NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ruhu sarsılmaz xalqın canlı yaddaşıyam

...

Məni tanıyırsınız? Mən o qırmızı çiçəyəm ki, bir zamanlar adım sevinc, ətrim xoşbəxtlik idi. Məni bahar müjdəçisi kimi pəncərə önlərinə qoyardılar, sevgililər bir-birinə uzadanda ləçəklərim utandığından bir az da qızarardı. Toy masalarının bəzəyi, bəxtəvər gəlinlərin ağappaq libasındakı yeganə rəng mən idim. O vaxtlar mənim üçün qırmızı, sadəcə, bir rəng idi, bir taleyin möhürü yox... 1990-cı ilin o yanvar gecəsinə qədər.
O gecə şəhərin üzərinə çökmüş qaranlıq adi bir gecəyə bənzəmirdi. Şəhər sanki nəfəsini udub baş verəcək qiyaməti gözləyirdi. Sonra birdən sükut param-parça oldu. Göyləri məhv edən güllə işıqları, küçələri lərzəyə gətirən o ağır, soyuq tank səsləri... Mən o an vitrinlərin arxasında, çiçək dükanlarının şüşələrində donub qalmışdım. Gördüm... Əliyalın insanların polad divarlara qarşı necə bir inamla yeridiyini gördüm. Tanklar körpə fidanları biçəndə, mərmi səsləri ana fəryadlarını boğanda, mənim də ləçəklərim bir-bir sarsıldı. O gecə mən təkcə çiçək,  təkcə bəzək idim,  amma  insanlar bir millətin şərəf dastanını öz canları ilə yazırdılar.
Səhər açıldı... Amma o sabah heç bir sabaha bənzəmirdi. Günəş doğmağa utanırdı sanki. İnsanlar küçələrə axışdılar. Amma bu dəfə əllərində bayram sovqatı deyil, məni daşıyırdılar. Məni topladılar, qucaq-qucaq dəniz kənarına, Azadlıq meydanına, o qanlı asfaltın üzərinə səpdilər. Tankların keçdiyi o dəhşətli yollara məni elə düzdülər ki, elə bil, yer özü yaralanmışdı və mən o yaranın qanı idim.
O an ləçəklərim mənə ağır gəldi... Şəhid qanı ilə suvarılmaq nə deməkdir, bilirsinizmi? İsti qan yarpaqlarıma toxunanda mən artıq bitki olmağımdan əl çəkdim. Mən o gün bir millətin fəryadı oldum. Mən o gün şəhidlərin sızlayan ruhuna büründüm. O gündən sonra məni heç kim xoşbəxtlik üçün dərmədi. Mən toyların yox, matəm xiyabanlarının daimi sakini oldum. Məni hər görəndə insanların boğazı düyünləndi, məni hər görəndə anaların göz yaşları yarpaqlarımın üzərinə yağış kimi yağdı.
Mənə həmin gündən “matəm çiçəyi” dedilər. Amma yox! Mən matəm deyiləm! Mən o tankların altında əzilməyən iradənin rəmziyəm. Mən arzuları yarımçıq qalan o gənc İlhamın cəsarətiyəm, mən həyat yoldaşının arxasınca canını fəda edən Fərizənin sədaqətiyəm. Mən bu torpağa  bir toxum kimi deyil, bir azadlıq ağacı kimi dəfn olunan o igidlərin cənnətdəki ətriyəm.
İndi hər il yanvar ayı gələndə mənim bağrım başdan-başa yenidən qan ağlayır. Şəhidlər xiyabanının o soyuq, lal mərmərlərinə uzanıram. Gecələr ulduzlarla pıçıldaşırıq, o məzarlarda yatan qəhrəmanların yarımçıq qalmış arzularını bir-bir yuxularına daşıyıram. Mənə baxanda təkcə kədər görməyin, qürur görün! Çünki mən o gecə günahsız insanların tökülən müqəddəs qanından rəng alıb, bu gün başınız üzərində dalğalanan o üçrəngli bayrağın qırmızısına çevrildim.
Mən qərənfiləm... Ruhu sarsılmaz bir xalqın canlı yaddaşıyam. Məni hər zaman o  şanlı  gecənin şahidi, azadlığın isə sönməyən çırağı kimi qəlbinizdə bəsləyin. 

Elnurə CƏFƏROVA

Nəşr edilib : 20.01.2026 21:45