Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bu həftə 16 yaşlı gənc rəssam Hökümə Seyidli həyatında unudulmaz bir an yaşadı. Onun ilk sərgisi təqdim olundu və ziyarətçiləri valeh etdi. Fırçaların toxunuşu ilə yaranmış təbiət mənzərələri, gəncliyin enerjisini əks etdirən portretlər və ruhun dərinliyindən gələn abstrakt əsərlər hər baxışda bir hekayə danışırdı. Sərgi, sadəcə, vizual zövq vermirdi o, gəncliyin arzularını, ailəyə və torpağa bağlılıq hissini, həmçinin azadlıq və ümid ideallarını əks etdirirdi. Hər rəngin titrəyişi tamaşaçı qəlbinə toxunur, hər detal isə gənc rəssamın parlaq istedadının xəbərçisi idi. İlk sərgi onun üçün yalnız bir başlanğıc deyil, həm də Azərbaycan incəsənətinə təqdim olunacaq parlaq bir yolun başlanğıcıdır. Biz gənc rəssam Hökümə Seyidli ilə söhbət edərək yaradıcılığı, ilham mənbələri və gələcək planları haqqında danışdıq.
– Rəsm sənətinə marağınız necə başladı?
– Uşaqlıqdan rənglərə qarşı xüsusi marağım var idi. O vaxtlar qələmlər və boyalar mənim üçün oyuncaqları da, amma böyüdükcə başa düşdüm ki, bu sadəcə, oyun deyil. Qələmi əlimə alanda hər dəfə ağ vərəq mənim üçün bir dünya açır.
Əsasən, hansı texnikalar və üslublarla işləməyi sevirsiniz?
– Ən çox mənzərə, təbiət, natürmort ilə bağlı əsərlər çəkirəm. Mənim üçün gözəllik yalnız zahiri deyil, daxili aləmin də ifadəsidir. Ona görə də rəsmlərimdə işıq, kölgə və simvolik elementlər çox yer tutur.
İlk sərgini keçirəndə hansı hissləri yaşadın?
– İlk sərgim mənim üçün həm həyəcan, həm də böyük sevinc idi. Çünki uzun müddət çəkib yalnız özümün gördüyüm əsərlər ilk dəfə başqalarının da baxışına çıxırdı. Əvvəlcə böyük bir məsuliyyət hiss edirdim; görəsən, tamaşaçılar rəsmlərimdə nələri görəcək, mənim demək istədiklərimi anlayacaqlarmı? Açılış günü zalda insanların əsərlərimin qarşısında dayanıb fikir yürütməsi, bəzilərinin heyranlıqla baxması mənə böyük motivasiya verdi. Həmin an başa düşdüm ki, rəssamlıq, sadəcə, şəxsi maraq deyil, həm də insanlarla ünsiyyət vasitəsidir. İlk sərgi mənim üçün özümü cəmiyyətə təqdim etmək, həm də sənət yolunda daha inamlı addımlamaq üçün böyük bir təcrübə oldu. O gündən sonra başa düşdüm ki, hər əsər yalnız kətanda qalmır, insanların yaddaşında və qəlbində də iz buraxır.
Daha çox hansı rəssamlardan ilhamlanırsan?
– İlk öncə öz müəllimim Əli Səfərli həm öyrədənim, həm də ilham aldığım bir rəssamdır. Dünya rəssamlarından Van Qoqu və Salvador Dalini çox sevirəm. Azərbaycan rəssamlarından isə Səttar Bəhlulzadənin əsərləri mənim üçün böyük məktəbdir. Onların əsərlərindəki ruhu görmək mənə ilham verir.
Ailən və müəllimlərin səni necə dəstəkləyir?
– Onların sevgisi və dəstəyi olmasa, bəlkə də, bu qədər irəliləyə bilməzdim. Valideynlərim hər anımda yanımda olur, müəllimlərim isə məni istiqamətləndirir. Mənə güvəndikləri üçün onlara minnətdaram.
Gələcək planların nələrdir?
– Mənim gələcək planlarım bircə cümlə ilə məhdudlaşmır. Rəssamlıq mənim üçün, sadəcə, peşə deyil, həyatıma rəng qatan sənətdir. Buna görə də özümü bu sahədə daha dərindən inkişaf etdirmək, peşəkar təhsil almaq istəyirəm. Arzum gələcəkdə də rəssamlıq sənətimi davam etdirib daha böyük uğurlara imza atmaq, dünyaca tanınmış rəssamların işlərini yaxından görməkdir.
16 yaşlı gənc rəssamın cavabları bir həqiqəti təsdiqləyir: istedadın nə vaxt üzə çıxacağı bilinmir, amma ortaya çıxdığı an onun qarşısını almaq mümkün deyil. Bu yaşda fırçanı əlinə alıb dünyanı rənglərin dili ilə danışdırmaq, insanlara duyğularını, düşüncələrini çatdırmaq, sadəcə, bacarıq deyil, həm də bir missiyadır. Onun rəsmlərində təbiətin nəfəsi, insanın daxili aləmi, gələcəyə ümid işığı var.Hər bir əsəri sanki bir səsdir – “Məni duy”, – deyir. Bu gənc istedad öz rəsmləri ilə həm yaşıdlarına, həm də böyüklərə bir mesaj verir: xəyallarınızı qoruyun, hisslərinizi boğmayın, özünüzü ifadə etməkdən çəkinməyin. Çünki sənət insanın içindəki ən saf hisslərin, ən səmimi düşüncələrin ifadəsidir. Onun yolunun başlanğıcı indi Naxçıvandan keçir, amma bu yolun sərhədləri yoxdur. Çünki sənət sərhəd tanımır. Sabah o, öz əsərləri ilə təkcə Azərbaycanın deyil, dünyanın tanınmış qalereyalarında çıxış edə bilər. Və o gün gəldikdə biz hamımız qürurla deyəcəyik: “Bu istedad bizim torpağımızdan, bizim gəncliyimizdən doğdu”. Bu gün isə qarşısında uzun bir yol, rənglərlə dolu bir ömür dayanır. Gənc rəssamın hər yeni əsəri onun həyatının bir səhifəsi olacaq, biz isə həmin səhifələrin şahidi. Və ən əsası, onun fırçası ilə yaratdığı hər bir əsərdə gəncliyin cəsarəti, ümidin gücü, yaradıcılığın gözəlliyi yaşayacaq.
Günay HACIYEVA
Digər xəbərlər