəssis insanların sosial mediada paylaşılan məlumatlara kor-koranə inanmasının təhlükəli olduğunu qeyd edir: “İnsanlar xəstələnəndə dərdinə çarə axtarır və müxtəlif səhifələrə üz tutur. Lakin bu səhifələrin hamısı etibarlı sayılmır. Bəzilərini həkim olmayan şəxslər müəllim, mühəndis, psixoloq və ya hüquqşünas idarə edir. Onlar tibbi biliklərə malik olmadıqları üçün səhv və zərərli məlumatlar paylaşırlar”.
Dietoloq insanların bəzən problemlərinə laqeyd yanaşdığını da vurğulayır: “Biz sağlam olanda sağlamlığımızın qədrini bilmirik. Ta ki xəstələnib yatağa düşənə qədər... Məsələn, əvvəlcə insulin dirənci yaranır, qanda insulin səviyyəsi yüksəlir, qarın və bel nahiyəsində piylənmə baş verir. Hormon pozğunluğu əhvali-ruhiyyəyə də təsir edir. Lipid mübadiləsində pozğunluq yaranır, qaraciyər fəaliyyətində də dəyişikliklər olur. Biz bu əlamətləri çox vaxt gözardı edirik. Bu zaman qanda şəkər səviyyəsi yüksələrək tip 2 diabetə çevrilir. Həmin anda artıq “həyəcan təbili” çalınır. Halbuki bu xəbərdarlıq ilk mərhələdə, insulin səviyyəsi yüksəldiyi zaman edilməlidir. Təəssüf ki, bizdə insanlar həyəcan təbilini yalnız problem ağırlaşanda çalır. Və bu zaman da çıxış yolu axtararaq müxtəlif səhifələrə, mənbələrə üz tuturlar”.
Vəfa Əsgərlinin sözlərinə görə, sağlam qidalanma səhifələrinin çoxalması zərərli deyil, əksinə, maarifləndirici ola bilər. Sadəcə, izləyicilər paylaşım edən şəxsin kimliyinə diqqət etməlidirlər: “Mən bir mütəxəssis kimi deyə bilərəm ki, elə səhifələr var ki, xarici həkimlər, nutritioloqlar, dietoloqlar, məsələn, türklər, ruslar sağlam qidalanma anlayışı ilə bağlı məlumatlar paylaşırlar. Mən özüm də o səhifələrə ara-sıra baxıram. Bəzi vaxtlar çox gözəl məsləhətlər çıxır insanın qarşısına, amma bəzən də belə yanlış məlumatlar paylaşılır.
Çünki qidalanmadan, insan orqanizmindən, normal fiziologiyadan, patoloji fiziologiyadan, yəni həkimlikdən xəbəri olmayan insanlar bəzən bu “sağlam qidalanma” adlandırılan səhifələri idarə edirlər və əlbəttə ki, yanlış, yalan məlumatlar paylaşırlar. Bu da biliksizlikdən irəli gəlir. Amma fikrimcə, bu səhifələrin populyarlaşmasının xeyrindən başqa ziyanı yoxdur. Dediyim kimi, öyrənmək lazımdır ki, bu səhifədə məlumat verən insan həkimdir, yoxsa həkim deyil? Nutrisiologiya insan orqanizmi ilə qida arasında olan əlaqəni öyrənir. Bilinməlidir ki, bu mütəxəssis insan orqanizmi haqqında məlumata sahibdirmi, ya yox?
“YouTube”da, “Instagram”da, “TikTok”da, “Facebook”da hər kəs qidalanma və sağlamlıq haqqında öz fikrini yaza bilər. Çünki sosial şəbəkələrdə bunu yazmağa hər kəsin hüququ var. Amma bəzən görürsən ki, yazan həkim deyil. Yəni tibbi sahədə heç bir məlumatı yoxdur, amma tibbi anlayışlar, tibbi məlumatlar paylaşır. Ona görə də baxmaq lazımdır ki, bu səhifələrdə bu məlumatları paylaşan kimlərdir? Və həmin o paylaşılan məlumatların elmi əsası var, yoxsa yox?
Əgər səhifəni idarə edən şəxs həkim, dietoloq və ya nutrisioloqdursa, onun dedikləri daha etibarlı sayılır. Amma tibbi savadı olmayan insanların tövsiyələri orqanizmə zərər verə bilər.
Belə bir deyim var: “Əsl həkim odur ki, xəstəni sağaltmasa da, onun sağlamlığına zərər vurmasın”.
O, qidanın yalnız enerji və doyum mənbəyi deyil, həm də orqanizm üçün “informasiya” daşıyıcısı olduğunu vurğulayır: “Əslində, elementar qida insan orqanizmi üçün “yeyib doymaq” üçün deyil. Qida insan orqanizmi üçün informasiya mənbəyidir. Yəni o bizim orqanlarımıza siqnal ötürür. Nutrisiologiya insan orqanizmi ilə qidanın arasında olan əlaqəni öyrənir. Ona görə də biz qidaya yalnız yemək və ya süfrənin bəzəyi kimi baxmamalıyıq”.
Həkim-nutrisioloq, həmçinin qısa zamanda arıqlamağa söz verən pəhrizlərə də tənqidi yanaşır: “3 günə 5 kilo arıqlamaq” kimi vədlər real deyil. Mənim xəstələrimdən bəziləri sağlam şəkildə bir həftədə 5 kilo çəki itirib, amma bu, balanslı qidalanma və fiziki aktivlik sayəsində baş verib. Sağlam qidalanma aclıq yox, düzgün və keyfiyyətli qidalanmadır”.
Vəfa xanım fiziki aktivliyin vacibliyindən də danışır: “Fiziki aktivlik dedikdə təkcə zalda idman etmək nəzərdə tutulmur. Təmiz havada gəzmək həm bədən, həm də ruh üçün faydalıdır. Oksigen orqanizmdə katalizator rolunu oynayır, maddələr mübadiləsini sürətləndirir. Təmiz havada bir saatlıq gəzinti bəzən qapalı məkanda iki saatlıq məşqdən daha faydalıdır. Çünki təmiz havada gəzəndə qapalı məkanlarda olduğu kimi nəfəs darlığı və narahatlıq yaranmır. Əgər biz qapalı məkanda bir saat idman ediriksə və iki saat özümüzə enerji yükləyiriksə, təmiz havada bir saat gəzməklə həmin enerjini daha səmərəli şəkildə sərf etmiş oluruq. Çünki açıq havada oksigen maddələr mübadiləsini sürətləndirir və orqanizmin fəaliyyətinə müsbət təsir göstərir”.
O, sonda insanlara düzgün qidalanma və sağlam həyat tərzi ilə bağlı tövsiyəsini belə ifadə edir: “Mən deyərdim ki, insanlar gündə iki-üç saat təmiz havada gəzməyə çalışsınlar. Eyni zamanda qidalanmalarına ciddi fikir versinlər. Yeməklər səhər, günorta və axşam olsun. Yemək arası fasilələr isə 4-5 saat təşkil etsin. Ara yeməklərdə “atışdırma”dan uzaq dursunlar.
İbn Sina deyib ki, “İnsan orqanizmi üçün ən ağır şey yeməyin üstünə yenidən yemək yeməkdir”. Sağlam yaşamaq istəyən insan həm qidalanmasına, həm də gündəlik hərəkətinə diqqət etməlidir. Azərbaycan xalqına xəstəlikdən uzaq, rifahlı və sağlam ömür arzulayıram.”
Elnurə CƏFƏROVA
Digər xəbərlər